Bakının “zibili çıxmış” problemi: bəlkə dövlət bu sahədən tədricən çəkilsin?


Bakı şəhərində məişət tullantıların toplanması və emalı sahəsində illər əvvəl hökm sürən acınacaqlı mənzərə yaxşılığa doğru dəyişib. Ən azından Balaxanıdakı zibil “dağı” artıq mövcud deyil, dövlət investisiyası hesabına tikilən müasir zavodda tullantılar emal edilir.

Bununla belə paytaxtın ətraf qəsəbə və kəndlərində qeyri-leqal zibilliklər hələ də qalmaqdadır. O cümlədən paytaxt küçələrində və ətraf qəsəbələrdə zibil qutularının sayının məhdudluğu problemi də mövcuddur. Başqa sözlə, zibil məsələsinin “zibilini çıxardan” xeyli nöqsanlar, problemlər hələ də qalır. Bunlardan biri də tullantıların toplanması və daşınması problemidir.

...Yəqin ki, çoxları şəhərin küçələrində üstü açıq yük maşınlarında məişət tullantılarının daşınmasının şahidi olub. O cümlədən icra hakimiyyətləri orqanlarının balansında olan xüsusi texnika ilə məişət tullantılarının daşınmasında da ürəkaçan mənzərə yoxdur. Belə texnika bir qayda olaraq ağzınadək dolur, nəticədə konteynerinin qapağı açıq qalır və oradan küçələrə zibillərin tökülməsi halları baş verir, yaxud üfunət iyi ətrafa yayılır.

Tullantıların dolub daşan zibil qutularından vaxtında daşınmaması barədə şikayətlərə isə hər addımda rast gəlmək olar.  Məsələn, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsində yerləşən Dendrapark (“Pitomnik”) ərazisində bir neçə zibil yeşiyi qoyulsa da oradan tullantıları vaxtlı-vaxtında daşımaq yada düşmür.

Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində isə tullantıların toplanması üçün zibil qutuları qoyulmadığından sakinlər ya zibili həyətində yandırır, ya da işə gedərkən avtomobilə qoyub getdikləri yerə aparırlar.  Binə qəsəbəsində də sakinlər zibillərin yığılması və daşınması ilə bağlı acınacaqlı vəziyyətin hökm sürdüyünü deyirlər. Biləcəri, Sulutəpə, Xocahəsən, Lökbatan ərazisində yeni salınan yaşayış massivlərində isə sakinlər zibilləri qazıb basdırmaq üsulunu tətbiq edir.

Bəllidir ki, tullantıların toplanması və daşınması yerli icra hakimiyyətlərinin nəzdindəki Mənzil-Kommunal istismar Sahələri (MKİS) , çox az hallarda isə bələdiyyələr tərəfindən həyata keçirilir. Hansı ki, Avropada, inkişaf etmiş ölkələrdə dövlət çoxdan zibil işindən çəkilib. Bu işi özəl şirkətlər görür və nəticəsi də budur ki, Avropa ölkələrinin bir çoxu tullantıları hətta ixrac edirlər, bundan qazanc götürürlər.

Məsələn, İsveçdə hökumət məişət tullantılarının utilizasiyası ilə bağlı məsələni elə nizamlayıb  ki, ölkədə zibil qıtlığı yaranıb. Məcbur olub xarici ölkələrdən zibil almalı olublar.

Bu ölkədə çoxdandır ki, bütün tullantılar və yanacaq təkrar emal olunur. Məsələn, plastik materiallar 7 dəfə təkrar emal oluna bilir və bundan sonra da yanacaq kimi elektrik stansiyasına göndərilir.

Dünyanın ən təmiz ölkələrindən sayılan İsveçrədə isə 2000-ci ildən zibil poliqonlarına qadağa qoyulub. Tullantıların təxminən 60 faizi təkrar emal olunur. Almaniyada tullantıların idarə olunması prosesinə 90-cı illərin sonlarından başlanılıb. Ölkənin hər yerində plastik və metal bankaları qəbul edən aparatlar görmək olar. Bu məhsulların qablaşdırma dəyəri malın qiymətinə daxil edilir və tara təhvili zamanı qabın dəyəri müştəriyə qaytarır. Almaniyada da zibillərin çeşidlənməsi təkrar emal zavoduna qədər həyata keçirilir.

Yaponiyada da məişət tullantılarının kateqoriyalar üzrə çeşidlənməsi insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Əhali sıxlığı yüksək olan bu ölkədə tullantılar mükəmməl şəkildə idarə olunur - evlərdə şüşə, kağız, karton, plastik, metal qutular, istifadə olunmuş mətbəx əşyaları, lampaları, batareyalar və hətta keramika məhsulları da ayrıca yığılır. Bu ölkədə bütün tullantıların 46 faizi təkrar emal olunur. Üstəlik, PET şüşələrinin 85% -dən çoxu təkrar istifadə olunur.

Yəqin çoxlarının yadındadır ki,  90-cı illərdə Bakı Şəhər İcra Hakimiyyəti tullantıların yığılması, emalını özəl şirkətə həvalə  etməyə cəhd göstərmişdi və  bu məqsədlə Almaniya şirkəti ilə müqavilə bağlamışdı. Lakin şirkət ölkədə bir müddət işlədikdən sonra çıxıb getdi.

Hazırda paytaxtda zibillərin böyük bir hissəsi “Təmiz Şəhər” ASC-nin Balaxanıda yerləşən Məişət Tullantılarının Çeşidlənməsi və Yandırılması zavodlarına daşınır və orada emal olunur. Amma bu heç də paytaxtın bütün məişət tullantılarını əhatə eləmir.

Tullantıların daşınmasına görə hər il dövlət büdcəsindən yüz milyon manatdan çox vəsait xərclənir. Bu vəsaitlər yerli icra hakimiyyətlərinə ayrılır və onlar da öz növbəsində vəsaitləri zibilliklərin daşınması üçün Mənzil-Kommunal Departamentinə yönəldirlər. Əslində bələdiyyələrin  tullantıları daşımaq səlahiyyəti olsa da, digər səlahiyyətlər kimi bu da bələdiyyələrdən “mənimsənilib”. Dövlət büdcəsindən ayrılan pullardan onlara pay düşmür.

Bakı Şəhər İcra Hakimiyyətlinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İsrafil Kərimovun virtualaz.org-a bildirdiyinə görə, ölkə ərazisində yalnız Binəqədi rayonunda bir neçə qəsəbədə bələdiyyə tərəfindən tullantıların daşınması həyata keçirilir. Əhalinin məişət tullantıları MKİS, müxtəlif təyinatlı obyektlərdən çıxan tullantılar isə özəl şirkətlər vasitəsilə daşınır. 

“Xarici ölkələrdə zibil daşınmasını bələdiyyələr həyata keçirirlər. Bizdə bir neçə bələdiyyə bu işi icra edir. Məsələn, Binəqədi rayonunda bir neçə qəsəbədə bələdiyyələr tullantıların daşınmasını təmin edirlər. Amma şəhərin digər ərazilərində Mənzil-Kommunal İstismar Sahələri əhali ilə müqavilə bağlayır, zibil pulunu toplayır və daşınmanı təmin edirlər. Zibil maşınları səhər tezdən və qrafik üzrə tullantıları daşıyır və həm də ərazi təmizlənir”, - İ. Kərimov deyir.

İ. Kərimovun sözlərinə görə, hazırda Nərimanov rayonunda tullantıların yığışdırılması ilə bağlı eksperiment aparılır. Zibil çeşidlənərək toplanır: “İki rəngdə yaşıl və narıncı zibil qutuları qoyulub. Yaşıl konteynerlərə ümumi zibillər atılır. Narıncı konteynerlərə təkrar emala gedəcək tullantılar yığılır. İkinci konteynerdən zibillər Nərimanov rayonunda çeşidlənmə mərkəzinə gedir və təmizlənib zavoda göndərilir. Bu ilin sonunadək ekspertiment davam edəcək və sonra yəqin ki, digər rayonları da əhatə edəcək”.

İ.Kərimov əlavə edir ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda bir dənə də olsun zibilliyin qalmamasına çalışır. Şəhərin mərkəzində sıxlığı nəzərə alaraq zibilləri səhər-axşam daşıyırlar. Mərkəzdən kənar ərazilərdə isə qrafiklə  dolan kimi daşınır.

İ. Kərimovun sözlərinə görə, növbəti mərhələdə Nərimanov rayonunda eksperiment kimi zibil yeşiklərinə çip yerləşdiriləcək. Zibil konteyneri dolanda mərkəzə məlumat ötürüləcək.

Bütün bu işlər əlbətdə ki, şəhər icra hakimiyyətinin dövlət büdcəsindən aldığı vəsaitlər hesabına görülür. Hansı ki, inkişaf etmiş ölkələrin praktikası tullantıların yığılıb daşınmasını, emalını əslində gəlirli biznesə çevirməyə imkan verir. Hətta bir çox ölkələrdə zibil işində o qədər böyük gəlirlər var ki, mütəşəkkil cinayətkar qruplaşmalar bu sahəni nəzarətə götürmək üçün bir-birləri ilə müharibə edirlər.

Deməli Azərbaycanda da dövlət bu sahəni özəl biznes üçün açmalı, icra hakimiyyəti orqanları büdcə pulları hesabına bu işi görməkdən (qeyd etmək lazımdır ki, büdcə vəsaitləri hesabına tullantıların yığılması və daşınması bir qayda olaraq korrupsiya ilə müşaiyət olunur) tədricən çəkilməli və ixtisaslaşmış xarici şirkətlər cəlb edilməli, yaxud yerli biznes özü bu işə girişməlidir. Dövlətin bu sahədəki rolu isə ekoloji monitorinqi həyata keçirməkdən ibarət olmalıdır.

Tullantıların yığılması, daşınması və təkrar emalının əslində gəlirli biznes olduğuna görə özəl şirkətlər bu sahədə güclü rəqabət yarada və nəticədə həm ətraf mühitin qorunması, həm natəmizlik problemi həllini tapar.

Tarix: 27-09-2019, 21:03
Xəbəri paylaş





Xəbər lenti