Bakının qədim tarixini yaşadan İçərişəhər paytaxt qonaqlarının də çox sevdiyi məkandır.
Amma bura təkcə gəzmək üçün yox, həm də əntiq və vintaj əşyalar almaq istəyənlər üçün yaxşı yerdir. Artıq yay fəsli arxada qalıb, təbii olaraq Bakının qonaqlarının da sayı azalıb, elə İçərişəhəri gəzənlərin də...
Cebhe.info-nun əməkdaşı bu günlərdə qonaqları azalan İçərişəhəri gəzib.
Müşahidələr göstərib ki, alıcısı əsasən xarici ölkə vətəndaşları olan bu əşyaları ara-sıra azərbaycanlı müştəriləri də olur. Amma qeyd etdiyimiz kimi, ara-sıra. Satıcılarla söhbət göstərdi ki, hazırda alıcılıq qabiliyyəti azalsa da, hələ də xırda əşyalar alınır. Satıcıların “maqnit” adlandırdığı, üzərində Bakının tarixi abidələrini əks etdirən bu xırda əşyalar ən çox satılanlardandır. Onu almaq üçün mütləq turist olmağa da gərək yoxdur, çünki qiymət münasibdir.
1000 manatlıq xəncəri bizə niyə göstərmədilər?
“Bir manatdan 1000 manatadək qiyməti olan əşyalar satırıq”, - deyə İçərişəhərin qədim sandıqlar olan ərazisində satıcı Kamal bəy deyir. Sözlərinə görə, satışda 1 manatlıq maqnit əşyalardan tutmuş 1000 manat qiyməti olan xəncərə qədər çox şey var. Xəncərin bir üzü qızıl suyu, digər üzü gümüş suyu ilə işlənib. Amma satıcı min manatlıq xəncərin fotosunu çəkməyə icazə vermir, görünür, dəyərli əşyanı potensial müştəridən başqa kimsənin görməsini arzulamır. Düşər-düşməzi olar...
Böyük adamların xırda “sevgisi”
Müştərilərin milli mənsubiyyəti və alıcılıq qabiliyyəti ilə maraqlanırıq. Müştərilərin ən çox əcnəbi vətəndaşlar olduğunu deyən satıcı yerli sakinlərin nadir hallarda nəsə aldığını bildirdi. Əcnəbilər də çox məsələdə bizimkilərdən geri qalmır. Onlar da əsasən, xırda əşyalara, Bakını xatırladan suvenirlərə üstünlük verirlər. Amma bizlərdən fərqli başqa səbəbləri də var. Bu əşyaların ölçüsü və yüngüllüyü onların ölkədən aparılmasına daha çox imkan verir.
Türkiyədən gəlib Bakıda qiymətə mindi
Bəzi əşyaların qiyməti ilə tək-tək maraqlandıq. Əgər siz İçərişəhərdən əl işi qələm almaq istəsəniz, yerindən asılı olaraq 2-4 manat aralığında pul ödəməniz lazım gələcək. Əgər siz əl işi olan bir çarıq almaq istəsəniz, 40 manatdan keçməlisiniz. Satıcının sözlərinə görə, bu çarıqların özəlliyi üstünün ipək, altının isə dəri ilə işlənməsidir. Türkiyədən gətirilmiş “lülə daşı”ndan hazırlanmış qəlyan 200 AZN-dir. Mozaika işləmə olan digər qəlyanı isə daha ucuz - 65 manata almaq olar. Böyük keramik boşqablar 170 manata təklif olunur. Qəbzəsi xüsusi daşlarla işlənmiş xəncər isə 450 manatdır. Minalı iş hesab olunan müxtəlif formalı keramik qabların qiyməti 60-100 AZN arasında dəyişir. Müxtəlif materiallı papaqların qiyməti ilə tanış olduq. Qoyun və dağkeçisi dərisindən hazırlanmış papaqların qiymət fərqi var. Belə ki, qoyun dərisindən hazırlanmış papaq 45 manat, dağkeçisi dərisindən hazırlanmış papaq isə azı 65 manatdır. Qədim pul əskinasları tarixindən asılı olaraq 2-4 AZN arasında dəyişir.
Neft burada da qazandırır
İçərişəhərdə ən çox diqqət çəkən əşyalar neftlə işlənmiş rəsmlərdir. Qiymətləri 30 manatdan başlayır. Deyilənə görə, turistlər bu işlərə maraq göstərirlər, hətta ərəblər belə. Deyəsən, neftin əsas məkanı olan ərəb ölkələrində “qara qızıl” ancaq pul mənbəyi olaraq qalır, hələ sənətə çevrilməyib...
“İçərişəhər restoranlarında “şot” verən ərəblər...”
Satıcılar deyir ki, alıcıların sayı ən çox mart ayında olur. Buna səbəb yəqin ki, məhz mart ayında Novruz bayramı ilə bağlı Azərbaycana ərəb ölkələri, İrandan gələn turistlərin sayının artması, İçərişəhərdə bayram mərasimlərinin keçirilməsidir. Hazırda isə alıcılar çox həddən artıq azdır. Amma hər an hər şey dəyişə bilər. Satıcılar da məhz buna ümid bəsləyərək gözləyirlər. Onların dediyinə görə, bəzən qəfildən alıcılıq qabiliyyəti yüksəlir:
“Ən çox yazda, mart ayında alıcılar olur. Bunun da səbəbi Novruz bayramında turist axınının olması ilə əlaqəlidir”.
Alıcılara gəlincə, Bakıda ərəb ölkələrindən gələnlər gözümüzə daha tez-tez dəymələrinə rəğmən, onları İçərişəhərin əsas ziyarətçisi hesab etmək olmaz. Elə satıcılardan biri də belə deyir:
“Onlar İçərişəhərə əsasən restoranlara görə gəlirlər. Tarixlə maraqlanan yoxdur, olanlar da bizə çatanda xəsislik edir. Bir restoranda verdikləri “şotun” 1 faizini burada xərcləmək istəmirlər”.
Əli Bədir