“Azəristiliktəchizat”la daha bir soyuq qışa... – Qurum hələ də borcun içindədir



bitmap-img6




Qış qapının ağzını kəsdirib, paytaxtın və ölkənin istilik sistemində problemlər yenə gündəmdədir. Əhalinin əsas ümid yeri olan mərkəzləşdirilmiş istilik sistemi isə hələ də nəinki müasir standartlara cavab vermir, hətta köhnədən qalma problemlər qalmaqdadır. Sistemi idarə edən "Azəristiliktəchizat” ASC borcun içindədir. 

Qurumun mavi yanacağa olan borcunun məbləği ildən-ilə şişir. "Azəriqaz” İB-nin rəsmi yaydığı məlumatda bildirilir ki, "Azəristiliktəchizat” ASC ilə bu il iyulun 26-da imzalanan razılaşma protokolunda iyulun 1-i tarixinə təbii qazdan istifadəyə görə "Azəriqaz” İB-yə olan borc qalığı 33 mln. 525 min 480 manat göstərilib: 

"Oktyabr ayının 1-nə istifadə edilən qaza görə debitor borc isə 28 mln. 913 min 497 manat təşkil edir. Bu ilin 9 ayı üçün hesablanan borc 21 mln.429 min 129 manatdır. Bu günə qədər borc öhdəlikləri 19,11% yerinə yetirilib”. 

Qurum rəsmisi rahatdır, amma...


"Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Qaynarinfo-ya bu borcun vətəndaşlara problem yaratmayacağını desə də, əvvəlki illərin təcrübəsi göstərir ki, iki qurum arasında yaranan borc qalmaqalı sonda istehlakçıların istiliksiz qalmasına səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 №-li Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 6.1.4. bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz təminatı dayandırıla bilər. Bu, o deməkdir ki, "Azəriqaz” İB istənilən vaxt "Azəristiliktəchizat”ın qazanxanalarına verilən qazı dayandıra bilər. 

"Azəristiliktəchizat”ın rəsmi məlumatında göstərilir ki, hazırda Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3850 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1600-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Araşdırmalar göstərir ki, yeni binalardan yalnız bir qismi mərkəzləşmiş özəl qazanxana sisteminə malikdir. Bəzi binalarda isə ümumiyyətlə, daxili istilik sistemi quraşdırılmayıb. Buna görə də payızda fərdi şəkildə kombi sistemi quraşdıran sakinlərin sayı sürətlə artır. Orta seqment kombinin qiyməti kənar qurğu və avadanlıqlarla birlikdə 1100 manatı ötür, çəkilən aylıq xərc isə 60-80 manat arasında dəyişir. 

Mərkəzləşmiş sistemdən istilik alanlar isə yalnız mənzildaxili istilik borularını çəkməklə sistemə qoşulmağa hazır olurlar. Aylıq xərcləri isə fərdi kombi sahiblərindən 10-12 dəfə azdır. Müqayisə üçün deyək ki, 80 kvadrat metrlik mənzilin isidilməsi üçün "Azəristiliktəchizat”a ödənilən vəsait aylıq 6 man 30 qəpik təşkil edir. 

Prezident və Hesablama Palatası: Rəqəmlər şişirdilib


Bir neçə gün əvvəl ilin 9 ayının iqtisadi yekunlarına həsr olunmuş müşavirədə prezident İlham Əliyev dövlət qurumlarının rəqəmləri şişirtdiyini bildirdi: 

"Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək üçün bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsin və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edər, maaşların, pensiyaların artırılmasına imkan yaradar və şəffaflığı təmin edə bilərik”.

Hesablama Palatasının cəmi iki il əvvəl "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətini əks etdirən audit nəticəsi yuxarıda qeyd edilən fikirlərin bu quruma da şamil olunduğunu deməyə əsas verir. Həmin auditlə ümumilikdə 51202,7 min manat məbləğində vəsait əhatə olunub. Məlum olub ki, Cəmiyyət tərəfindən proqnozların tərtibi zamanı əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərci, mal-material ehtiyatlarının anbar qalıqları müvafiq proqnozlaşdırmalarda nəzərə alınmayıb: 

"Cəmiyyətin öz istehsalı olan istilik enerjisinə çəkilən xərclərin artırılması hesabına subsidiya artıq proqnozlaşdırılıb, dövlətin investisiya vəsaitləri hesabına əvəzsiz alınmış əsas vəsaitlərinin amortizasiya ayırmaları, kənardan alınan istilik enerjisinin istehlakçılara çatdırılması ilə bağlı təchizat xərcləri və kənar təşkilatların qazanxanaları üzrə xidmət xərcləri Cəmiyyətin öz istehsalı olan istilik enerjisinin plan maya dəyərinə daxil edilərək zərər artıq proqnozlaşdırılıb. Anbarda qalığı olan malların təkrar alınması nəticəsində zəruri olmayan xərcə vəsait yönəldilərək səmərəsiz xərcə yol verilib, qarşıdakı il və növbəti illər üzrə büdcə vəsaitinə təlabatın müəyyən edilməsi üçün hər bir istehlakçı qrupu və xidmət növü üzrə satılacaq istilik enerjisinin və isti suyun kalkulyasiya obyektləri üzrə məhsul vahidinin (1 m2 yaşayış sahəsi, 1 m3 isidilən həcm və 1 m3 isti su) istehsal və satış maya dəyəri müəyyən edilməyib və Cəmiyyətin əsas fəaliyyəti üzrə zərəri hər bir istehlakçı qrupu və xidmət növü üzrə bölüşdürülməyib.

Dövlət büdcəsindən ayrılan vəsaitdən (subsidiyadan) istifadə zamanı lüzumsuz xərclərə yol verilib, xərclər müvafiq sənədlərlə təsdiqlənmədiyi halda təhtəlhesab şəxslərin hesabından vəsait silinib, nəqliyyat vasitələri və aqreqatlara artıq yanacaq sərf edilib, regional istismar sahələrinin rəislərinə nəqliyyat xərclərinə görə verilən vəsaitin xərclənməsinə dair müvafiq sənədlər mərkəzi mühasibatlığa təqdim edilməyib, kənar təşkilatların qazanxanalarına xidmət xərcləri, istilik elektrik mərkəzlərindən alınan istilik enerjisinin dəyəri və həmin enerjinin istehlakçılara çatdırılmasına görə təchizat xərcləri subsidiya məqsədləri üçün zərərin hesablanmasında istehsal xərclərinin tərkibinə aid edilib”. 

Bütün bunlar deməyə əsas verir ki, ölkənin mərkəzləşdirilmiş istilik sisteminə cavabdeh olan qurumun qış aylarında əlində bayraq etdiyi borc məsələsi əslində bəhanədir, səbəb deyil. Görünən odur ki, "Azəristiliktəchizat” marağında olsaydı, o borcu çoxdan ödəyə bilərdi. 

Problem bütün qurumlarda var 


İqtisadçı ekspert Nazim Bəydəmirlinin sözlərinə görə, əslində ölkədə kommunal xidmət göstərən qurumların hamısında problemlər var: 

"Hamı bilir ki, mərkəzləşdirilmiş istilik sistemindən istifadə olunduqda istiliyin maya dəyəri kifayət qədər aşağı düşür. Çoxmənzilli binların mərkəzləşdirilmiş istilik sisteminə qoşulması doğru qərar idi. Düzdür, qazanxanalara və magistral boru xətlərinə kifayət qədər vəsait ayrılıb. Problem ondadır ki, bu qurumların xərcləri üzərində nəzarət yoxdur. Əslində Mənzil Məcəlləsi ilə də müəyyən olunub, mənzil mülkiyyətçiləri istilik sisteminə qoşulub-qoşulmamağı özləri müəyyən etməlidirlər. Yeni binalarda bu, çox asan həll olunub, müqavilə bağlanıb, aldıqlarını birbaşa ödəyirlər. Ancaq köhnə binalarda mərkəzləşdirilmiş istilik sistemlərinə nə sayğac qoymaq, nə də onu individuallaşdırmaq mümkündür. Problem də mövcud mənzil istismar sahəsi (JEK) sisteminin hələ də qalması idi. Müxtəlif problemləri həll etmək üçün mütləq hər hansı bir qurum lazım idi. Amma dediyim kimi, yeni Mənzil Məcəlləsi imkan verir ki, hətta köhnə binalarda da mənzil mülkiyyətçiləri toplaşsınlar və binanın idarə edilməsilə bağlı ictimai qurum yaratsınlar. Həmin qurum vəsaitlərin toplanmasına, təchizata, sahələrin təmiz saxlanmasına, təmirinə nəzarət edə bilər. Bu, ictimai əsaslarla olmalıdır, etimad göstərilən bir şəxs hesabat aparmalıdır. Ona görə də mən hesab edirəm ki, yeni qurumların yaradılmasından daha çox mövcud qanunvericiliyin imkan verdiyi şəraitdə idarəetmənin prinsiplərini daha da təkmilləşdirmək lazımdır. Qurumların adını dəyişdirməklə, birləşdirməklə, daha çox qurum yaratmaqla problem həll olunmur. Daha çox ictimai nəzarət, vətəndaşların özlərinin nəzarətini daha çox stimullaşdırmaqla bu tipli problemlərin öhdəsindən gəlmək mümkündür”.

Qaynarinfo.az

Tarix: 30-10-2019, 17:39
Xəbəri paylaş





Xəbər lenti