“Xalq Bank” şəhid ailəsinin mənzilini müsadirə elətdirib - Fotolar

“Xalq Bank” şəhid ailəsinin mənzilini müsadirə elətdirib

1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuş Şaban Cəfərovun ailə üzvülərinə məxsus mənzil müsadirə olunub. Bunu şəhidin qızı, Mingəçevir şəhər sakini Nərminə Cəfərova bildirib.

Siam.az  Moderator.az-a istinadla xəbər verir ki, cəfərovlar ailəsi 1994-cü ildə Prezident Heydər Əliyevin göstərişi ilə mənzillə təmin olunub. Amma 20 il sonra alisənin üzləşdiyi problem onlara məxsus mənzilin müsadirə olunması ilə nəticələnib.

Nərminə Cəfərova deyir ki, anasının cərrahi əməliyyatı ilə əlaqədar 2014-cü ilin avqust ayında Mingəçevir şəhərindəki mənzillərini “Xalq Bank”a girov qoyaraq, 14802 manat kredit götürüb. İmzalanmış müqavilədə isə götürülən vəsait dollarla yazılıb:

“Mən də müqaviləni oxumadan pulu götürdüm. Birinci ay krediti ödəməyə gedəndə gördüm ki, dollarladır”.

“Xalq Bank” şəhid ailəsinin mənzilini müsadirə elətdirib

Bundan sona Cəfərova “Xalq Bank”ın əməkdaşlarından bunun səbəbini soruşub:

“Dedim ki, mən ayda 500 AZN maaş alıram, dolların məzənnəsi qalxarsa, krediti ödəyə bilməyəcəyəm. Dedilər ki, narahat olma, siz şəhid ailəsisiniz, dolların məzənnəsi qalxsa da, düşsə də, sizə aidiyyatı yoxdur”.

Nərminə xanım bir il ərzində gecikdirmədən hər ay kreditini ödəyib. Bir ildən sonra dolların məzənnəsi yüksəlib və çoxları kimi şəhid qızı da kreditini ödəyə bilməyib:

“Ailədə tək mən işlədiyimə görə krediti ödəyə bilmədim. Nə qədər müraciət etdim, kömək istədim, bank mənə güzəşt eləmədi. Bankın Mingəçevirdəki müdiriyyətindən şikayətçi oldum deyə, Anar adlı müdiri işdən çıxartdılar. Yeni müdir təyin olundu və dedi ki, qızım, əsas iş Bakıdadır. Yəni baş ofisdədir. Gəldim Bakıya, şöbə müdiri Vasif müəllimlə görüşdüm. O, mənimlə çox kobud danışdı. Dedi, sənin evin sənin üçün ocaqdırsa, bizim üçün heç nədir, get, zəhmət çək, pulunu ödə! Mən də Maliyyə Nəzarəti Palatasına şikayət etdim, bu şöbə müdiri isə dedi ki, xanım mənə şər atır”.

“Xalq Bank” şəhid ailəsinin mənzilini müsadirə elətdirib

Şikayətçinin sözlərinə görə, 14802 manatın qarşılığında 13275 manat ödəyib: “Dedim, faizi nə qədərdisə, 0.78 qəpiklə qalanını da ödəyim, kredit bağlansın. Dedilər, 30 min borcun var! Şoka düşdüm. Belə çıxır ki, bunlar mənə 42 min manat veriblər? Əslində isə 14 min manat verilib.

Dedim, əvəzində lap 20 manat min ödəyim. 42 mini necə ödəyə bilərəm?

Dedilər, dolların kursu artıb, devolvasiya olub, 1.70 kursu ilə ödəməlisiniz”.

Şəhid qızı Azərbaycan prezidentinə təşəkkür etməyi də unutmayıb:

“Ölkə rəhbərimiz sağ olsun, kredit götürənlər üçün şərait yaratdı ki, köhnə kursla borclarını bağlasınlar, amma 10 min manata kimi, məndə isə 19 min manat hesablanmışdı deyə, güzəş bizə şamil olunmadı”.

N. Cəfərova aidiyyəti məmurların qəbuluna getsə də, problem həllini tapmayıb.

Qeyd edək ki, Prezidentin şəhid ailəsinə bağışladığı ikiotaqlı mənzil dəfələrlə “Xalq Bank” tərəfindən hərraca çıxarılıb. Sonda Ali Məhkəmə tərəflərin birinin – yəni özünü zərərçəkən qismində təqdim edən Nərminə xanımın iştirakı olmadan aprel ayında qərar çıxarıb. Qərara əsasən, mənzil hərraca çıxarılıb.

“Mənsiz bütün məsələləri həll ediblər, mənə qətnamə də gəlməyib. İki gün əvvəl mənə məktub gəlib ki, ev hərraca çıxarılıb, noyabr ayında gəlib iştirak edə bilərsiniz. Zəng vurdum, getdim banka, dedilər, nə etsəniz də, artıq mümkün deyil. Ya gətirib 28 min manatın hamısını ödəməlisiniz, ya da mənzili boşaldın. Anam xəstədir, iki aydır əməliyyatdan çıxıb. Qardaşımla bərabər yaşayırlar. Onları qarşıdan gələn qışın çağında necə çölə atmaq olar?!”, – deyə acınacaqlı durumda olan şəhid balası fəryad edərək, Pezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan üzləşdikləri problemin həlli üçün yardım istəyir:

“Mən 13275 manat ödəmişəm. Az pul deyil. Mənə heç bir güzəşt etmədilər. Mən də onları məhkəməyə verməli oldum. Bank mənə dedi ki, sən bizi məhkəməyə verənə kimi gətirib aybaay pulu ödəyəydin. Deyirəm, siz məndən 40 mindən çox pul tələb edirsiniz! Mən tək, qız uşağı, ayda 600-700 manata işləyən adam 40 mini necə ödəyim? Belə haqsızlıqmı olar?!

Ayın sonunda biz evdən çıxmalıyıq... Daha doğrusu, bizi evdən çıxaracaqlar”.

Qeyd edək ki, “Xalq Bank”ın məsələyə münasibətin öyrənmək mümkün olmayıb. Siam.az  “Xalq Bank”ın da mövqeyinə yer ayırmağa hazırdır.
Tarix: 7-11-2019, 21:56
Xəbəri paylaş





Xəbər lenti