Gözdən əlillərə “kor münasibət”: Onların işlə təmin olunmasında saysız-hesabsız problemlər var


Gözdən əlillərə “kor münasibət”: Onların işlə təmin olunmasında saysız-hesabsız problemlər var

Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər günüdür. Bu tarix fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə əlaqədardır.

Bildirək ki, Valentin Qayui 1745-ci il 13 noyabrda Fransanın Amyen şəhəri yaxınlığındakı Sen-Jüst kəndində, kasıb toxucu ailəsində anadan olub. O, ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaradıb. Xeyriyyəçi 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün "işləyən korların emalatxanası"nı açıb.

Maraqlıdır, Azərbaycanda gözdən əlilliyi olan şəxslər, əsasən, hansı problemlərlə üzləşirlər? Onların həyat şəraitləri necədir? Təhsil ala bilirlərmi?

Məsələ ilə bağlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətindən Cebhe.info-ya verilən məlumata görə, gözdən əlillərin ən böyük problemi infrastruktur müəssərliyinin təmin olunmamasıdır:

“Hazırda 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masaj fakültəsində 1 və 2-ci qrup gözdən əlillərin qəbulu həyata keçirilir. Gözdən əlillərin bu gün ən böyük problemi, infrastruktur müəssərliyinin tam təmin olunmamasıdır ki, bunun nəticəsində onlar sərbəst istədikləri yerə çatmaqda, eləcə də məşğulluqlarının təmin edilməsində çətinlik çəkirlər, çünki ali (orta) ixtisas təhsili müəssisələrini bitirdikdən sonra işlə təmin olunmaq üçün müraciət etdikləri idarə və təşkilatlarda işə qəbul edilmirlər.

Birinci il 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masaj ixtisasını 13 nəfər bitirmişdi, onların hamısı Səhiyyə Nazirliyinin əmri ilə dövlət səhiyyə müəssisələrində işlə təmin edildilər. Amma tək masaj ixtisası ilə iş düzəlmir, çünki bu, diskriminasiyaya uğramış olur. Sanki ancaq “Masaj sizin ixtisasınızdır” yanaşması formalaşır və bu, düzgün olmayan bir yanaşmadır. Çünki gözdən əlillər istənilən bir sahədə çalışa bilməlidir.

Bir müddət əvvəl əlillərin hüquqlarını diskriminasiya edilməsinin qarşısını almaq üçün Nazirlər Kabineti, Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlara müraciət edilib. Hətta onların hüquqlarını diskriminasiya edən bir qərar da olmuşdu ki, gözdən əlillərin pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Bu isə tamamilə absurd bir fikirdir. Çünki dünya təcrübəsi göstərir ki, gözdən əlillərin uğurla özlərini ifadə etdikləri sahə məhz pedaqoji sahədir. Yazılır ki, gözdən əlillər ancaq xüsusi müəssisələrdə pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Yalnız xüsusi müəssisələrdə məşğul ola bilmək dövlət proqramına zidd gələn bir haldır.

Məlumdur ki, Prezident İlham Əliyevin 2018-24-cü illəri əhatə edən “İnklüziv təhsil sisteminə keçidin təmin edilməsi” ilə bağlı dövlət proqramı var. Biz bununla bağlı Nazirlər Kabinetinə, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyinə müraciət etdik. İndi məsələyə baxılır. Təəssüf ki, hələ də həllini tapmayıb. İşıqlandırılsa, çox yaxşı olar. Bu cür yanlış qəbul olunan qərarlar gözdən əlillərin hüquqlarının pozulmasına səbəb olur”.



Tarix: 13-11-2019, 22:14
Xəbəri paylaş





Xəbər lenti