"Barı Qarabağ qazisi kimi maşın verin" - GİLEY

"Barı Qarabağ qazisi kimi maşın verin"
"52 yaşlı bacım Gülrux Umudova anadangəlmə ruhi əsəb xəstəsidir. Nə nitq qabiliyyəti, nə də özünüidarə bacarığı var. Birinci qrup əlildir, ancaq sənəddə 2-ci qrup kimi gedir. Valideynlərimin onu gəzdirmədiyi yer qalmayıb, sağalmır. İllərdir belədir, sağalmayacaq da. Əlilliyini 2-ci qrupdan 1-ə keçirmək üçün deyirlər, gərək Maştağadakı 1 aaylı Respublika Psixiatriya Klinikasında 6 ay yatsın. Bu adam bizdən ayrı qala bilmir, orda ölər deyirəm, dinləmirlər”.

DİA.AZ bildirir ki, Ucarın Müsüslü kəndinin sakini, ikinci qrup Qarabağ əlili Məhbus Umudov belə deyir. Bildirir ki, bacısı gözünü açandan onunla yaşayır və adicə böyük qardaşıgilə gedəndə 1 saat oturmur, isterika keçirir, krizə girir, qaytarırlar geriyə.

O, heç cür Maştağadakı klinikada yaşaya bilməz: "İllərdir baxırıq, faktiki 1-ci qrup əlildir. Bu adam düzəlməyəcək, hamı da çox yaxşı bilir. Ona lazımi qrupu vermək üçün öldürməli deyilik ki. Nəticədə, aldığı aşağı pensiya heç nəyinə çatmır. Üstəlik, özünü idarə edə bilmədiyi üçün digər 58 yaşlı böyrək xəstəsi olan bacım baxır ona. Həmin bacım da həyat yoldaşını itirəndən sonra mənimlə yaşayır. Və ona xəstəliyi olan birinə baxdığı üçün bir qəpik də ödənmir. Pensiya yaşına da hələ var. Bu qədər insana mənim baxmağım çox çətindir”.

Məhbus Umudov deyir ki, 2-ci qrup əlilliyi olan biri kimi aldığı 130 manat pensiya özünə yetmir, qaldı, onunla 5 nəfərlik ailəsini və 2 bacısını dolandırsın: "Əmək qabiliyyətim də məhduddur, işləyə bilmirəm. Dünənə qədər şəhid qardaşımın qızları da mənimlə yaşayırdı. Ailə qurub, köçdülər. Çətindir, artıq bacarmaq olmur. Deyirəm, ev istəmirik, barı Qarabağ qazisi kimi maşın verin. Çox yox, elə xəstə bacılarımı həkimə aparıb-gətirmək üçün. Deyirlər, sənə düşmür. Bacıma haqqı olan qrupu vermək üçün ona əzab verməyimizi istəyirlər, mənə avtomobil, ev düşmür, bəs biz dövlətin hansı imtiyazlarından yararlana bilərik? Bizə nə düşür?”

Məhbus Umudov deyir ki, Qarabağ müharibəsində həlak olmuş qardaşının uşaqlarına da onlar baxıb: "Cəmi 3 dəfə yardım ediblər. Böyük qızı köçəndə icra hakimiyyəti 300 manat yardım edib. Bir dəfə 2 çolpa göndərib. Novruz bayramlarından birində də bağlama gətirmişdilər, vəssalam. Budur vətən uğrunda şəhid olmağın, əlil qalmağın qarşılığı? İmkanımız olsa, heç nə tələb etmərik. Yoxdur, sürünürük axı”.

Məhbus Umudov deyir ki, anasını yeni itirib. Həmin gündən əqli geriliyi olan bacısı qalıb havada: "Əvvəl onun pulu anamın kartına köçürdü. İndi deyirlər, gəlsin, öz adına kart açdırsın. Bu adam danışa bilmir, gedib nə desin? Olmayacaq şey istəyirlər. Budur, son 15 gündə 2 dəfə Ucara, bir dəfə Zərdaba, bir dəfə də Kürdəmirə aparmışam. Hər dəfə də 30 manata yaxın xərcim çıxıb. Aldığı da 160 manatdır. Hamısı yollarda xərcləndi”.
Tarix: 14-11-2019, 10:38
Xəbəri paylaş





Xəbər lenti