Azərbaycan ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş mövsümlük icazənin müddəti bu gün başa çatıb.
"Report"un əldə etdiyi məlumata görə, mövcud məhdudiyyət götürüləcək. Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcəyi gözlənilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə "Report"a bildirib ki, bu qadağanın ləğv olunması ilə bağlı hələ qərar yoxdur:
“Mən çox istəyirəm ki, bu qərar ləğv olunsun. Belə hesab edirəm ki, bu qadağanın qoyulması yanlışdır. Ola bilər 15-20 il öncə bu, cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində lazım idi. Çünki ölkədə radikal qüvvələr var idi ki, ölkədəki ictimai-siyasi sabitliyi pozurdular. Amma indi zaman dəyişib, cənab Prezident turizmin inkişafı ilə bağlı mövqe ortaya qoyub, turistlər gəlir. Biz o turistləri başa sala bilmərik ki, hansı ayda jalüzlərdən istifadə etmək olar, hansı ayda yox. Çünki Avropa Komissiyasının qərarına görə, arxa yan şüşələrə pərdə vurulması sürücünün öhtəsinə buraxılır. Belə olan halda biz nəyə görə qadağalar qoymalıyıq? Biz Avropaya inteqrasiya ediriksə bu qadağanı ləğv etməliyik. Bu qadağalar bu gündən qüvvəyə minir. Belə hesab edirəm ki, 100 minə yaxın sürücü qadağaların təsiri altına düşəcək. Mən bunun ləğvinin tərəfdarıyam. Ən azı şifahi göstəriş səviyyəsində bu qadağa dayandırılsın, insanlar hansısa formada cərimələnməsinlər”.
Deputatın sözlərinə görə, belə bir fikir də formalışır ki, bu qadağaların mahiyyəti hansısa iş adamlarına şərait yaratmaqdır.
“Ölkəyə plyonka və pərdələri gətirənlər 6 ay satışla məşğul olurlar, daha sonra sökülür, növbəti 6 ayda yenidən satışa başlayırlar. Bu az rəqəm deyil, 100 mindən çox maşında bu gün plyonkalar var. Bu adamlar niyə cəzalanmalıdır, bunu başa düşmürəm”.
Ç.Qənizadə xatırladıb ki, Milli Məclisdə bu məsələ ilə bağlı dəfələrlə məsələ qaldırılıb.
“Beş-altı aydır məsələ qaldırılıb ki, müvafiq qurumlar bununla bağlı qurumlar addımlar atsın. Çox təəssüf ki, laqeydlik var. Yəqin ki, növbəti iclaslarda bu məsələ yenidən qaldırılacaq. Eyni zamanda hazırda heç bir problem yaratmayan plyonkaların və pərdələrin hətta qanunda olsa belə sökülməsinin tərəfdarı deyiləm. Gözləmək lazımdı, insanlara əziyyət vermək olmaz”.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may-15 noyabr müddətində həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.