“Bunlar 1-ci qrup mənəviyyat, vicdan əlilləridir...”


“Əlillərin fiziki çatışmazlığından, ehtiyaclarından öz maddi, siyasi maraqları üçün sui-istifadə edənlər də...”
Fikir savaşı...



 At izinin it izinə qarışdığı, kimin əlinin kimin cibində olduğu, dələduzluğun, saxtakarlığın baş alıb getdiyi bu cahanda  gözümlə(video ilə də yox) gördüyümdən savayı heç nəyə inanmıram...

Amma elə xəbərlər eşidirsən ki, gerçək olub-olmadığını bilməsən də, adamı yaxıb-yandırır... 
Bir də görürsən, xəbər çıxır ki, filan icazəsiz piketin qarşısı alınarkən polislər Qarabağ əlilinin protezini ayağından çıxardılar. Başqa bir məlumatda deyilir ki, filan qurumun əməkdaşları, bəhmən oliqarxın adamları əlilləri döydülər... Qarşı tərəf isə deyir, yox, bunlar hamısı yalandır, cəfəngiyatdır, o döyülənlər Qarabağ əlili deyil, saxta əlillərdir. Və s. və i.a.

Amma onu dəqiq bilirəm ki, gerçəkdən əlili döyən, döydürən hər hansı hökumət, ya qeyri-hökumət qurumunun nümayəndəsi də, oliqarx-filanlar  da, onların adamları da, eləcə də o gerçək əlillərin fiziki çatışmazlığından, ehtiyaclarından öz maddi, siyasi maraqları üçün sui-istifadə edənlər də özləri mənəvi baxımdan şikəstdirlər.  Mənəviyyat, vicdan, qeyrət, namus əlilləridir. Özü də 1-ci qrup...

Yazıq  Vətənimizə! Yazıq Qarabağımıza! Heyif 20 Yanvar, Qarabağ şəhidlərimizə!.. 

Bu yarımçıq kişiliklə biz səni sonacan qoruya bilməyəcəyik,  Vətən, səni azad edə bilməyəcəyik, Qarabağ!..

Qeyrətli, cəsarətli, bu vəziyyətdə də döyüşə hazır olan qazimizin ya canı yarımçıqdır- əzasını, əzalarını bu müstəqil(!), azad(!) dövlət, Qarabağ uğrunda qoyub-  1-ci qrup Qarabağ əlilidir. Ya da canı-başı yerində qazancı, pulu yoxdur. Bakının içində yol pulu tapıb Qarabağ haqqında bir tədbirə, bir şəhidin dəfninə, yas, xatirə mərasimlərinə gedə bilmir... 1-ci qrup mənəviyyat əlili olan oliqarxların, nazirlərin, başçıların, rəislərin, müdirlərin ucbatından...

Kifayət qədər pulu, parası, maşını, villası olanlarımızın da, təəssüf ki, böyük əksəriyyətinin mənəviyyatı, vicdanı, istər milli, istər şəxsi namusu, qeyrəti,  insafı yoxdur... Yəni dediyimiz Qarabağ əlillərinə həqarətlə baxan, öz nəfsani maraqları, qazanclarını qorumaq naminə fiziki şikəst insanları belə tapdamağa hazır olan 1-ci, ali qrup mənəviyyat, vicdan, qeyrət əlilləridir... 
Sultan Laçın
Tarix: 15-11-2019, 21:53
Xəbəri paylaş





Xəbər lenti