İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib.

Agentlikdən bildirilib ki, Azərbaycan Prezidentinin “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına əsasən, 1 yanvar 2020-ci ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.

Qeyd olunub ki, bu məqsədlə gələn ildən icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır: "Belə ki, artıq bir sıra region xəstəxanalarında müəssisələrin fəaliyyətinin elektronlaşdırılması məqsədi ilə müvafiq proqram təminatı yaradılıb və qeydiyyat masaları qurulub. Xəstəxanalara müraciət edən vətəndaşların elektron qaydada qeydiyyatının aparılması zamanı şəxsiyyət vəsiqəsinin qeydiyyatçıya təqdim olunması mütləqdir. Bunun üçün hər bir vətəndaşdan tibb müəssisəsinə gəldikdə şəxsiyyət vəsiqəsinin gətirilməsi xahiş olunur.

Qeyd edək ki, proqram təminatı vasitəsilə vətəndaşın elektron qaydada qeydiyyatının aparılması pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator, diaqnostik və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır. Həmçinin vətəndaşların diaqnozları və laborator analizlərinin nəticələri haqqında məlumatları rahatlıqla əldə etmələrinə xidmət göstərir".

Tarix: 22-11-2019, 11:02
Xəbəri paylaş





Xəbər lenti