Qeyri-bank təşkilatı bir ailənin evini əlindən alıb, küçəyə atdı - VİDEO

 

Redaksiyamıza Nəsimi rayonu, Salatın Əsgərov 94 ünvanında yaşayan Həmzəzadə Sevinc Ramiz qızı tərəfindən şikayət daxil olub.

Sevinc Həmzəzadə musavat.com müxbirinə deyib ki, 2015-ci ildə kredit qarşılığında 65 kvadrat metrlik evini “Finoko” Bank Olmayan Kredit Təşkilatına girov qoyub. Özünün deməsinə görə, kredit götürməsinin səbəbi xəstə anasını müalicə etdirmək olub: "Anamın ürəyi xəstə idi. Əməliyyat etdirmək üçün Tehrana aparmaq lazım idi. 2015-ci il noyabr ayının 16-da “Finoko” BOKT-dan dollar 1.05 olanda 23 min dollar pul götürdük. Kreditin 1 ayını ödəyəndən sonra imkansızlıqdan növbəti ayları ödəyə bilmədim. Kredit Təşkilatı “Finoko BOKT” ödənişi edə bilmədiyim üçün evimizi əlimizdən alıb, bizi ailəlikcə küçəyə atdı".

Qətnamədə göstərilən pulu indi ödəməyə hazır olduğunu deyən ev sahibi mülkünü geri qaytarmaq üçün kredit təşkilatına müraciət edib. Lakin təşkilatın rəhbəri evi qaytarmaqdan boyun qaçırdıb: "Bizim banka olan ümumi borcumuzun məbləği 31,419 dollardır. Mən evimi qaytarmaq üçün onu satışa çıxardım və müştəri tapdım. O, bizim banka olan kredit borcumuzu tam ödəməyə razılıq verərək, evi girovdan çıxardıb almağa razılaşdı, lakin kredit təşkilatının rəhbəri evi qaytarmaqdan imtina etdi. Bununla bağlı, Prezident Administrasiyasına, Maliyyə Palatasına, Nazirlər Kabinetinə müraciət etdim. Əvvəl bankın müdiri razılıq verdi. Krediti ödəyəcəyim təqdirdə, şəxsi mülkümü geri qaytarmağa razı oldu. Lakin sonra fikrindən daşındı və kredit məbləğinin 62 min manat yox, 74 min manat olduğunu bildirdi".

Hazırda vəziyyətlərinin çox ağır olduğunu bildirən H. Sevinc ailəlikcə küçələrdə qaldıqlarını bildirdi: "Ailəmiz 7 nəfərdən ibarətdir. Noyabr ayının 21-dən bizi zor gücünə küçəyə atıblar. Bir gün onun, bir gün bunun yanında qalırıq. Qızım da universitetdə təhsil alır. Çətinliklə ailəmi saxlayıram. Anam da ağır xəstədir. Artıq orta-ağır dərəcəli şəkərdir. Küçəyə atılandan sonra anamın vəziyyəti daha da ağırlaşıb".

Məsələylə bağlı qarşı tərəfin də fikrini öyrəndik. Özünü "Finoko BOKT" Bank Olmayan Kredit Təşkilatının müdir müavini Ağa kimi təqdim edən şəxs iddialara qarşılıq qısa cavab verdi. O, bildirdi ki, hər şey qanun çərçivəsində görülüb: "Məhkəmə tərəfindən də artıq qərar verilib. Evlərini geri qaytarmaq istəyirlərsə, qətnaməyə uyğun olaraq deyilən məbləği ödəsinlər".

Musavat.com olaraq bu şikayəti araşdıraraq, hazırladığımız video matrealı təqdim edirik.


Tarix: 2-12-2019, 23:13
Xəbəri paylaş





Xəbər lenti