Dekabrın 3-ü bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 1 milyard nəfərdən yuxarı insan əlillikdən əziyyət çəkir. Bu, dünya əhalisinin 15 faizi deməkdir. Təşkilatın tədqiqatlarına əsasən, 15 və ondan yuxarı yaşlı 785 milyon insan əlilliklə yaşayır ki, bunlardan da 110 milyon nəfərdən çoxu ağır qüsurlardan əziyyət çəkir. 0-14 yaşlı uşaqlar arasında bu göstəricilər 95 milyon və 13 milyon nəfər təşkil edir.
ÜST bildirir ki, dünyada əlilliyi olan şəxslərin sayı durmadan artır. Buna inkişaf etmiş ölkələrdə əhalinin yaşlanması nəticəsində xroniki xəstəliklərdən əziyyət çəkən insanların sayının artması, həmçinin əlilliyə gətirən diabet, ürək-damar və sair xəstəliklərin geniş yayılması gətirib çıxarır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OESD) hesablamalarına görə, təhsil səviyyəsi ilə əlillik tərs mütənasiblik təşkil edir. Yəni təhsil səviyyəsi aşağı olan ölkələrdə əlillərin sayı daha çox olur. OƏSD ölkələrində əhalinin 19 faizini əlillər təşkil edirsə, yüksək inkişaf etmiş ölkələrdə bu göstərici 11 faizdir.
BMT İnkişaf Proqramının məlumatına əsasən dünyada əlillərin 80 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür.
Dünyanın əksər ölkələrində əlil insanlar dövlət tərəfindən xüsusi himayə olunur. Hər il inkişaf etmiş ölkələrdə əlillərə yönəlik dövlət proqramlarının icrasına 10 milyardlarla dollar sərf olunur.
Azərbaycanda əlil insanlar nə qədərdir? Onlara dövlət tərəfindən hansı qayğı göstərilir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, hazırda ölkəmizdə 600 mindən çox əlilliyi olan şəxs var. Əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinət alırlar. Sağlamlıq imkanları məhdud uşaqlara da aylıq müavinət verilir.
Bundan başqa, müharibə əlilləri və onlara bərabər tutulanlar, eyni zamanda I dərəcə əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar.
Müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin uşaqları aylıq sosial müavinətlə, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslər hər il müalicə üçün birdəfəlik müavinətlə təmin edilirlər: “Cari ildə Prezident cənab İlham Əliyevin uğurlu sosial islahat paketinin tərkib hissəsi kimi, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün aylıq sosial müavinətin, müharibə əlilləri və onlara bərabər tutulanlar, I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdünün məbləği orta hesabla 100 faiz artırılıb. Eyni zamanda, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib. Əmək pensiyasının minimum məbləği də cari ildə 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb və bu artımın tətbiq edildiyi pensiyaçıların bir hissəsi də məhz əlilliyi olan şəxslərdir”.
Nazirlikdən verilən məlumata görə, şəhid ailələri ilə bərabər, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı həyata keçirilir: “2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, cari ildə həmin kateqoriyadan olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan artıq 511 mənzil və fərdi ev verilib. Qalan mənzil və fərdi evlər də cari ilin sonuna qədər veriləcək. Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7165 mənzil və fərdi ev təqdim edilib.
Ölkəmizdə əlilliyi olan şəxslərin rifahında mühüm rol oynayan və onlara dövlətin böyük dəstəyinin təzahürü olan proqramlardan biri də ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin minik avtomobilləri təminatıdır.
Həmin kateqoriyadan olan vətəndaşlara 2018-ci ildə 265 avtomobil verilibsə, bu il nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb ki, onlardan artıq 427 avtomobil təqdim edilib. Bununla indiyədək qeyd olunan vətəndaşlara 6400-dək minik avtomobili verilib".
Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı Heydər Əliyev Fondu tərəfindən də bir sıra proqramlar həyata keçirilir. Belə ki, fondun dəstəyi ilə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb ki, burada sınanmış reabilitasiya metodları əsasında sağlamlıq imkanları məhdud uşaqlara bərpa xidmətləri göstərilir: “Bundan əlavə, fondun dəstəyi ilə 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Hər iki müəssisədə 5-18 yaşlarında 339 uşaq daimi dövlət təminatındadır. Onlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmət və qayğı göstərilir, onlarla mədəni-kütləvi iş aparılır, həmin uşaqların abilitasiyası və reabilitasiyası həyata keçirilir.
Heydər Əliyev Fondunun mühüm sosial layhələrindən biri kimi ölkəmizin müxtəlif bölgələrdə Regional İnformasiya Mərkəzləri yaradılıb ki, bu mərkəzlər əlilliyi olan şəxslərin İKT-dən istifadə imkanlarına malik olmalarında mühüm önəm kəsb edir.
Sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgilərin təşkilinə, yaradıcılıq imkanlarının dəstəklənməsinə və cəmiyyətə tanıdılmasına fond öz mühüm dəstəyini göstərir.
Fondun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər.
Ötən dövrdə Heydər Əliyev Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və UNİCEF-in təşkilatçılığı ilə “İmkanlara məhdudiyyət yoxdur” təbliğat-təşviqat kampaniyası da təşkil olunub".
Azərbaycanda yeni reabilitasiya mərkəzlərinin yaradılması, bərpa mərkəzləri şəbəkəsinin genişlənməsi istiqamətində də işlər görülür. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi var. Bu müəssisələrdə cari ilin 10 ayı ərzində 7241 nəfər əlilliyi olan şəxsə stasionar, 1867 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa ambulator qaydada reabilitasiya xidmətləri göstərilib. Bu müddətdə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bu kateqoriyadan olan 7463 nəfər 25023 reabilitasiya vasitəsi, o cümlədən 1145 əlil arabası ilə təmin edilib: “Respublikamızın bölgələrində yaşayan və reabilitasiya vasitələrini almaqdan ötrü özlərinin (və ya yaxınlarının) Bakıya gəlmək imkanları olmayan şəxslər üçün bu il demək olar ölkəmizin bütün rayon və şəhərlərində səyyar xidmətlər təşkil edilib, 836 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bu xidmətdən faydalanıb və onlara ehtiyaclarına uyğun olaraq ümumilikdə 3952 reabilitasiya vasitəsi, o cümlədən 15 əlil arabası yaşadıqları rayonlarda, hətta evlərində aparılıb verilib”.
Hazırda ƏƏSMN-in sosial xidmət müəssisələrində 1300 nəfər daimi dövlət təminatında yaşayır ki, onlardan 1200-ə yaxını məhz əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Eyni zamanda nazirliyin sifarişləri ilə icra olunan layihələr əsasında reabilitasiyayönümlü sosial xidmətlərlə təmin edilən 10 minədək şəxsin 90 faizdən çoxunu məhz əliliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir. Evlərində sosial xidmət göstərilən 9700-dək şəxsin isə 2,1 min nəfəri əlilliyi olan şəxslərdir: “Prezident İlham Əliyevin imzaladığı ”Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında" 1 iyun 2019-cu il tarixli Sərəncam xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin istiqamətlərinin və əhatə dairəsinin dəfələrlə genişləndirilməsinə imkan yaradıb.
Sərəncamın icrası işləri çərçivəsində əsasən ölkəmizin bölgələrində olmaqla yeni sosial xidmət və reabilitasiya mərkəzləri yaradılıb. Nəticədə günərzi qayğı mərkəzlərinin sayı 28-dən 70-ə, icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayı 22-dən 49-a, autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzlərinin sayı 1-dən 15-ə, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmət mərkəzlərinin sayı 2-dən 10-a, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin sayı 1-dən 15-ə, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin sayı 1-dən 3-ə çatdırılıb. Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək üzrə 10 mərkəz, əlilliyi olan şəxslər üçün 10 peşə-sosial reabilitasiya mərkəzi və s. yaradılıb.
Ümumilikdə nazirliyin sosial sifarişləri əsasında icra olunan reabilitasiyayönümlü sosial xidmət layihələri üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb və hazırda 200-ə yaxın mərkəz tərəfindən əsasən uşaqlardan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 10 minədək şəxsə xidmətlər göstərilir".