Səhiyyə sistemindən yan keçən İSLAHATLAR... - İTTİHAM

Səhiyyə sistemindən yan keçən İSLAHATLAR...
Ölkədə son günlər baş verənləri media manşet etməkdə çətinlik çəkir. Hadisələr o qədər sürətlə davam edir ki, bəzən olanları analiz etməyə belə zaman yetmir. Aparılan kadr islahatları, illərlə hakimiyyətin ən mühüm qanadlarında təmsil olunan məmurların vəzifədən azad edilməsi,”gəncləşmə” siyasəti, sosial-siyasi dəyişiklilər Azərbaycanda çox mühüm proseslərin getdiyindən xəbər verir. Hətta iş o həddə çatdı ki, Milli Məclisin qos-qoca deputatları etiraf etdilər ki, aparılan islahatların sürətinə çata bilmirlər və özlərini buraxdılar. Gəlin etiraf edək ki, müstəqillik tariximizdə bu qədər inqilabi islahatlar dövrü olmayıb. Odur ki, hər bir kəs təmsil olunduğu sahədə öz fəaliyyətinə yenidən baxmalıdır, müasir tələblərə cavab vermirsə ən yaxşı halda elə özünü buraxıb çıxıb getməlidir.
Rubrika.az saytı aylardır ki, C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda baş verənlər-konkret olaraq institutun direktoru Gülnaz Dadaşovanın əməllərindən silsilə yazılar dərc edir. Onun bu boyda bir elm ocağını uçuruma doğru apardığını,kollektivi pərən-pərən saldığını, rəhbərlik prinsipləri ilə biznes maraqlarını səhv saldığını yazmaqdan yorulmuşuq, amma bu xanım qanunsuz əməllərindən yorulmayıb. G.Dadaşovanın hansı yollarla bu vəzifəyə gəldiyini dəfələrlə qeyd eləmişik, hətta “Sobsan” boyalarının rolunu da qeyd etmişik, “xoş gəlmisən,ay qudam” mahnısını da xatırlatmışıq, amma xeyri olmayıb. Direktor xanımın elmi fəaliyyətinin bütün “incəliklərinə” qədər araşdırmışıq,hətta bu elmi işin böyük qisminin köçürmə olduğunu da üzə çıxarmışıq,amma lazımi təşkilatlardan kimsə Gülnaz xanımın nəinki kitabını,heç dəftərini də oxumayıb. Biz aylardır yazırıq ki, G.Dadaşova İnstitutun əməkdaşlarını heç bir əsas olmadan qanunsuz olaraq işdən çıxarır, məhkəmələrdə süründürür. Əvəzində Gülnaz xanım min-bir cəhdlə bizi yalançı çıxarmağa, işçiləri ittiham etməyə davam edir. Kardiologiya İnstitutundan qanunsuz olaraq işdən çıxarılan və aylardır ki, məhkəmələrdə haqqını tələb edən Sona Qəhrəmanova tapdalanan hüquqlarını bərpa edə bilib. Apellyasiya Məhkəməsi də onun işdən əsassız olaraq çıxarılması və işə bərpa olunması barəsində qərar qəbul edib. Artıq G.Dadaşovanın qanunsuz əməlləri öz hüquqi qiymətini alır. Yəqin ki,hələ çox əməkdaş bu yolla öz hüquqlarını bərpa edə biləcək.
Biz isə üzümüzü səhiyyə sisteminin yetkililərinə tutub demək istəyirik ki, cənab Prezidentin başlatdığı islahatlar xəttinə əl çalıb “ləbbeyk” deməklə dəstək vermək olmaz. Bu islahatlara əməli fəaliyyətlə cavab vermək lazımdır. Nə qədər ki, G.Dadaşova və onu himayə edənlər vəzifə başındadır, öz bildiyini edir, səhiyyə sisteminin “sağalmaz xəstəlikləri”ni müalicə etmək mümkünsüzdür. Lap yüz “TƏBİB” gəlsə belə!
Rubrika.Az
Tarix: 4-12-2019, 09:34
Xəbəri paylaş





Xəbər lenti