“Təhsildə bazar açılıb, magistratura, doktorantura…” – Təhsil eksperti ilə müsahibə

 Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov magistratura pilləsinə qəbul imtahanlarında tətbiq olunacaq dəyişikliklərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Kamran müəllim, ötən illərlə müqayisədə magistraturaya qəbul imtahanında nə kimi fərqlər var?
- 2006-cı ildən etibarən ali məktəblərin magistratura pilləsinə qəbul test imtahanı yolu ilə keçirilir. Proses daha da təkmilləşdirildi, daha hazırlıqlı, daha bacarıqlı şəxslərin seçilməsi üçün imtahan iki hissədən ibarət oldu. Birinci mərhələdə Dövlət İmtahan Mərkəzi(DİM) iştirakçıların məntiqi təfəkkürünü, xarici dil bilikləri, informatika səviyyəsini yoxladıqdan sonra müsabiqə şərtlərini ödəyənlər ikinci mərhələyə buraxılırdı. Növbəti mərhələdə hər kəs seçdiyi ixtisas üzrə imtahan verirdi. Ümumi bal ilk olaraq 100, sonra 150 qəbul edildi.
- Magistratura pilləsinə qəbulda göstəricilər necədir? İmtahan verənlərin sayında artıb-azalma müşahidə olunurmu?
- Son illərin nəticələrinə baxdıqda, 3 il bundan əvvəllə müqayisədə ali təhsil müəssisələrinin magistratura pilləsinə sənəd verənlərin sayında 50 faizə qədər azalma var. 2015-ci ildə təkcə sənəd verənlərin sayı 25 min nəfər idisə, bu rəqəm 2019-cu ildə 10 minə endi.
- Bu kəskin azalmanın səbəbləri nədir? Niyə magistraturaya maraq bu qədər aşağıdır?
- Əsas səbəblərindən biri magistratura pilləsinə qəbul zamanı imtahanların qiymətinin artırılması oldu. Əvvəl 2-3 manat ödəyərək imtahanda iştirak edirdilərsə, hazırda birinci mərhələdə 50 manat, ikinci mərhələdə 60 manata qədər qiymətlər bahalaşdı. Bu da gənclərimizin kəskin şəkildə azalmasına gətirib çıxardı. İkinci səbəb isə magistratura pilləsində keyfiyyətli təhsilin verilməməsi insanları xarici ölkələrə üz tutmağa məcbur edir.
- Sizcə, magistraturaya qəbul qaydalarının sadələşdirilməsində bu məqamların təsiri varmı?
- Təbii ki… Biz qəbul qaydalarının sadələşdirilməsini gözləyirdik. Amma aldığımız məlumata görə, çox yanlış bir sadələşdirmə yolu tutulub. Söhbət ikinci mərhələdən, yəni imtahan iştirakçılarının ixtisas üzrə biliklərinin yoxlanılmasını ləğv etməkdən gedir. Bu yanlışdır. Sadələşdirmək dedikdə imtahan verənlərin xarici dil bilgisi və ixtisas bilikləri yoxlanılmalıdır. Çünki heç bir ali təhsil müəssisəmiz ixtisas üzrə keyfiyyətli kadr hazırlamır. Heç olmasa tələbələr magistraturada ixtisas imtahanına görə öz ixtisaslarını oxuyur, kitab üzü açırdılar.
- Kamran müəllim, bəs dünya təcrübəsində magistraturaya qəbul necə aparılır?
- Dünya təcrübəsində Graduate Menecment Adminstration Test (GMAT) imtahanı var, beynəlxalq dərəcəli imtahandır. Dünyanın ən nüfuzlu universitetlərində magistratura pilləsi eyni zamanda MBA, iqtisadiyyat üzrə doktorantura, hətta doktorluq dərəsində GMAT imtahanı verirlər. GMAT 4 əsas bölmədən ibarətdir: Analitik Yazı Qiymətləndirməsi (Analytical Writing Assessment), Əlaqələndirilmiş Mühakimə (Integrated Reasoning), Kəmiyyət və Verbal Bölmə. Düşünürəm ki, Azərbaycanda da bunu tətbiq etmək istəyirlər.
- Sizcə, GMAT-ın ölkəmizdə tətbiqi nə dərəcədə doğrudur?
- Bizim heç bir ali təhsil müəssisəmizdə bu bilik və bacarıqlar formalaşdırılmır. Magistratura və doktoranturaya qəbulda qaydaları sadələşdirməliyik ki, gənclər elm öyrənməyə gəlsin. Bu gün Azərbaycanda 30 yaşdan aşağı elmlər doktoru yoxdur. Ona görə ki, təhsilin bir pilləsindən digərinə keçidlə bağlı o qədər çətin qaydalar müəyyənləşdirilib ki, insanlar bir pillədən digərinə keçid edə bilmirlər. Təhsilin əlçatanlığı təmin olunmalıdır. İlk növbədə qaydalar sadələşdirilməlidir.
- Sadələşdirmək dedikdə nələri nəzərdə tutursunuz?
- Keyfiyyətli kağızlardan istifadə etmək, yaxud abzasları silmək sadələşdirmək deyil. Sadələşdirmək dedikdə ixtisası ləğv etməməliyik. Əksinə, elə etməliyik ki, tələbələr ali təhsildə əldə etdikləri biliklərlə o imtahanı versinlər.
- Hazırda imtahan verilən fənlərin seçimi nə dərəcədə doğrudur?
- Birinci mərhələdə məntiq, informatika və xarici dildən imtahan verilir. İnformatika ali təhsil müəssisələrində akademik səviyyədə keçirilmir, məntiq isə riyazi məntiqdir. Təsəvvür edin, siz jurnalistika bitirmisiz, mən tarix, başqa biri də riyaziyyatı. Hamımıza riyazi məntiq sualları salıblar, təbii ki, riyaziyyatçı bizdən yaxşı cavab verəcək. Əgər məntiqdən sual salınacaqsa, hər istiqamətin ağırlıq səviyyəsinə, özünəuyğun suallar olmalıdır. Yəni sözlü məntiq, xidmət tələb edən məntiq, dünyagörüşü məntiqi və sair istiqamətində suallar salınmalıdır. İnformatika və xarici dil fənləri də bu siyahıya daxildir. Burada bərabərlik prinsipi pozulur.
- Fənlər üzrə biliklərin düzgün yoxlanılmadığını qeyd etdiniz. Sizcə, humanitar sahəni bitirən birinin informatikadan imtahan verməsi, yaxud xarici dil üzrə imtahan vermək haqqının olmaması nə dərəcədə doğrudur?
- Əslində, minimum biliklərin yoxlanılması labüddür. Çünki müasir təhsilə inteqrasiya ediriksə, orada bizə yeni bilik və bacarıqlar lazımdır. Bilik dedikdə, təbii ki, təkcə Azərbaycan kitabları nəzərdə tutulmur, o, xarici dil bilməlidir ki, öz sahəsinə uyğun xarici kitablar oxuya, dünyaya inteqrasiyanı daha keyfiyyətli ortaya qoya bilsin.
İkincisi, informatikanı proqramist səviyyəsində soruşulur, bu yanlışdır. Hər birimiz kompüterdən istifadə edirik, birmənalı şəkildə bu bacarıqların bizdə formalaşması üçün bundan imtahan olmalıdır. Biz ancaq imtahan olan fənləri oxuyuruq. Bu gün hər kəs xarici dil bilməli, kompüter bacarıqları olmalıdır. Məntiq isə yalnız dünyagörüşün yoxlanmasıdır.
Amma DİM-in imtahanlarında bu qaydaların heç biri gözlənilmir. Akademik səviyyədə xarici dil, proqramist səviyyədə informatika, riyazi səviyyədə məntiq soruşulur. Bu yanaşma düzgün deyil.
- Kamran müəllim, sizcə, tətbiq olunan yenilik keyfiyyətə təsir edəcəkmi?
- Biz GMAT-a keçid ediriksə, bu keyfiyyəti aşağı salacaq. DİM GMAT tətbiq edəcəksə, bu təhsilə yox, kurslara xidmətdir. Çünki universitetlərin heç birində GMAT imtahanı yoxdur. Məcbur olub kurslara getməlidirlər. Bu gün təhsildə bazar açılıb - magistratura, doktorantura, dövlət qulluğunda. Niyə? Qaydalar çətindir, vəsaitlər yoxdur. Elə vəsait çap edilməlidir ki, imtahan iştirakçıları heç kimin köməyi olmadan təkbaşına hazırlaşıb imtahan verə bilsinlər. Bu insanların cibinə girməkdir. İki istiqamətdə imtahan olmalıdır. İxtisas üzrə və xarici dil, bu qədər sadə.
- Bu qərardan sonra imtahan verənlərin sayı arta bilərmi? Artımın olması üçün hansı addımlar atılmalıdır?
- Sadələşdirmə saya təsir göstərəcək. Amma kütləvi şəkildə artım olmayacaq. Müsbət təsir üçün, ilk olaraq imtahan qiymətlərini aşağı salmalıyıq. 50-60 manat imtahan qiyməti olmaz. İkincisi, magistratura pilləsində keyfiyyət artırılmalıdır. Üçüncüsü, magistraturadakı təhsil haqları aşağı salınmalıdır. Bu qiymətə gedib magistraturada oxumaqdansa, Türkiyədə daha ucuz və keyfiyyətli təhsil almaq mümkündür. İnsanların alternativi var.
- Son olaraq, bu dəyişikliklər doktorantura və rezidentura pilləsinə təsir edəcəkmi?
- Xeyr. Sadələşdirmə təsir etməyəcək. Dəyişiklik birmənalı olaraq xarici dil imtahanlarının DİM-ə verilməsidir. Digərləri yendə də universitetlərin öz ixtiyarındadır. Bu da elə bir ciddi fərq yaratmayacaq.
Tarix: 5-12-2019, 16:37
Xəbəri paylaş





Xəbər lenti