Ucarın başbilənləri bu ailəni görmürmü? - Sosial yardım bir yana, pensiyalarını da kəsirlər...
“Deyirlər, kəndlisən, ək, becər, dolan. Daha demirlər ki, kəndlinin bunu etməyə şəraiti yoxdur. Məsələn, mən dursam ki, meyvə yetişdirirəm, budur, bağdı, nar ağacları ilə doludur. Di gəl, suvarmağa bir damcı su tapmıram”. DİA.AZ bildirir ki, Ucar rayonunun Alpout kəndinin sakini, 57 yaşlı Almaz İsmayılova belə deyir.
Almaz İsmayılova bildirir ki, kənd yerində camaat şanslıdırsa, pensiya alır, onunla dolanır. Yoxsa, başqa bir yerdən gəlir əldə etmək çətindir, hardasa müşküldür: “O da ki pensiya yaşını günü-gündən artırdılar. Heç bizə düşmür. Ölmüş yoldaşımın 80 manatlıq pensiyasını alıram. Onunla 2 qızım, 1 də özüm, çətinliklə dolanırıq”.
Almaz İsmayılovanın böyük qızının 18, kiçiyinin 13 yaşı var. Kiçik qızı Səbinə İsmayılova ruhi xəstədir. 4 ay bundan öncəsinə qədər buna görə pensiya da alırmış. Sonradan pensiyasını kəsiblər, deyiblər: “Müalicəsi var, getsin ruhi-əsəb dispanserlərindən birində müalicə alsın, sağalsın”. «Biz 13 ildir onu aparmadığımız xəstəxana, etdirmədiyimiz müalicə qalmayıb. Sağalsaydı, sağalardı də”, – ana deyir.
Almaz İsmayılova deyir ki, qızının pensiya aldığı vaxtlar evlərinə 220 manata yaxın aylıq pul gəlirmiş. Onunla çətinliklə də olsa, dolanırmışlar. İndi aldıqları sadəcə 80 manatdır. O da heç nəyə çatmır: “Kiçik qızım uşaqlıqdan qüsurludur. Heç məktəbə də göndərə bilməmişəm. Nitq qüsuru var, epilepsiyadan da əziyyət çəkir. Həm də nevroloji problemlidir. Qavrama qabiliyyəti yoxdur. Bu uşaq sağala bilsəydi, illərdir həkimlər sağaldardı də”.
Ana deyir ki, hara müraciət edirlərsə, “bizlik deyil” cavabını alırlar: “Axırda apardıq Bakıya. Orada bir az müalicə götürdü. Heç bir xeyri yoxdur, yenə əvvəlki kimidir, yenə yardıma möhtacdır. Ordan kağız gətirdim. Ucardakı komissiyaya verdim. Burada da dedilər ki, müalicəsi var. Uşaqdı, mən onu təkbaşına göndərə bilmərəm. Bu boyda evi-eşiyi də atıb getmək olmur. Daha birdəfəlik desinlər ki, sizə pensiya vermirik”.
Almaz İsmayılova deyir ki, qızının müalicə ilə sağalması mümkün deyil. Onun uzunmüddətli evdən kənarda müalicə alması da müşküldür: “13 yaşlı uşağı hara göndərim? Dispanserdə kimdi ona normal baxan? Daha da pis vəziyyətə düşəcək. Bilirsiz, evdə onun nazını necə çəkirik? Göndərsək, ona bizim kimi baxa biləcəklərmi?”
Ana deyir ki, pensiyası kəsiləndən Səbinənin müalicəsinə, ehtiyaclarına pul tapmır. Bilmir hara müraciət etsin. Yazdığı məktublara da daha cavab gəlmir: “Qızın müalicəsinə, gündəlik ehtiyaclarına çox pul gedir. Xərcləri çoxdur. Təsərrüfatla məşğul olmağa da su tapmırıq. Çətindir, işləyə də bilmirəm. Qızı qoyub uzunmüddətli harasa çıxmaq olmur. Hər an baxıma möhtacdır”.