Əmlak Komitəsi ailələrin hüquqlarını pozur Əmlak xidmətləri, yoxsa əmlak hoqqabazlığı məkanı

         
Əmlak Komitəsi ailələrin hüquqlarını pozur  Əmlak xidmətləri,  yoxsa əmlak hoqqabazlığı məkanı
 Artıq İqtisadiyyat Nazirliyinin tərkibinə verilən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK ) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin bir çox xidmətləri bu ilin ilk günlərindən yeni ünvanda - Xəlil Rza Ulutürk - 20 ünvanında fəaliyyət göstərən “Əmlak Xidmətləri Məkanı”na verilib .
Xidmətin yeri dəyişilsə də , vətəndaşlardan qanunsuz ödənişlərin zorla alınması praktikası dəyişməz qalıb . Görəsən , bu xidmətlər “ASAN XİDMƏT”ə niyə verilmir ? Hətta olmayan əmlaka görə ailə üzvlərinin adına arayış alınması xeyli çətinləşdirilib .
Təsəvvür edin , vətəndaş mülkünün , daşınmaz əmlakının olmaması haqqında arayış almaq üçün 10 manat rüsum ödəməlidir ! Niyə kimsə əmlakının olmamasına görə arayışı 10 manat qarşılığında almalıdır? Biz hələ xidmət haqqını demirik ! (?)
Bu məntiq(sizlik)lə gərək məhkumluğun olmaması , hərbi xidmətdə olub-olmamaq , yaşayış-qeydiyyat haqqında və bu kimi digər arayışlar da ödənişli olsun! Halbuki , heç bir haqq ödəmədən belə arayışları , ailə tərkibi haqqında arayışları da “ASAN XİDMƏT”dən asanlıqla əldə etmək olur . Amma “Əmlak Xidmətləri Məkanı”ndan eyni ünvanda yaşayan və qeydiyyatda olan ailənin 18 yaşına çatmış hər bir üzvü , adına əmlak olmaması haqqında arayış arxasınca “məkan”a şəxsən özü “təşrif buyurmalı” və 10 manat ödəyib 10 gündən sonra şəxsən özü də almalıdır ! (?) Bu yeni qayda , göründüyü kimi , istehlakçıların və ailələrin , özəlliklə aztəminatlı ailələrin – məcburi köçkünlərin , əlillərin , tələbələrin , əsgər ailələrinin hüquqlarının kobud şəkildə pozulmasına gətirir . Axı , əmlaksız olanlar başlıca olaraq elə sadaladığımız kateqoriyadan olanlardır! Məcburi köçkün , əlil , tələbə əmlakı olmamasına 10 manat ödəsin , hələ üstəlik ailəsi də ayrıca adambaşına 10 manatından və işindən - gücündən olsun ; əsgər də Murovdan xidmətini atıb , on gündən bir “əmlak xidməti”nə qaçsın ? Belə “əmlak xidməti”nin hoqqabazlıqdan özgə bir şey olmadığı göz önündədir . Harda görünüb ki , ailə adına arayışa görə adambaşına , nə az , nə çox , 10 manat rüsum , hələ üstəlik də xidmət haqqı ödəyəsən ? Bir də burada əmlakın olmamasını müəyyən etmək nə problemdir ki , 10 günə arayış hazırlanır ? Fikir verin , şəxsiyyət vəsiqəsinin verilməsinə görə 5 manat rüsum tələb edilir və hətta 10 gündən də tez hazır olur , amma dılğır bir əmlakın olmaması haqqında arayış bu boyda sənəddən iki dəfə baha başa gəlir !? Ailələrə gəldikdə isə şəxsiyyət vəsiqəsi hər bir ailə üzvünə verilməlidir , amma arayış hər ailə üzvünə heç lazım deyil axı ! On nəfərlik ailə mənzil növbəsinə dayanması üçün 10 arayış almalıdır və 100 -120 manat ödəməlidir ?
Onu da vurğulayaq ki , 2 il qabağa kimi ailənin bir üzvü bütöv ailənin adına əmlak olmaması haqqında 11 manat ödəməklə arayış ala bilirdi . Yəqin , “əmlak dəllalları”nın gözü doymayıb , tarifi adambaşına 11 manat müəyyən ediblər . İstehlakçıların hüquqlarını qoruyan İqtisadiyyat Nazirliyi yanındakı Dövlət Xidməti o biri yanına verilən Əmlak Məsələləri Dövlət Komitəsinin sözügedən xidmətinə hüquqi qiymət verilməsini təmin etməyə borcludur . Eyni borc və görəv Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin və Ədliyyə Nazirliyinin üzərinə də düşür . PA Dövlət nəzarəti şöbəsinin yeni müdiri Kərəm Həsənov köhnə işçilərini nəzarətsiz qoymaz , inşallah !
Anlaşılmazlıq odur ki , istənilən dövlət , hökumət qurumu şəxsiyyət vəsiqəsinin göstəriciləri ilə kiminsə əmlakının olub-olmadığını asanlıqla müəyyən edə bilirsə , insanları niyə belə çətinə salır ? Yoxun üzü qara olsun , olmayan nəyəsə ödəniş etmək sosial hökumətə para gətirə bilər , başucalığı isə yox....
Məğrur Bədəlsoy  
Teref.az 
Аidiyyatlı orqanların mövqeyini dinləməyə hazırıq!
Tarix: 18-12-2019, 22:06
Xəbəri paylaş





Xəbər lenti