Azərbaycanda pullu adamların sosial məsuliyyət(sizlik) problemi...

 Prezident İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədə imkanlı adamların sosial məsuliyyətinin necə olması ilə bağlı fikir bildirib.
Dövlət başçısı qeyd edib ki, bu il olan zəlzələnin üstündən 10 ay keçib və bütün əsas tikinti işləri artıq başa çatıb: “Minlərlə ev tikildi, təmir və bərpa edildi. Bəziləri deyir ki, indi vətəndaşlar gərək bu evləri özləri bərpa etsinlər, gərək sığortalasınlar. Əlbəttə, gərək sığortalasınlar. Mən də söz düşmüşkən bunu deməliyəm, o cümlədən, ticarət obyektləri, onların hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin. Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil. Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı bu, ədalətsizdir. Dövlət kimə kömək etməlidir, ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir. Mən bunu sahibkarlara dəfələrlə demişəm, onların sosial məsuliyyəti olmalıdır. Pul qazanırlar, dövlət şərait yaradıb, harada belə şərait var? Ölkələr var ki, od içindədir. Bizim bölgəmizdə, Yaxın Şərqdə, Avropada, Asiyada, Latın Amerikasında müharibələr, münaqişələr, qanlı toqquşmalar, kütləvi etirazlar, polis zorakılığı, dağıntılar baş verir. Bizdə sabitlikdir, kim yaradıb bunu, biz, kim faydalanır, bütün vətəndaşlar, o cümlədən, sahibkarlar. Rahat yaşayırlar, heç kim onlara dəymir, əksinə, Prezident həmişə onları dəstəkləyir. Getsinlər camaata, kasıba əl tutsunlar. Biz o insana kömək edirik ki, onun ehtiyacı var. Şamaxıda, Ağsuda, İsmayıllıda zəlzələ baş verdi. Biz necə biganə qala bilərdik, vətəndaşlar qışda donsunlar? Ona görə biz dərhal vəsait ayırdıq, bütün qurumları səfərbər etdik və 10 ay ərzində qış gələnə qədər onların evləri tikildi və təmir edildi. Bax, bu, bizim məsuliyyətimizdir, o insanlar ki, doğrudan da ehtiyac içindədirlər, o evləri özləri bərpa edə bilməzlər. İndi o evləri sığortalamaq üçün maarifləndirmə işləri aparılmalıdır. Ancaq hansısa biznesmenə, böyük mülklərə sahib olan varlı bir adama dövlət niyə kömək etməlidir? Qətiyyən elə şey ola bilməz və hər kəs nəticə çıxarsın".
Göründüyü kimi, ölkə başçısı bəzi imkanlı adamların həm dövlətlə münasibətdə, həm də cəmiyyətlə təmasda insaflı olmalarını istəyir. Ölkə başçısı haqlı olaraq qeyd edir ki,  bəzi imkanlı şəxslər öz sosial məsuliyyətlərini lazımınca dərk etmirlər. Ölkə başçısının imkanlı adamlara verdiyi bu mesajdan onlar hansı nəticələri çıxarmalıdırlar?
  • Aydın Hüseynov: “Hər bir sahibkar dövlətin ona yaratdığı şəraitdən bəhrələnərək fəaliyyət göstərir, biznesini qurub, öz büdcəsini formalaşdıra bilir”
Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cənab Prezidentin dəyərli fikirlərindən hər bir iş adamı və imkanlı şəxslər nəticə çıxarmalıdır: “Biz artıq müstəqil ölkədə yaşayırıq. Bu ölkədə fərdi mülkiyyətçilik geniş inkişaf edib. Bəzən görürsən ki, insanlar pul qazananda dövlətin yanında olmaq, hansısa sosial layihələrə zərrə qədər də olsun dəstək vermək istəmirlər, amma bir malına zərər toxunanda dövlətdən pul istəyir. Əksəriyyəti də mağazasını, malını, mülkünü sığorta etdirmir. İnsanlar pul qazananda bu barədə əvvəlcədən fikirləşməlidirlər. Ölkə başçısı çox doğru olaraq qeyd etdi ki,  bütün dünyada belə hallarla bağlı dəyən ziyanı sığorta şirkətləri qarşılayır. Bunun üçün də iş adamı öz məsuliyyətini dərk etməlidir. Hər bir sahibkar dövlətin ona yaratdığı şəraitdən bəhrələnərək fəaliyyət göstərir, biznesini qurub, öz büdcəsini formalaşdıra bilir. Dövlət onlara güzəştli kreditlər verir və bacardığı qədər arxalarında durursa, bundan sui-istifadəyə yol verə bilmərik. Bunun müqabilində hər bir imkanlı şəxsin üzərinə həm də bir sosial məsuliyyət düşür”.
Millət vəkilinin sözlərinə görə, bəzi adamlar çox zərərli psixologiya ilə yaşayırlar: “Dövlətdən nə qoparsam qənimətdir prinsipilə hərəkət etmək çox zərərlidir. Sosial məsuliyyətli olmaq, kasıblara əl tutmaq həm də savabdır. Bu, Allah qarşısında da bəyənilən əməldir. Bu baxımdan da hesab edirəm ki, ölkə başçısının tövsiyələrinə əməl etməklə iş adamları həm nümunəvi vətəndaş modelinə uyğun hərəkət etmiş olurlar, həm də mənəvi cəhətdən saflaşırlar. Hiss olunur ki, artıq yeni nəsil iş adamlarında bu göstəricilər inkişaf edir. Sizin də üzərinizə böyük yük düşür. Xahiş edirəm ki, belə fikirlərin cəmiyyətdə daha çox yayılmasına dəstək verəsiniz”.
Tarix: 21-12-2019, 09:30
Xəbəri paylaş





Xəbər lenti