Gələn il yanvarın 1-dən qüvvəyə minəcək “Tibbi sığorta haqqında” Qanunda nəzərdə tutulan icbari tibbi sığorta haqları ilə əlaqədar keçid müddəaları təsdiqlənib. Qaydaya əsasən aşağıdakı maddələr 2020-ci il aprelin 1-dən qüvvəyə minir:
Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər - dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına 90 manat;
- muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə - sığortalı tərəfindən işçinin əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əmək haqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;
- Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə - minimum aylıq əmək haqqının 4 faizi;
- mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər üzrə - gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi;
- Qeyd edilənlərdən başqa digər sığortaolunanlar üzrə - minimum aylıq əmək haqqının 48 faizi;
- Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən olunmuş sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə istehlak qiymətləri indeksinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.
Qeyd edək ki, bu qanun (16-4.4-cü və 16-4.5-ci maddələrdə nəzərdə tutulan maddələr istisna olmaqla) 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bəs daha hansı yeniliklər gözlənilir?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib:
“Dövlət bu məsələdə çox böyük dəstək verir. Belə ki, dövlət maddi cəhətdən büdcənin əsas yükünü öz üzərinə götürüb və bu yükün əsasən dövlətin üzərində olması bizim qurumumuzun da verəcəyi tibbi xidmətin çox yüksək olmasını tələb edir.
Birmənalı olaraq hər bir vətəndaşımız günümüzün tələbinə uyğun tibbi xidmət ala biləcək və bunu ödəniş etmədən əldə edəcək. Əgər vətəndaşımız inzibati tibbi sığorta çərçivəsində xidmət almalıdırsa, bu xidmət veriləcək. İnzibati Tibbi Sığorta hər bir vətəndaşa keyfiyyətli xidmət edəcək. Dünyanın hər bir yerində olduğu kimi bu sosial layihədir. Bu bizdə bir qədər fərqlidir. Belə ki, dövlət başçımız hər zaman vətəndaş tərəfindən çıxış edir. Buna görə də əsas yükü də dövlət öz zərinə götürüb ki, vətəndaşı hər bir tibbi xidməti ala bilsin.
Həmçinin tibb sahəsində çalışanların da maddi rifahı yüksəldiləcək. Bunu onlar yanvarın 1-dən hiss edəcəklər. Eyni zamanda xəstəxanaların maddi texniki bazası agentlik tərəfindən təmin ediləcək".
Şükür Eyvazov bir daha vurğulayıb ki, tibb işçilərinin maaşlarında xeyli artım olacaq:
“Bu barədə agentliyin saytında məlumat dərc ediləcək”./“Yeni Müsavat”/