Vahid Əhmədov: “Prezident göstəriş vermişdi, təəssüf ki…”

Gələn ilin yanvarından etibarən Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına dair qanunvericiliyin tətbiqi sahəsində ciddi addımlar atılacaq.

Lakin ölkə miqyasında vətəndaşların daşınmaz əmlakının əksəriyyəti sığortalanmayıb. Ya onların sığortadan xəbərləri yoxdur, ya da normal nəzarət olmadığından əksəriyyət sığortadan yayınır.

Digər tərəfdən, daşınmaz əmlakın sığortasını çətinləşdirən bir sıra texniki problemlər də var.

Əvvəla, Bakı şəhəri və Abşeron yarımadasında yarım milyona qədər sənədsiz ev var. Bu evlərin sahibləri istəsələr belə, əmlaklarını sığorta etdirə bilməzlər.

Mülkiyyət sənədi olmadan bu, mümkün deyil. İkinci məsələ budur ki, Bakının əksər yerlərində binalar var ki, Nazirlər Kabinetinin qərarı ilə onlar sökülməlidir.

Qanun isə deyir ki, plana düşən – sökülməsi nəzərdə tutulan əmlak sığortalana bilməz. Üçüncü məsələ, qəzalı binalardakı mənzilləri də sığortalamaq qadağandır.

Nəhayət, ən mühüm problem budur ki, Daşınmaz Əmlak Komitəsinin bazası ilə İcbari Sığorta Bürosunun məlumat bazası inteqrə olunmayıb.

Milli Məclisin V çağırış üzrə deputatı Vahid Əhmədov “Yeni Müsavat”a bildirdi ki, əmlak sığortasının tətbiqi çıxarışı olan mənzillərə şamil ediləcək.

Onun sözlərinə görə, 2011-ci ildən qüvvəyə minən “İcbari sığortalar haqqında” Qanunun icrasına indi başlanır: “Əgər ev sənədsizdirsə, sığortalana bilməyəcək. Prezident göstəriş vermişdi ki, yanvara qədər bütün sənədsiz evlərin çıxarış məsələsi həll olunsun. Ancaq təəssüflər olsun ki, müvafiq qurumlar bunu başa çatdırmadı.

Mən bu işin yubadılmasını başa düşə bilmirəm, çünki prezidentin qərarı var. Bu, çox ciddi məsələdir.

Sənədsiz evin heç bir fəaliyyəti olmur və bələdiyyə sənədi ilə hər hansı addım ata bilmir. Ona görə evlərin sənədləşdirilməsi tezləşdirilməlidir”.

Tarix: 26-12-2019, 14:14
Xəbəri paylaş





Xəbər lenti