Qarabağ qazisi evsiz qalıb: “Yağış suyu başımıza damır”- FOTOLAR, VİDEO

 

Qarabağ qazisi Əhli Həbiyev Həbulla oğlu evsiz qalıb.

Musavat.com-a müraciət edən qazi bildirib ki, Xətai rayonunda həyata keçirilən “Ağ şəhər” layihəsi çərçivəsində rayonun keçmiş icra başçısı Razim Məmmədovun göstərişi ilə onun evinin yarısı dağıdılıb. Ə. Həbiyev verilən kompensasiya ilə razı qalmasa da, buna məhəl qoyulmayıb. Qarabağ qazisinin şikayəti əsasında onun hazırda yaşamaqda davam etdiyi Xətai rayonu “Turşu küçəsi” kimi tanınan ünvanda yerləşən evində olduq.

1.jpg (265 KB)

Müşahidə etdik ki, doğrudan da evin iki otağı tamamilə dağıdılıb. Evin uçurulmayan digər hissəsi isə yararsız vəziyyətdədir. Qarabağ qazisi bildirdi ki, məsələ ilə bağlı müvafiq qurumlara dəfələrlə müraciət etsə də, probleminin həll edilməsi ilə bağlı göstəriş verilmir. 

6.jpg (205 KB)

O, başına gələnləri aşağıdakı kimi anlatdı:

“Öncə bildirim ki, 1991-ci ildən 1994-cü illər arası Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib, dəfələrlə müxtəlif dərəcəli güllə və qəlpə yarası almışam. 1989-cu ildən isə bu mənzildə yaşayıram. Bu evlər Dövlət Neft Şirkətinə aid idi. O zaman ev növbəsində olanlara müvəqqəti yaşamaq üçün buradan ev verilirdi. Kim dövlətdən ev alırdısa, onlar buradan köçürülürdü. Mən də dövlətdən ev almadığım üçün o zamandan burada yaşamaqda davam edirəm. 2013-cü ildən “Ağ şəhər” dövlət layihəsi əsasında bu ərazilərdə söküntü işləri həyata keçirir. Sökülən evlərin sahiblərinə o zaman hər kvadrat üçün 1500 manat kompensasiya ödənilirdi. Düzdür, camaatın arasında narazılar var idi. Ancaq verilən kompensasiya o zaman üçün yüksək idi. Bizim evin yarısını 2016-cı ildə söküb, bu vəziyyətə saldılar. Həmin ərəfədə hər kəsin evini sökürdülər, mənim evimə dəymirdilər. 2016-cı ildə Razim Məmmədovun icra başçısı olduğu dövrdə məni icra hakimiyyətinə çağırdılar. Dedilər ki, gəl səni yola salaq, get. Dedim ki, heç mənim də toz-torpağın içərisində qalmaqdan xoşum gəlmir. Kompensasiyanı verin, köçüm. İcra hakimiyyətinin tərkibində Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi və Razim Məmmədovun da qohumu olan Əvəz İsmayılov mənə dedi ki, sənə 80 min manat kompensasiya verəcəyik. Onlar mənim evimi 123 kvadrat ölçmüşdülər. Ancaq heç öz ölçülərinə uyğun da kompensasiya vermirdilər. Rafiq müəllim icra başçısı təyin edildikdən sonra evim yenidən ölçüldü və real olaraq 213 kvadrat olduğu təsdiqləndi. Razim Məmmədov burada çox adamı aldatdı. Kim razılaşmırdısa, texnikanı salıb, evi dağıdırdı. Mənim də evimi 2016-cı ildə özüm evdə olmadığım halda söküblər. Əvəz İsmayılov oğlumu aldadıb ki, guya məndən söküntü üçün icazə alıb. Oğlum zəng edib bu barədə mənə xəbər verəndə dedim ki, 15 dəqiqəyə gəlirəm. Mən gələnə qədər 2 otağımı söküb, getmişdilər. Burada 5 nəfər ailə üzvümlə birlikdə yaşayıram”.
Ə. Həbiyev söyləyib ki, hava yağışlı olduğu zaman evində yaşaya bilmir: “Yağış yağanda evin içərisinə dolur. Evim tamamilə yararsız vəziyyətə düşüb. Tavan damır, döşəmə uçub-dağılıb. Xahiş edirəm ki, müvafiq qurumlar mənə yardım etsinlər. Hələ bura indi yaxşı vəziyyətdədir. Bir neçə ay öncə toz-torpaq əlindən çölə də çıxa bilmirdik”.

Əhli Həbiyevin problemi ilə bağlı daha geniş formada aşağıdakı videodan məlumat ala bilərsiniz:

Tarix: 2-01-2020, 20:40
Xəbəri paylaş





Xəbər lenti