Nazir ABŞ-da reanimasiyada, nazirlik isə can üstündədir...



Nazir ABŞ-da reanimasiyada, nazirlik isə can üstündədir...
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun ABŞ-da ağır xəstəlikdən müalicə olunduğu artıq kimsəyə sirr deyil.

Hələ yanvar ayında yayılan məlumatda bildirilirdi ki, 4 aydır işə çıxmayan nazir dekabr ayından ABŞ-da xəstəxanaya yerləşdirilib, yanvar ayında isə səhhətində kəskin ağırlaşma olub və komaya düşüb.
Nazirin komaya düşüb-düşmədiyi müzakirə mövzusu deyil. Ancaq fakt odur ki, 7 aydır Azad Rəhimov vəzifə başında deyil və nazirliyi idarə etmir.

Hər ay bir, ya iki dəfə nazir müavinlərindən biri və yaxud nazirliyin rəsmilərindən kimsə Azad Rəhimovun səhhətinin yaxşılaşdığını və qısa zamanda ölkəyə qayıdacağını elan edir. Nazir müavini İntiqam Babayev 2 fevralda, digər nazir müavini İsmayıl İsmayılov 5 martda sonuncu belə açıqlama veriblər. Aradan nə qədər zaman keçib? Hansı dəyişiklik var? Nazir müavinlərinin “yaxın müddət” ölçüsü neçə ildir?

Adamda elə təəssürat yaranır ki, sanki Azad Rəhimov ABŞ-da klinikaya, Gənclər və İdman Nazirliyi isə Bakıda reanimasiyaya yerləşdirilib.

Faktiki olaraq Gənclər və İdman Nazirliyinin fəaliyyəti bir neçə aydır iflic olub. Rəsmi olaraq nazirin əvəzedicisi təyin edilməyib, sadəcə, onun səlahiyyətlərinin icraçısı var. Amma icraçının naziri əvəz etmədiyi ortadadır.

Gənclər və İdman Nazirliyi hətta Vətən müharibəsindən sonrakı prosesdə aktiv şəkildə iştirak etmir və yaxud edə bilmir. Halbuki Vətən müharibəsində vuruşan gənclərdir və nazirlik bu gənclərlə bağlı böyük layihələr, aksiyalar həyata keçirməlidir.

Gənclər və İdman Nazirliyi hansı böyük aksiyalar, layihələr həyata keçirir? Veteranlara, qazilərə hansı psixoloji, mənəvi, məşğulluq dəstəyi göstərir?

Nazirliyin böyür-başında, ona tabe və yaxud onunla çalışan yüzdən artıq QHT var. Bu qeyri-hökumət təşkilatlarının da fəaliyyəti iflicdir, çünki laihələrin icrası prosesi dayanıb.

Bu qeyri-müəyyənlik nə qədər davam etməli və böyük bir nazirlik nə vaxta qədər nazir gözləyə-gözləyə əlini-əlinin üstünə aşırıb gözləməlidir?

Prezident İlham Əliyevin xəstələnən məmuru vəzifədən azad etməsi praktikası yoxdur. Müqayisə etməyi məqsədəuyğun saymasaq da, buna bir neçə dəfə şahid olmuşuq.

Bu, komandaya sədaqət və əxlaq məsələsidir və bu baxımdan İlham Əliyevin bu humanist addımını komandası dəyərləndirməyi bacarmalıdır. Ancaq deyəsən, bacarmır.

Yəni bu kontekstdə Azad Rəhimov dövlətin əhəmiyyətli bir strukturunu iflic etdiyinin fərqində olmalı və istefa mədəniyyəti göstərməlidir. Dünyada hər gün “səhhətinə görə” istefaya gedən məmurların sayı-hesabı yoxdur. Bəzən ən xırda psixoloji gərginliyə görə istefa ərizəsi yazırlar. Burda əsas məqsəd idarə etdiyi sahənin fəaliyyətinin uğurla davam etməsi yolunda əngəli – bu halda özünü – ortadan qaldırmaqdır.
Azad Rəhimovun bu istefa mədəniyyətini nümayiş etdirmək üçün kifayət qədər böyük zamanı olub və var. ABŞ-da 4 ay xəstəxanada yatmaq nə deməkdir?

Kimlərsə A.Rəhimovun istefasını elan edəcək səviyyədə “şüuru üstündə” olmadığını iddia edə bilər. Ancaq nazirlik rəsmiləri onun komada olmadığını, özünü yaxşı hiss elədiyini bildirirlər. Yalanmı danışırlar? Xalqa və dövlətə yalan danışmaq, real informasiyanı gizlətmək məsuliyyət yaradır. Buna görə də rəsmilərin açıqlamalarına inanmaq məcburiyyətindəyik. Onda Azad Rəhimova Gənclər və İdman Nazirliyində son xidmətini göstərmək üçün istefa verməyə nə mane olur?

Bu arada: ABŞ-da müalicə olunan şəxsin nazir və yaxud adi şəxs olmasının heç bir önəmi yoxdur. Orada əsas məsələ klinikanın xidmət haqqının ödənilməsidir.

Azad Rəhimov vəzifəyə böyük biznesdən gəlib və onun hazırda da biznesi aktiv fəaliyyətdədir. Yəni bu böyük məbləği qarşılamaq gücündədir. Onun müalicəsini zatən büdcə qarşılamır.

Ona görə də Azad Rəhimovun istefası onun səhhətində və müalicəsinə heç bir təsir edə bilməz. Əksinə, istefa verməklə, həm yaxşı bir ənənənin bünövrəsini qoya, həm öz imicini qoruya, həm də nazirliyin hazırda vacib olan fəaliyyətini təmin etmiş olardı.

Allah şəfasını versin...

Bakupost.az
Tarix: 27-03-2021, 16:45
Xəbəri paylaş





Xəbər lenti