“Azəriqaz”, “Azərsu”, “Azərişıq” niyə hələ də tam smart tipli sayğac sisteminə keçməyiblər?
Son illər ölkədə istifadə edilən smart tipli sayğacların quraşdırılması ilə çox az hallarda rastlaşmaq mümkündür. Üstəlik, bir sıra hallarda smart tipli sayğacların mexanikilərlə əvəzləndiyinin şahidi oluruq. Vətəndaşlar iddia edirlər ki, mexaniki sayğaclar eyni dövr ərzində smart tipli sayğaclarla nisbətdə daha çox sərfiyyat göstərir. Bəs problemlərə baxmayaraq, niyə “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu”, “Azərişıq” ASC hələ də mexaniki sayğaclar da quraşdırır?
Mövzu ilə bağlı Pravda.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, əslində ölkədə sayğacların yeni növ smart sistemə keçirilməsi ilə bağlı qərar çoxdan verilib.
Onun sözlərinə görə, hətta yeni növ smart sistem hazırda istifadə olunan smart sistemdən də fərqlənir: "Burada artıq telefonla idarə edilə bilən mexanizm mövcuddur. Misal üçün telefonla balans artırmaq mümkün olur və s. Bir müddət əvvəl sayğacların smart sistemə keçirilməsi ilə bağlı müəyyən işlər görüldü, xeyli smart sayğaclar quraşdırıldı. Son zamanlar isə əks prosesin olduğunu müşahidə edirik. Smart tipli sayğacları dəyişib onları manual qaydada işləyən sayğaclarla əvəz edirlər. Bu, açığı, tam olaraq anlaşılan deyil".
Natiq Cəfərli bildirib ki, smart tipli sayğacların quraşdırılması sayəsində həm hesabatlılıq uğurlu aparıla bilər, həm də bu, işçi qüvvəsinə qənaətdir: "Smart sayğaclar olan zaman işçilər əhali ilə yalnız sayğaclarda problem yarandığı zaman təmasda olurlar. Çünki ödənişlər smart kartlar vasitəsilə edilir. Lakin köhnə qaydada işləyən sayğaclarla iş zamanı kimsə hər ay gəlib sayğaca baxmalıdır, qeydiyyatdan keçirməli, hesabat aparmalıdır və s. Bu isə çox zaman vətəndaşların narazılığına səbəb olur. Onlar iddia edirlər ki, ödəyəcəyimiz məbləğ daha artıq göstərilib. Təkrar edirəm, köhnə metoddan istifadə anlaşılan deyil. Bu, əl əməyindən, insan resurslarından qeyri-rasional istifadə anlamına gəlir. Həmin işçilər ora sərf etdikləri müddəti başqa işlə məşğul ola bilərdilər və vətəndaşlar da narahatlıq yaşamazdı. Bu səbəbdən, inhisarçı şirkətlər məsələ ilə bağlı ictimaiyyətə ciddi əsaslandırılmış açıqlama versələr, yaxşı olardı".
Tarix: 7-04-2021, 09:17