Zair Mirzəyevin deməsinə görə, Mehriban Əliyevanın təşəbbüsüylə təhsil alan və işə götürülən uşaq evi məzunları sonradan işdən çıxarılıb"Məni və mənim kimi uşaq evlərindən olan bir neçə məzunu şəxsən Mehriban Əliyevanın göstərişi ilə müddətsiz müqavilə əsasında işlə təmin etməliydilər. Ancaq "Azəriqaz” rəhbərliyi Mehriban Əliyevanı da aldadıb, bizi müddətli işə götürüb. Nəticədə, müqavilənin müddəti bitdikdən sonra işdən azad olunmuşuq”.
İşsizlik problemi ilə qarşılaşanlardan biri də uşaq evlərinin məzunlarıdır. Onlar uşaq evləri, internat müəssisələrini tərk etdikdən sonra nə edəcəklərini, harada qalacaqlarını, tələbatlarını necə qarşılayacaqlarını bilmirlər. Bu səbəbdən uşaq evlərindən məzun kimi ayrılan belə şəxslər çox vaxt küçə həyatı yaşamalı olurlar.
"Mehriban Əliyeva məsələyə əl qoydu”Zair Mirzəyev də 3 saylı uşaq evinin keçmiş məzunlarındandır. 2007-ci ildə uşaq evini tərk etdikdən sonra uzun illər özünə iş, yatmağa yer axtarmalı olub. Nəhayət, günlərin bir günü o, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib. Fondun təşəbbüsüylə Zair Mirzəyev və onunla birlikdə uşaq evinin məzunu olmuş daha üç nəfər 2016-cı ildə SOCAR-ın Qobustandakı təlim-tədris mərkəzinə qəbul edilib. Zair Mirzəyevin sözlərinə görə, mərkəzdə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlik təhsili alıb. 6 aylıq təhsili başa vurduqdan sonra onlar "Azəriqaz”ın Bakı Regional Qaz Satış Departamentində ştatdankənar işə başlayıblar. 2018-ci ildə işçi kimi ştata götürülüblər. "Azəriqaz” uşaq evinin məzunları olaraq onlarla müddətsiz əmək müqaviləsi bağlamalı olduğu halda, müddətli əmək müqaviləsi bağlayıb. Müqavilənin müddəti bitdikdən sonra isə həmin işçilər ixtisara düşüblər.
Zaur Mirzəyev"Tək bizi yox, onu da aldatdılar”
Zair Mirzəyev sözünə davam edir:
"Bizimlə Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi üzrə (əmək müqaviləsi müddətsiz bağlanmalıdır) müqavilə bağlanmalıydı. Ancaq saxtakarlığa yol verərək, həmin maddənin 1-ci hissəsi (müddətli) üzrə əmək müqaviləsi bağlayıblar. Müqavilənin müddəti bitdikdən sonra Əmək Məcəlləsinn 68-ci maddəsinin b bəndini (əmək müqaviləsinin müddətinin qurtarması) və Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsi (müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir) ilə ixtisara düşmüşük. Mən iki maddəylə ixtisara salıblar. Bu isə Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinin (əmək müqaviləsinə yalnız bir əsasla xitam verilməlidir) pozulması deməkdir. Sözüm ondadır ki, bu qurumun rəhbərliyi heç Birinci vitse-prezident Mehriban Əliyevanın da göstərişlərini nəzərə almır. Uşaq evinin məzunlarını daimi işlə təmin etməli olduğu halda, gözdən pərdə asmaq üçün 1 il - 1 il 6 ay işlətdikdən sonra "söhbətin köhnəldiyini” düşünüb, altdan-altdan işçini çölə atır”.
İş məhkəmədədirZair Mirzəyev deyir, "Azəriqaz” Mehriban Əliyevanın tapşırığı ilə işə götürülmüş uşaq evinin dörd məzununa qarşı eyni addımı atıb.
Bu ilin fevralından Zair Mirzəyev və "Azəriqaz”dan işdən çıxarılmış uşaq evinin digər üç məzunu işsiz qalıb. Zair Mirzəyev işə bərpa ilə bağlı məhkəməyə müraciət etsə də, iddiası təmin olunmayıb. O, qətnamədən apelyasiya şikayəti verib. İşini itirməklə o, dolanışıqdan da məhrum olub. Bir tərəfdən də ölkədə hökm sürən pandemiya rejimi ona iş tapmaqda çətinlik yaradıb.
"Azəriqaz”ın Bakı Regional Qaz Satış Departamentindən bildirilib ki, Zair Mirzəyev məhkəməyə müraciət edib və məhkəmə hansı qərarı qəbul etsə, qurum da onu icra edəcək.
Tarix: 17-04-2021, 19:17