"Aparılan islahatların da əsas məqsədi odur ki, əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması təmin olunsun. Eyni zamanda, dövlətin əlilliyi olan şəxslərə qayğısından heç bir hüququ olmadan bəhrələnmək istəyənlərə qeyri-qanuni, saxta yollarla əlillik təyinatları aparılmasının qarşısı alınsın, vaxtilə yol verilmiş belə saxta əlillik təyinatları aşkar olunaraq ləğv olunsun"."AzPolitika.info" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov oxu.az-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, təhlillər apardıqda aydın olur ki, Azərbaycanda əlilliyin ümumi göstəricisi əhalinin altı %-ni təşkil etsə də, pensiyaçıların sırasında əlilliyə görə pensiya alanların çəkisi 30 %-dir."Bu göstərici digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə çox olmaqla, uzun illər əlillik məsələsindən sui-istifadə edildiyini, haqsız qazanc əldə etmək üçün saxta yollarla əlillik dərəcələri alanların olduğunu göstərir", deyə Agentliyin rəhbəri qeyd edib.
Cavid Əbdül-Qədirov bildirib ki, son illərdə 7 000-dən çox saxta əlillik təyinatları aşkarlanaraq ləğv edilib, nəticədə illik 30 milyon, aktuar hesablamalara əsasən uzunmüddətli dövr üzrə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb: "Müddəti bitən və reabilitasiya olunan əlilliyi olan şəxslərin pensiya işlərinin sayında da 16 min azalma müşahidə olunub. Bu da illik 71 milyon, uzunmüddətli dövrdə isə 1,5 milyard manatlıq qənaət deməkdir.
Araşdırmalar əsasında ləğv edilmiş əlilliyə görə pensiya işlərinin böyük hissəsi məhz aylıq 1 000 manatdan yuxarı olan pensiya işləridir".Agentliyin sədri xatırladır ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə, o zaman qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama və müayinələr aparılmadan avtomatik olaraq beş il müddətinə uzadılıb.
"Bu qərar həqiqi əlilliyi olan şəxslərlə yanaşı artıq sağalmış və ya reabilitasiya olunmuş, habelə saxta yollarla əlillik əldə etmiş minlərlə şəxsin də daxil olduğu 190 min şəxsi əhatə edib",-deyə o vurğulayıb.
Cavid Əbdül-Qədirovun sözlərinə görə, 2021-ci ildə əlillik müddəti bitən həmin şəxslərin onlar barəsində e-sistemə tibb müəssisələri tərəfindən daxil edilmiş göndərişləri əsasında əlilliklərinin təkrar qiymətləndirilməsi aparılır, yəni onların əlillik müddətlərinin uzadılması məsələsinə baxılır: "Əlilliyin uzadılmasına dair təkrar müraciətlərə baxılması zamanı cari ilin I rübünün nəticələri göstərir ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 %-nin əlilliyi əsassız və ya saxtadır. Bu isə illik 150 milyon manatadək dövlət vəsaitinin haqqı olmayan, tam sağlam şəxslər tərəfindən saxta yollarla mənimsənilməsi deməkdir".
Agentliyin rəhbəri əsas hədəflərinin hər bir əsassız, saxta əlillik təyinatının aşkar edilərək ləğv olunmasıdır: "Bu, sosial ədalətliliyin də vacib şərtidir və saxta əlillik təyinatları həqiqi əlilliyi olan şəxslərdə də narazılıq yaradır. Əlbəttə, nəyinsə müqabilində yalan, uydurma, şişirdilmiş məlumatlarla diaqnoz yazaraq, əsassız göndəriş tərtib edərək kimlərəsə saxta, əsassız əlillik təyinatı aparılmasına, hətta hər hansı xəstəliyi belə olmayan şəxslərə nə yolla olur olsun əlillik dərəcəsi təyin olunması üçün cəhd edənlər qanun qarşısında məsuliyyət daşıyırlar. Və belələri ifşa olunduqca onlar barəsində hüquq mühafizə orqanlarına da məlumatlar təqdim edilir. Yəqin izləyirsiniz ki, belə məlumatlar mətbuatda da dərc edilərək ictimaiyyətə təqdim edilir".
"Bəzən elə şəxslər olur ki, heç xəbəri olmadan müavinəti, ya pensiyası kəsilir və sonradan öyrənir ki, əlillik müddəti başa çatıb". Bu barədə suala cavabında C. Əbdül-Qədirov deyib ki, əzaların amputasiyası hallarında əlillik müddətsiz, yəni ömürlük təyin olunur. Ümumilikdə digər geridönməz hallarla, yəni sağalması mümkün olmayan ağır xəstəliklərlə bağlı da əlillik müddətsiz təyin edilir.
Onun sözlərinə görə, müddətsiz əlillik təyin edilmiş şəxslərin əlilliklərinin təkrar müayinəsi aparılmır: "Əgər kimsə hansısa şəxsin tutaq ki, əli və ya ayağı amputasiya olunduğu halda təkrar müayinəyə çağırıldığını bildirirsə, bilin ki, bu tamamilə yalandır. Qeyd etdiyiniz məsələ ilə bağlı isə onu bildirim ki, bəzən şəxs şikayət edir ki, bəs əlilliyi olan şəxsdir, lakin xəbəri olmadan pensiyası kəsilib. Belə şəxslər əlillik müddətinə dair öz məlumatlarına nəzər yetirmir, pensiyası, müavinəti kəsiləndə fikirləşirlər ki, yəqin onlara xəbər verilmədən əlillikləri ləğv edilib.
Halbuki onlar bilməlidir ki, onların əlilliyi ləğv edilməyib, sadəcə əlillik müddətləri bitib və belə halda qanunvericiliyin tələblərinə müvafiq olaraq müddəti bitmiş əlilliyin uzadılmasına dair səhiyyə müəssisələrinə müraciət etməlidirlər. Əlillik müddətinin uzadılmasına dair göndəriş (Forma-88) səhiyyə müəssisələri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sisteminə daxil edilməlidir".Sağlamlıq imkanları məhdud uşaqların əlilliyinin ləğv olunması hallarına gəlincə, Agentliyin sədri onu təsdiqləyib: "Doğrudur. Bəzi valideynlər məlumatsızlıqdan sağlamlıq imkanları məhdud uşaqları 18 yaşına çatdıqda sosial ödənişlərin dayandırılmasını əlilliyin ləğvi kimi başa düşürlər və bununla bağlı narazılıq edirlər. Halbuki onlar da bilməlidirlər ki, beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizin qanunvericiliyinə müvafiq olaraq sağlamlıq imkanları məhdud uşaqların (SİMU) 18 yaşı tamam olduqda onların statusunun vaxtı başa çatır. Bu şəxslərə həmin yaşdan artıq əlillik dərəcəsi təyin olunmalıdır. Bunun üçün də müvafiq əlillik qrupunun təyin edilməsi üçün səhiyyə müəssisələrinə müraciət edilməli, 18 yaşına çatmış həmin uşaqlara əlillik dərəcəsi təyin olunması üçün də (Forma-88) səhiyyə müəssisələri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sisteminə daxil edilməlidir. Amma bir mühüm məqamı qeyd edim ki, “Əlilliyin müəyyən olunması” meyarlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni layihəsi qəbul olunduqdan sonra, meyarlara uyğun olduğu halda bu kateqoriyadan olan uşaqlara əlillik artıq 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcək".
Tarix: 4-05-2021, 00:20