Abşeron sakinlərinin zibil problemi: “Təmizləmək yerinə, yandırırlar” – FOTO
Abşeronda şəhidin adı verilən küçə baxımsız vəziyyətdədir. Siam.az xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlərdən şikayət daxil olub. Bildirilib ki, söhbət Abşeron rayonunda Müşviqabad qəsəbəsinə aparan yolda yerləşən Elşən Müslümov küçəsindən gedir. Sakinin sözlərinə görə, küçədə zibil konteynerlər olmadığı üçün ətrafda antisanitar vəziyyət yaranıb: “Zibillər vaxtında daşınmadığı üçün yığılıb qalır. Hər dəfə zibilləri yandırırlar insanları tüstüdən boğurlar. Bu barədə dəfələrlə müraciət etsək də problemin həlli ilə maraqlanan olmayıb. Sakinlərin narazılığına fikir verən yoxdur. Hər dəfə ya axşam, ya da səhər saatlarında qalaq-qalaq yığılan zibilləri yandırıb camaatı zəhərləyirlər”. Sakin iddia edir ki, sözügedən küçəyə yaxın zamanlarda şəhidin adı verilib. Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab verən olmadı.