AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı Azərbaycan Mili Elmlər Akdemiyası adlı bir qurum var. Bu qurum nə ilə məşğuldur? İlk ağla gələn cavab da elmi araşdırmalar, kəşflər deməkdir. Ancaq, bu araşdırma və kəşflərdən xəbəri olan varmı? Son 30 il ərzində bu qurumun hər hansı elmi kəşfi istehsalata tətbiq olunubmu? Dünya süni intellekt mərhələsinə daxil olub, innovativ texnologiyalar sürətlə inkişaf edir, ancaq bütün bunların AMEA – ya heç bir isti – soyuğu yoxdur. Niyə bu qurumun fəaliyyətində hesabatlılıq yoxdur, səmərəsiz fəaliyyətə görə heç bir məsuliyyət hiss olunmur? Dövlət başçısının elmin inkişafı ilə bağlı 2015 – ci ildən bu günə qədər 200 fərman və sərəncamı var. Ortada isə heç bir nəticə yoxdur. Əksinə, ciddi elmi nailiyyətləri olan alimlər ölkədən baş götürüb qaçır və kənarda öz elmindən yaxşı pul qazanmağa çalışırlar. Bu yolla da illərdir ki, ölkənin elmi kadr potensialı dağılır. Çünki, elm bizneslə, iqtisadiyyatla əlaqələndirilməyib. Bu gün dünyada texnoloji inkişaf, yeni kəşflər ya korporasiyaların, şirkətlərin, ya da ki, Universitetlərin elmi labarotoriyalarında həyata keçirilir. Azad bazar iqtisadiyyatında iqtisadi rəqabət elmi kəşflərə, texnoloji yeniliklər yaratmağa ehtiyac duyduğu üçün, bu sahəyə böyükl sərmayələr yatırılır. AMEA nın “2020 – 2025 ci il üçün inkişaf proqramı” adlı sənədi var. Boş – boş cümlə yığını, qulağa xoş gələn ibarəli ifadələr toplusundan başqa bir şey deyil. Çünki, elmi fəaliyyət iqtisadiyyatla əlaqələndirilməyibsə, istehsalatla əlaqəsi yoxdursa orada inkişaf ola bilməz. Dövlət büdcəsindən ayrılan pulları alıb xərcləməklə, arada bir Heydər Əliyev və müasir nə bilim nə mövzusunda konfranslar keçirməklə ancaq baş qatmaq , elm adına xaltura ilə məşğul olmaq olar.