Evini tərk edən koronavirus xəstələrini asaq-kəsək, amma ehtiyaclarını düşünməyək...


Evini tərk edən koronavirus xəstələrini asaq-kəsək, amma ehtiyaclarını düşünməyək...
“Dövlət bu insanlara nə verib ki, onun da qarşılığında nəsə tələb edir?!”
 
Tez-tez yaşayış yerini tərk edən koronavirus xəstələrinin aşkar edilməsi ilə bağlı xəbərlər alırıq. Bu halda, adətən həmin şəxslərin və eləcə də vəziyyətə münasibət bildirənlərin fikri belə olur ki, məsuliyyətə cəlb olunan şəxs köməksizdir, marketə, aptekə gedəcək adamı yoxdur. Yaşayış yerini də buna görə tərk etmək məcburiyyətində qalıb.
 
Eyni zamanda bunu da qeyd etmək yerinə düşər ki, COVID-19 testinin nəticəsi pozitiv çıxdıqdan sonra müvafiq qurumların xəstəliyi necə keçirdikləri, həmin şəxslərin karantin günlərində ehtiyaclarının qarşılanıb-qarşılanmaması ilə maraqlananların olmamasından şikayətçi olanlar da kifayət qədərdir. Bu şikayətlərə baxmayaraq, evdən çıxmamaqla bağlı xəbərdarlığa məhəl qoymayanlar məsuliyyətə cəlb olunurlar.

Mövzu ilə bağlı AYNA-ya danışan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov deyib ki, bununla bağlı Cinayət Məcəlləsinə 139.1 maddəsi əlavə edilib və həmin maddə özündə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə cinayət məsuliyyəti normalarını ehtiva edir: “Həmin maddənin məzmunundan görünür ki, karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda, yəni şəxs COVID-19-a yoluxduğunu bilə-bilə ictimaiyyət arasında olarsa, insanların həyatını təhlükəyə atarsa, bu zaman 2500 manatdan 5000 manatadək cərimə oluna bilər və ya 3 ilədək azadlığın məhdudlaşdırılması və yaxud 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılar”.
 
Vəkilin sözlərinə görə, cinayətin ağır hesab edilməsi koronavirus xəstəsinin bilərəkdən, qəsdən başqalarını yoluxdurması və ağır nəticələrə səbəb olduğu halda olur: “Məsələn, insanların kütləvi yaşadığı yerdə bütövlükdə böyük bir qrup insanı yoluxdurarsa, vəfat hadisəsi olarsa, bu zaman 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Yəni karantin qaydalarının pozulması ilə bağlı Cinayət Məcəlləsində olan müddəa ondan ibarətdir ki, COVID-19-a yoluxmuş şəxs bunu qəsdən etməlidir. Virusa yoluxduğunu bilməyibsə, əlamətlər hiss edilmədiyi halda küçədə olubsa, bu zaman cinayət məsuliyyətinə cəlb olunmadan söhbət getmir”.
 
“Yalnız o halda cinayət məsuliyyətinə cəlb oluna bilər ki, COVID-19-a yoluxduğunu bilir və yaxud ciddi əlamətləri aşkar olunub, lakin bunlara baxmayaraq, yaşayış yerini tərk edib, insanların toplaşdığı yerlərə gedib. COVID-19 xəstələrinə bununla bağlı xəbərdaredici mesajlar da göndərilir, şifahi şəkildə xəbərdarlıq da edilir ki, başqalarını yoluxdurma riski yüksək olduğuna görə yaşayış yerini tərk etməsinlər”, - deyə Qaraşov bildirib.

“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova isə AYNA-ya söyləyib ki, Azərbaycan sosial dövlətdir və buna görə də bu cür hallarda bir sıra məqamlar nəzərə alınmalıdır: “Məsələni hüquqi baxımdan qiymətləndirəsi olsaq, qanunu bilməmək insanı məsuliyyətdən azad etmir. Təbii ki, həmin insan cəzalandırılırsa, bu da qanun çərçivəsində edilir. Lakin bizim konstitusiyaya görə, Azərbaycan sosial dövlətdir. Buna görə də həmin insanın tənha yaşayıb-yaşamadığına, ehtiyaclarını ödəyəcək kimsəsinin olub-olmadığına baxmaq lazımdır”.
 
“Eyni zamanda, özünün bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və yaxud da digər müvafiq qurumlara müraciət edib-etmədiyinə diqqət etmək gərəklidir. Əgər müvafiq qurumlara xəstə olduğu günlərdə ehtiyaclarını qarşılayacaq kiminsə olmaması ilə bağlı müraciət edibsə, o zaman vətəndaş bunu məhkəmədə əsaslandıra bilər. Lakin məlum olsa ki, bu kimi hallar yoxdur, o zaman təkcə yaşayış yerini tərk etməklə bağlı yox, eyni zamanda da virusa yolxuduğunu bilə-bilə karantin rejimində virusun yayılması ilə bağlı təhlükə təşkil etdiyinə görə də məsuliyyətə cəlb oluna bilər”, - deyə müsahibimiz vurğulayıb.
 
Səfərova qanunun hümanistlik prinsipinin olduğunu da diqqətə çatdırıb: “Bu prinsipə baxsaq, ola bilsin ki, məhkəmə prosesində mübahisələndirildikdən sonra yuxarı istansiyalarda həmin adamın cəzası yalnız inzibati cərimə ilə yekunlaşdırılsın”.
 
Məsələnin sosial tərəfini qiymətləndirən təşkilat rəhbəri ölkəmizdə sosial işçilərin olmamasına toxunub və bunun sözügedən situasiyaya təsirindən danışıb: “Bizdə sosial işçilər yoxdur. QHT-lər, vətəndaş cəmiyyətləri illərdir qurumlara sosial işçilərin hazırlanması ilə bağlı müraciətlər edir. Yerli icra strukturlarında da əhali ilə qapı-qapı işləməli olan qurumlar yoxdur. Bizim tələbimiz o deyil ki, bütün dövrdə sosial işçilər işləsin. Amma virus aşkarlandıqdan sonra TƏBİB bunu əvvəlcədən planlaşdırmalı, o ailələri qiymətləndirməli idi. Onlara sosial işçi yönləndirmək olardı ki, heç olmasa ilkin ehtiyacları qarşılansın”.
 
Həmsöhbətimiz sosial dövlət anlayışına da toxunub: “Təəssüf ki, işlək mexanizm yoxdur. Hansısa məsələni mübahisələndirəndə belə, ona yalnız hüquq prizmasından baxa bilmirik. Dövət işlək mexanizmli bir sistem qursa idi, bu baxımdan haqlı olardı. Çox təəssüf ki, bütün bu məsələlər yalnız vətəndaşın məsuliyyəti olaraq qiymətləndirilir. Sanki bütün qanunlar vətəndaşlar üçün var, amma bu, dövlət strukturlarına şamil edilmir. Dövlət bu insanlara nə verib ki, onun da qarşılığında bunları tələb edir? Əgər biz sosial dövlət olmasaydıq, bütün bunlar anlaşılan olardı. Lakin sosial dövlətdə yeni həyata keçirilən ideyalarda, dövlət proqramlarında əhalinin sosial rifahının öndə tutulması, bu istiqamətdə proyektlərin həyata keçirilməsi və qanunvericiliyin bu sahədə təkmilləşməsi üçün addımlar atılması vacibdir. Çox təəssüf ki, biz bunu praktikada görmürük”.
 
“Çində pandemiyanın ilk dövründə bütün ehtiyaclar ailələr üçün qapıya qoyulurdu. Hətta hazır yeməklər paylanılırdı. Türkiyədə də bu model var. Bir çox Şərqi Avropa ölkələrində də bunu görmüşəm. Amma Azərbaycanda təəssüf ki, bu təcrübə yoxdur. Belə bir təəssürat yaranır ki, sanki qurumlar vətəndaşı cərimələmək üçün bir bəhanə axtarır. Halbuki maraqlanmaq lazımdır ki, virus aşkarlandıqdan sonra dövlət həmin şəxsə hansı tibbi ləvazimatları pulsuz verib? Nə kimi yardım edib?”, - deyə Səfərova əlavə edib.
 
Ekspert öz praktikasından nümunə gətirib: “Tibb bacısı gəlib testi götürdükdən sonra yaşayış yerini tərk etməməklə bağlı mesaj gəldi. Bundan sonra hansı dərmanları içməli olduğumuzu öyrənmək üçün poliklinikaya özümüz müraciət etdik. Xəstəliyin öhdəsindən şəxsi həkimlə gəldik. Nə poliklinikadan, nə icra hakimiyyətindən, nə TƏBİB-dən hansısa maarifləndirici və ya maraqlandıqlarını deyə biləcəyimiz bir addım atıldı. Karantin dövrü bitdikdən sonra poliklinikada test verdik, neqativ çıxdıqdan sonra məhdudiyyətlər aradan qalxdı, vəssalam. Mən bu praktikanı yaşayan minlərlə insan tanıyıram. Xəstəxanaya müraciət etməsək də, edənlərin ayrı şikayətlərini eşidirik”.
Tarix: 26-05-2021, 22:31
Xəbəri paylaş





Xəbər lenti