Xırdalan sakinləri Bakı-Sumqayıt yolunu bağlayacaqlar – Başçıdan NARAZILIQ
Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olub.Bu barədə
Unikal.org-a 30-dan çox sakin müraciət edib. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciətlər etsələr də, heç bir nəticə verməyib. Belə ki, Şıxəli Qurbanov küçəsi 38 ünvanındakı sözügedən özbaşınalığa göz yumulmasının səbəbi bu tikintini həyata keçirən şəxsin vəzifəsindən sui-istifadə etməsidir. Qanunsuz tikintini həyata keçirən şəxs Cəlilova Gülzar Hüseyn qızıdır.
Onu da qeyd edək ki, prosesdə rayonun hazırda baş memarı vəzifəsini icra edən Şahin Bayramov və icra hakimiyyətinin hüquq şöbəsinin müdiri
Rəşad Qubatov da iştirak edir. Sözügedən tikinti ilə bağlı hazırlanan plan, eskiz və digər icazə sənədlərində
Şahin Bayramovun imzaları var.
Şahin BayramovMəsələ ondadır ki, həmin ərazidə eni və uzunluğu 10x12, hündürlüyü də 12 metri keçməmək şərtiylə yaşayış evi üçün icazə verilib. Bununla bağlı icra başçısı İradə Gülməməmmədovanın imzaladığı sərəncam da var.
Lakin yerli icra hakimiyyəti ilə hər hansı bir formada anlaşaraq, qanunsuz olaraq çoxmənzilli apartman binası tikmək istəyirlər. Artıq binanın bünövrəsi də qazılıb. Bu da ərazidə yaşayanları narazı salıb.
Bu səbəbdən də sakinlər qanunsuz tikintinin dayandırılmayacağı təqdirdə Bakı-Sumqayıt magistral yolunu bağlayacaqlarını, daha sonra Prezident Administrasiyasının önündə etiraz aksiyası keçirmək qərarındadırlar.
Xatırladaq ki, bu cür qanunsuz əməllərə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirmişdi. İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, İ.Gülməmmədovanın bacısı oğlu Babək Alıyev və Tural Ağaməmmədov həbs olunmuşdu.
Cebhe.info
Tarix: 31-05-2021, 23:13