“AZAL ona görə belə bir qayda tətbiq edib ki, insanları soysun” - İTTİHAM


Ötən gün hava yolu ilə Türkiyəyə getmək üçün yeni qaydalar müəyyənləşdirilib. Türk Hava Yollarının məlumatına görə, 8 ölkə istisna olmaqla xaricində Türkiyəyə səfər edən turistlərdən vaksin pasportu və ya “COVID-19”a qarşı immunitet sertifikatı tələb olunacaq. Yəni turistlər ölkəyə girişdən ən az 14 gün əvvəl peyvənd olunduqlarına və ya son 6 ayda koronavirusa yoluxduqlarına dair rəsmi qurumlar tərəfindən verilmiş sənədi təqdim etməlidir. Bu zaman onlardan PCR test nəticəsi tələb edilmir.

Həmçinin qonşu Gürcüstanda da sərhədi keçməklə bağlı oxşar qərar qəbul edilib. İstənilən ölkənin vətəndaşı Gürcüstanın sərhəd buraxılış məntəqələrində istənilən COVID-19 peyvəndinin tam kursunu təsdiqləyən sənəd təqdim edərsə, Gürcüstana daxil ola bilər.

Lakin AZAL-ın pandemiya ilə əlaqədar sərhəd keçmə qaydalarına nəzər saldıqda fərqli bir situasiya ilə qarşılaşırıq. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları hər hansısa bir ölkəyə səfər edərkən həmin ölkənin tələblərindən asılı olmayaraq yola düşməzdən 48 saat əvvəl mütləq PCR testinin nəticəsini Bakıda qeydiyyat masasında təqdim etməlidir.

Məsələyə münasibət bildirən terapevt Rasif Bağırov Yenisabah.az-a açıqlamasında AZAL-ın atdığı addımın dövlət sənədləşməsinə hörmətsizlik olduğunu vurğulayıb:

“Bu, onu göstərir ki, xarici ölkələr Azərbaycanın rəsmi sənədlərinə, gerbinə, möhürünə hörmət edir, amma ölkə daxilində AZAL bunu etməyi bacarmır. Vəziyyəti başqa cür izah etmək mümkün deyil. Bildirim ki, insanlar arasında bu məsələ ilə bağlı böyük narazılıq var. Çünki 48 saat ərzində vətəndaş gedib analiz verir və virus daşıyıcısı olub-olmadığını bilmir, çünki xəstəliyin inkubasiya dövründə insan onu hiss etmir, nəticədə analiz nəticəsi müsbət də çıxa bilər. Belə olan halda isə sənin səfərin baş tutmur və AZAL bilet üçün ödənilən pulun yarısını qaytarır, yarısını isə vermir, “2 gün qalıb, biz sadəcə məbləğin yarsını qaytara bilərik”,-deyir”.

Həmsöhbətimiz hesab edir ki, bu yanaşma birbaşa insanların hüquqlarının pozulmasıdır:

“Elə vaxt təyin ediblər ki, xəstənin qabaqcadan özünü yoxlatmağa, sonra müəyyən prosedurlardan keçməyə imkanı qalmır. Sən virus daşıyıcı olsan, pulunu heç cür tam şəkildə geri ala bilmirsən. AZAL ona görə belə bir qayda tətbiq edib ki, insanları soysun. Bu, insanlardan daha çox pul çıxartmaq məqsədi daşıyır. Heç də sağlamlıq və pandemiyanın qarşısını almaq üçün edilmir. Belə olsa, müddəti bir az uzun tətbiq edərlər. Guya iki günə yoluxmaq olmur? Hətta bir saatın içərisində də virusa yoluxmaq mümkündür.

Türkiyə və Gürcüstanın qərarı çox gözəldir. Bu, dövlətlərarası bir məsələdir və onlar bunu yüksək səviyyədə danışıb həll edirlər. Amma ölkə daxilində AZAL-ın belə bir addım atması əvvəldə də dediyim kimi, Azərbaycan dövlətinin sənədləşdirməsinə hörmətsizlik əlamətidir”.

Vaksin pasportuna sahib olanların test verməsinə ehtiyac olub-olmamasına gəldikdə isə Rasif Bağırov bunun vaksinin növündən asılı olduğunu bildirib:

“Məsələn, “Sinovac”la aparılan vaksinasiya prosesi bir qədər fərqlidir. Bunu həyata keçirən təşkilatlar, “Covid” qərargahının həkimləri də bir müddət əvvəl deyiblər ki, bu vaksinin tətbiqinə baxmayaraq, insanlar maska ilə gəzməlidir.

İkinci bir məsələ isə odur ki, Azırbaycan həkimləri də “Sinovac”ın sadəcə 50-60 faiz effektə malik olduğunu bilirlər. Yəni 40 faiz insanda bu, effekt vermir, deməli, həmin insanların yoluxma və virus yayma ehtimalı var. Ona görə də Avropa ölkələri “Sinovac”la vaksinasiya olunan insanları ölkəyə buraxmır. Düzdür, ÜST bütün vaksinlərin faydalı olduunu deyir. Lakin onsuz da heç kəs bu vaksinin yararsız olduğunu idda etmir, sadəcə ortada faiz məsələsi var, ona diqqət yetirilir. Məsələn, yaşlı adamlarda 80 faiz effektsiz olur, onların yeni immunitet formalaşdırma, antitel yaratmaq qabiliyyəti də yoxdur”.
Tarix: 2-06-2021, 23:23
Xəbəri paylaş





Xəbər lenti