Xaricə getmək istəsəniz, təkcə testə bu qədər xərciniz çıxacaq


Xaricə getmək istəsəniz, təkcə testə bu qədər xərciniz çıxacaq


Məlum olduğu kimi, Azərbaycanda koronavirusa yoluxma sayındakı azalma karantin qaydalarının yumşaldılmasına səbəb olub. Artıq bir sıra ölkələrlə hava yolları açılıb, həyata keçirilən xüsusi reyslərin sayı artırılıb. Ehtimal olunur ki, yoluxma statistikasında azalma davam edərsə, qonşu ölkələrlə quru sərhədlər də açıla bilər. 
Digər tərəfdən, yay mövsümünün başlanması istirahət üçün ölkə sərhədlərindən kənarda yerləşən turizm məkanlarını aktual edir. Ölkədaxili uçuşlar üçün PCR test arayışı tələb olunmasa da, xaricə səyahət etmək istəyənlər getdikləri ölkənin tətbiq etdiyi qaydalardan asılı olaraq PCR testinin neqativ nəticəsi ilə bağlı arayış və ya COVID-19 pasportu tədqim etməlidirlər. 
Bəs PCR testlərini hansı klinikalarda vermək olar? Testdən keçmək üçün hansı şərtlər var? Bunun üçün nə qədər ödəniş tələb olunur?



“Qafqazinfo” bu məqsədlə AZAL-ın xüsusi reyslərlə Heydər Əliyev Beynəlxalq Aeroportundan xarici ölkələrə yola düşən sərnişinlər üçün adlarını açıqladığı klinika və laboratoriyalarda koronavirus (COVID-19) testinin qiymətləri və şərtləri ilə maraqlanıb. 

Məlum olub ki, özəl tibb müəssisələrində qiymət orta hesabla 75 manatdır. Arayış isə təxminən 7-8 saat ərzində vətəndaşa təqdim edilir. 
Referans Klinik Laboratoriyasında PCR test arayışının qiyməti 75 manatdır. Arayış təxminən 3-6 saata təqdim olunur.  
“Leyla Medical Center”də qiymətlər saata görə dəyişir. Məsələn, əgər vətəndaş 6-8 saat ərzində arayış əldə etmək istəyirsə, 75 manat, 3 saat ərzində əldə etmək istəyirsə 95 manat ödəməlidir. 
“Bona Dea”, “Bakı Clinic”də isə həmin arayışın qiyməti 85 manatdır. Hər iki klinikada testin nəticəsi 6-8 saat ərzində hazır olur. 
Mərkəzi Neftçilər Xəstəxanasında COVID-19 testinin qiyməti 70, Respublika Müalicə və Diaqnostika Mərkəzində 75, “Caspian İnternational Hospital”da isə 80 manatdır. Mərkəzi Neftçilər Xəstəxanasında bir gün ərzində hazır olan arayış digər klinikalarda daha tez, təxminən 6-8 saata vətəndaşa təqdim olunur. 
Bioloji Təbabət Klinikalarında uçuş üçün PCR testini Bakı ilə yanaşı Sumqayıt, Göyçay və Masallıda yerləşən klinikalarda vermək mümkümdür. Qiymət 70 azn təşkil edir.
Müraciət etdiyimiz klinikalarda ən bahalı test arayışları Mərkəzi Gömrük Hospitalı, "İnci" Laboratoriyası və “Sağlam Ailə” Ultralabdadır. 

Məsələn, Mərkəzi Gömrük Hospitalında COVID-19 testindən 1-6-cı günlər 09:00-dan 12:00-a qədər keçmək olar. Test nəticəsi həmin gün 20:00-dan sonra hazır olur. Beynəlxalq uçuşla əlaqədar verilən analiz nəticələri ilə bərabər QR-kod da təqdim olunur. Testin qiyməti 89 manatdır. 
"İnci" Laboratoriyasında böyüklərlə uşaqlar üçün COVID-19 testinin qiyməti fərqli müəyyən olunub. Belə ki, böyüklər üçün PCR test arayışına 90, 12 yaşdan kiçik uşaqlar üçün isə 63 manat ödəniş tələb olunur. Həmçinin günortaya qədər verilən testin cavabı axşam saat 19-da, günortadan sonra verilən testin cavabı isə növbəti gün saat 11-də hazır olur. 
Sözügedən klinikalar arasında ən yüksək qiymət “Sağlam Ailə” Ultralabdadır. Bu klinikada PCR testi etdirmək istəyənlər 95 manat ödəniş etməlidirlər. Həmçinin 7-8 saat ərzində hazır olan arayış üçün əvvəlcədən növbə götürmək lazımdır. 
Siyahıda adı olan tibb müəssisələri arasında ən ucuz COVID-19 testi Memorial Klinik və dövlət poliklinikalarındadır. Memorial Klinikdə testin qiyməti 65 manat, 1 və 18 nömrəli Şəhər Poliklinikalarında isə 40 manatdır. Lakin dövlət xəstəxanalarında arayışın cavabı vətəndaşlara bir gün sonra verilir. 

Test üçün lazım olan sənədlərə gəlincə isə bu şəxsiyyət vəsiqəsi, xarici pasport və təyyarə biletidir. Lakin bəzi klinikalar təkcə şəxsiyyət vəsiqəsilə də arayış verə bilirlər.  
Xatırladaq ki, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da etdiyi dəyişikliyə görə, artıq ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmur. Eyni zamanda, ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürülür.
Qeyd edək ki, koronavirus infeksiyası üçün testin neqativ nəticəsi barədə arayış uçuşdan əvvəl 72 saat ərzində alınmalıdır. Testin nəticəsi müsbət olan sərnişinlər uçuşa qəbul edilmirlər.
Tarix: 13-06-2021, 08:41
Xəbəri paylaş





Xəbər lenti