Rusiya iqtisadiyyatı çöküb: Azərbaycanlılar geri qayıda bilər - Buna hazırıqmı?..
Moskva, Rusiya
Ukrayna və Rusiya arasında yaşanan gərginlik hələ də davam edir. Bu gərginlik səbəbi ilə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar isə günü-gündən daha da ağırlaşır.
Bu sanksiyalar Rusiyada çalışan azərbaycanlı sahibkarlara necə təsir göstərəcək? İşləri zəifləyən, batan azərbaycanlıların geri dönməsinə ölkə olaraq hazırıqmı? Orada kiçik və orta bizneslə məşğul olan bəzi həmyerlilərimizlə əlaqə saxlayırıq və hamısı birmənalı olaraq deyir ki, Rusiya iqtisadi cəhətdən dizlərini yerə qoyub. Zəncirvari effektlə bütün sahələr fəaliyyətini dayandırır.
İqtisadçı ekspert
Natiq Cəfərli Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, Rusiyaya qarşı sanksiyalar sərtləşdikcə rubl dəyərdən düşür və bu səbəbdən də orada işləyən azərbaycanlıların da gəlirləri azalacaq.
“Ən az milyon yarım azərbaycanlının Rusiyada yaşadığı bilinir. Onların ölkəyə, ailələrinə göndərdikləri vəsaitlər də azalacaq. Bu da Azərbaycan daxilində sosial problemlərə səbəb ola bilər. Bilirik ki, ailələrin bir çox sosial problemlərini Rusiyadan gələn vəsait həll edirdi.
İkincisi isə odur ki, azərbaycanlılar bir müddətdən sonra inflyasiya nəticəsində işsiz qala bilərlər və böyük bir hissəsi Azərbaycana geri qayıtmaq haqqında düşünə bilər. Üstəlik, Ukraynanın özündə də 250-300 minə yaxın azərbaycanlı var və onların da geri dönüşü mümkündür. Yəni, ölkə olaraq buna da hazır olmalıyıq”.
İqtisadçının sözlərinə görə, Azərbaycan Rusiyadan və Ukraynadan geri dönəcək olan azərbaycanlıları qarşılamaq üçün qəti hazır deyil.
“Günü bu gün də Azərbaycanda işsizliklə, biznes mühiti ilə bağlı problemlər var. Bu problemlərin üzərinə Rusiyadan, Ukraynadan köçənlər də gəlsə, işsizlik və sosial problemlər yaşana bilər”,- deyə bildirib.
Tarix: 3-03-2022, 18:14