Pandemiya ilə əlaqədar dünya ölkələrində tətbiq edilən qadağalar aradan qaldırılır.
Azərbyacanda da martın 6-dan Nazirlər Kabinetinin qərarı bir sıra sahələrə tətbiq edilən qadağalar qüvvədən düşüb. Bundan öncə kinoteatrlar və teatr zallarında tamaşaçı sayına qoyulan məhdudiyyət ləğv edilib. İki ilə yaxındır dəfn mərasimindən başqa digər yas mərasimlərinin keçirilməsinə icazə verilmirdi. Artıq mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə icazə verilib.
Bununla bərabər, toy, nişan mərasimlərinə tətbiq edilən say məhdudiyyəti, eyni zamanda, kafe və restoran, çay evlərinin fəaliyyətinə qoyulan vaxt məhdudiyyəti də ləğv olunub.
Bir sözlə, pandemiyanın həyatımıza müdaxiləsi bitmək üzrədir. Lakin hələ də qapalı məkanlarda tibbi maskadan istifadə və sadalanan xidmətlərdən istifadə etmək üçün “COVID-19 pasportu”, immunitet sertifikatı, peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sənədi tələb olunmaqdadır. Quru sərhədlərin qapalı saxlanması qaydası da hələ qüvvədədir.
2020-ci ilin martından tətbiq edilən bu qadağa nəticəsində ölkəyə gəlmək istəyən turistlər və ölkədən çıxan vətəndaşlar yalnız hava yolundan istifadə etməyə məcburdurlar. Qarşıdan Novruz bayramı gəlir, bayram münasibətilə ölkəmizdə 9 gün qeyri-iş günü olcaq. İlboyu işləyənlər istirahət günlərini həm Azərbaycanın bölgələrində, həm də xarici ölkələrdə, xüsusilə Türkiyə, Rusiya, Gürcüstan kimi qonşu ölkələrdə dəyərləndirmək istəyirlər. Hər il Novruz bayramı ərəfəsində ölkəmizə çox sayda turist gəlir, bayram adət-ənənələləri ilə tanış olur.
Bayram günlərində hava yoluyla qonşu Türkiyəyə gedib qayıtmaq üçün 500 manat vəsait xərcləməlisən. Bu, quru yolla müqayisədə xeyli bahadır. AZAL-ın həmin günlər İstanbula təklif etdiyi ən ucuz bilet 260 manatdır.
Digər bir tərəfdən hazırda Rusiya ilə Ukrayna arasında yaşanan gərginliyə görə Azərbaycan Rusiya ilə hava sərhədlərini bağlayıb. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır, onlar üçün hazırda hər iki yol bağlıdır. Həm Rusiyada gedən prosesləri, həm də xalqımızın ən sevimli bayramı Novruz bayramını nəzərə alsaq bu qadağanın qüvvədə saxlanılmasının müsbət təsiri yoxdur.
Qeyd edək ki, Gürcüstan martın birindən quru sərhədlərini açılması haqqında qəarar qəbul edib. Gürcüstan Koordinasiya Şurasının qərarına əsasən, martın 1-dən tam peyvənd olunmuş və ya 72 saatlıq “PCR” testinin mənfi cavabı olan bütün əcnəbi vətəndaşlara Gürcüstana hava, quru və dəniz yolu ilə daxil olmaq hüququ verilib. Eyni zamanda, Türkiyə bir neçə ölkə üçün, o cümlədən, bizimlə quru sərhədlərini açıbdır.
Belə olduqda, quru sərhədlərinin bağlı qalmasına səbəb nədir?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan Elman Nəsirov bildirib ki, quru sərhədlərlə bağlı məsələ hələ də həllini tapmayıb:
“Pandemiya ilə mübarizə prosesində səylər öz müsbət nətcəsini verməkdədir. Ölkəmizdə bu sahədə qənaətbəxşdir.
Dünyada da vəziyyət müsbət istiqamətdə inkişaf etməkdədir. Bir çoxlarının “üçüncü dünya müharibəsi” adlandırdıqları COVID-19 pandemiyası başa çatmaq üzrədir. Artıq nikbin proqnozlar vermək olar. Ölkəmizdə də bu istiqamətdə atılan son addımlar, xeyli dərəcədə yumşalma proseslərinin həyata keçirilməsi diqqətdən yayınmır.
Burada ən çox narahatlıq doğuran məsələ quru sərhədlərinin açılması ilə bağlıdır. Bu məsələ hələ də həllini tapmayıb. Nəzərə alsaq ki, məlum hadisələr fonunda Rusiya ilə də hava xətləri də bağlıdır. Qarşıdan bayramla əlaqədar istirahət günləri gəlir. Təbii ki, ölkəmizə belə vaxtlarda çoxlu turist gələrdi, həm də Azərbaycan vətəndaşları turist olaraq ayrı-ayrı ölkələrə gedərdilər. Amma indi o baş vermir. Məşhur bir deyim var, tanqonu iki nəfər oynayır. Tanqonu tək oynamaq olmaz. Bu, tək bizim istəyimizlə mümkün deyil, qarşı ölkələrin də analoji addım atmağı vacibdir. Qonşu ölkələr quru sərhədlərini açıb, müsbət tendensiya var”.
Deputat hesab edir ki, qonşu ölkələr bu addımı atıba, Azərbaycan tərəfinin analoji addımları atması istisna deyil:
“Söhbət insanların təhlükəsizliyindən gedir, pandemiya mübarizə konteksində tədrici yumşalmalardan gedir. Hesab edirəm ki, indiki müsbət dinamikanı nəzərə alsaq Azərbaycana da yaxın perspektivdə sərhədlərn açılması mümükün ola bilər. Bayrama qədər quru sərhədlərin açılması ilə bağlı isə siqnallar görünmür, bununla bağlı bir yenilik hiss olunmur”.