Əcnəbi zibildən pul qazanır, biz isə yerə zibil atıb, cərimə ödəyirik...


Zibil qutuları əhalinin sayına görə azdır - nə etməli?

Bakının elə küçəsi yoxdur ki, orada hansısa divarın üstünə ən mədəni halda “Bura zibil atmayın!”, ən kobud halda isə zibil atan şəxsin valideynləri ilə bağlı söyüş-qarğış yazılmasın. Sanki ölkədə, paytaxtda zibilin daşınması ilə heç bir qurum məşğul olmur və bu məsələ vətəndaşın insafına, qarğışdan qorxub-qorxmamasının ümidinə qalıb. Niyə ölkədə bu məsələ hələ də həllini lazımi səviyyədə tapmayıb? Böyük pulların sərf olunduğu dövlət və qeyri-dövlət sektorundakı layihələr niyə effektsizdir? Xüsusən yay aylarında kənar qəsəbələrdə yol kənarına tökülmüş zibillərin ətrafa yaydığı üfunət, yaratdığı antisanitariya bir çox xəstəliklərin mənbəyidir. Bunu necə aradam qaldırmalı?
 Tullantıların həcmi artıb, çünki...
Bu il ölkədə 3486,5 min ton və ya əvvəlki illə müqayisədə 6,4 faiz çox tullantı əmələ gəlib və onların 67,4 faizini bərk məişət tullantıları, 32,6 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranan müxtəlif növ tullantılar təşkil edib.
Ötən il yaranan 2350,0 min ton bərk məişət tullantılarının 74,5 faizi zərərsizləşdirilmək məqsədilə poliqonlara daşınıb, 25,0 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi isə ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 200,6 milyon kVt saat və ya 2019-cu illə müqayisədə 2,4 faiz çox elektrik enerjisi istehsal edilib.
Azərbaycanda tullantılar çeşidlənəcək
Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 24,6 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 20,7 faizi ölkə daxilində satılıb, 1,8 faizi ixrac olunub, 8,4 faizi zərərsizləşdirilmək məqsədilə poliqonlara daşınıb, 44,5 faizi isə müəssisələrdə qalıb.
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2019-cu illə müqayisədə 0,1 faiz az və ya 317,2 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 9,1 faiz olub. Tullantıların 53,8 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşüb. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 61,4 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.
Çirklənmənin əsas mənbəyi neft emalı, neftkimya və....
Dünya miqyasında mövcud problemlərdən biri də ətraf mühitin davamlı üzvi çirkləndiricilər və ağır metallarla çirklənməsinin minimuma endirilməsidir ki, bu, respublikamız üçün də olduqca aktual olub, həlli vacib problemlərdəndir. Bu növ çirklənmənin əsas mənbələri neft emalı, neftkimya, kimya, energetika, tikinti materialları istehsalı, avtonəqliyyat, kənd təsərrüfatında pestisidlərin tətbiqi və tullantıların yandırılması kimi proseslərdir ki, bu mənbələrdən ətraf mühitə dioksinlər, furanlar, bifenil və ağır metallar atılır. Adıçəkilən birləşmələr təbii mühitə, o cümlədən insan sağlamlığına uzunmüddətli neqativ təsir göstərən havada uzun müddət asılı qalan, çətin parçalanan və tərkibində zəhərli birləşmələr olan təhlükəli maddələrdir. Yeri gəlmişkən, Balaxanıda inşa olunan bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodlarının fəaliyyətə başlamasından sonra bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Bu işin digər şəhərlərdə də tətbiqinə çox böyük ehtiyac var.
Hansı ölkələr zibildən gəlir əldə edir?
Maraqlıdır ki, dünyada dünyada zibildən böyük miqdarda gəlir əldə edilir və bunun üçün müxtəlif yollar axtarılır. Məsələn, bir çox ölkələr plastik tullantılardan asfaltların döşənməsində istifadə edir və mütəxəssislər belə asfalt döşəmələrinin digərləri ilə müqayisədə daha keyfiyyətli olduğunu bildirirlər.
Tullantılardan yaranan dəyər
Türkiyəyə nəzər salaq. Burada ilk olaraq tullantıların idarə edilıməsindən daha çox israfın qarşısının alınmasına diqqət çəkilir. Qeyd olunur ki, hər kəsə bəs edəcək qədər qida istehsal olunsa da, hər gün dünyada 25 min insan aclıqdan, yoxsulluqdan dünyasını dəyişir. Hər gün yeddi nəfərdən biri aclıqla mübarizə aparır. Adambaşına düşən günlük kalori 1,5 kq olduğu halda restoranlarda adambaşına 5 kiloya yaxın qida servisi təqdim edilir.
Türkiyə və bir çox ölkələr qida tullantılarının heyvan yeminə çevrilməsi üçün müəyyən işlər görür. Azərbaycanda isə qida tullantılarının heyvan yeminə çevrilməsi təcrübəsinə demək olar ki, rast gəlinmir.
Ümumilikdə isə kənd təsərrüfatı tullantıları 2 yerə bölünür: heyvan və bitki mənşəli. Heyvan mənşəli kənd təsərrüfatı tullantıları dedikdə heyvanların biokütləsindən əldə olunan bioqaz nəzərdə tutulur. Bu bioqazın təxminən 60%-dək hissəsi metan qazından ibarət olur. Bunun üçün ilk öncə biokütlə xüsusi qurğularda toplanır və burada müvafiq şəraitdə qıcqırdılır. Daha sonra isə bioqaz qaztutucu qurğuda toplanır və separatordan keçərək metan qazı tərkibindən ayrılır. Bu metan qazından məişətdə istifadə etmək, eyni zamanda kogenerator qurğusu vasitəsilə ondan elektrik və istilik enerjisi istehsal etmək mümkündür.
Kogeneratorun effektivliyi digər generatorlarla müqayisədə daha yüksəkdir. Bitki mənşəli kənd təsərrüfatı tullantılarına nümunə olaraq qarğıdalı çubuğu, pambıq çöpləri və s. göstərmək olar.
Yerə zibil atan adam 11 il sonra hakim qarşısına çıxarıldı...
Yerə zibil atan nə qədər cərimələnir?
Əlindəki zibili qutuya yox, yerə, divarın dibinə, küçəyə atanlar da az deyil. Qanunvericilikdə bu cür hallarla bağlı konkret müddəalar var. Qeyd edək ki, ölkə ərazisində ətraf mühiti çirkləndirmə halları İnzibati Xətalar Məcəlləsi ilə cəzalandırılır.
Məcəlləyə görə, məişət tullantılarını zibil qutularından kənara atılması hallarına görə 50 manat cərimə nəzərdə tutulub. Qutular qanunla müəyyən edilmiş məsafədən uzaq yerləşdirilibsə, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat cərimə edilə bilər.
Zibilin yandırılaraq, atmosferə zərərli maddələrin atılması halında 8500 manatadək cərimə tətbiq edilə bilər. İctimai nəqliyyatdan istifadə zamanı da tullantılarla yanlış davranışa görə cərimələr nəzərdə tutulur.
Magistral yolları zibilləyən sürücülər 40 manat, sərnişinlər isə 30 manat cərimə edilir. Meşələri zibilləndirən və çirkab suları ilə çirkləndirilməsi halında fiziki şəxslər üçün 600-1000 manat, vəzifəli şəxslərə 2000-3000 manat, hüquqi şəxslərə 6000-8000 manat cərimə nəzərdə tutulur və s. Bəs məcəllənin tələblərinn yerinə yetririlməsinə hansı qurum nəzarət edir?
Qeyd edək ki, bu nəzarət Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub.
Nazirlikdən bəzən qayda pozuntuları ilə bağlı tərtib edilən protokollar və cərimələrlə bağlı məlumatlar yayılsa da müşahidələrimizə əsasən deyə bilərik ki, ətraf mühitin mühafizəsinə elə də ciddi nəzarət yoxdur.
 Sevinc TELMANQIZI
Tarix: 11-03-2022, 10:34
Xəbəri paylaş





Xəbər lenti