Gürcüstan karantin cərimələrini sildi, bəs Azərbaycan?



2 illik pandemiya müddətində ölkədə xeyli insan cərimələnib. Cərimələrin bir çoxu isə ödənməyib. Bu da vətəndaşların başqa hüquqlarına müəyyən əngəl yaradır. Məsələn, belə cəriməsi olan vətəndaş sürücülük vəsiqəsi ala bilməz. Bəs bu cərimələr silinə bilərmi?
Məsələn, bir neçə ay öncə qonşu Gürcüstanda baş nazirin təşəbbüsü və parlamentin qərarı ilə cərimələr silinib. Azərbaycanda da parlament belə bir qərar verə bilərmi?
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, Azərbaycanda vətəndaş törətdiyi xətaya görə aldığı cəriməni 30 gün müddətində ödəməlidir.
Millət vəkili Fazil Mustafa mövzunu “Yeni Müsavat”a belə şərh edib: “Azərbaycanda bu məsələni belə tezliklə bitirmək problemlər yaradar. Vətəndaşların cərimə ödəməsi və başqa məsələlər narahatedici amillərdir. Baxın, pandemiyaya görə vəziyyət yüngülləşib, adam iki il əvvəl vəfat etmiş yaxının yasını indi keçirir. Yenə yemək məclisləri, toplaşmalar baş alıb gedir. Soruşursan ki, yemək vermirdin indi nə olub. Deyir, ”eldən ayıbdır". Amma iki ildir, eldən ayıb olmurdu. Bizim cəmiyyət xəstəlikdən, müharibədən - heç nədən nəticə çıxaran cəmiyyət deyil.

Fazil Mustafa: “Cərimələr mövzusuna toxunmaq tezdir”
Pandemiya insanlara iki ildir bir rahatlıq verib ki, tədbirlərini sadə şəkildə keçirsinlər. Yenə vəziyyəti mürəkkəbləşdirdilər, yenə adamları doldururlar. Toylarda bir az təmtərağı azaldılmalı, yüngülləşməlidir. Cərimələr götürüldü, vəssalam, hamı ağız-ağıza elə bir münasibət yaradacaq ki, bu xəstəliyin qarşısını ala bilməyəcəyik. Ona görə mən hesab edirəm ki, cərimələr mövzusuna toxunmaq tezdir". 

Azər Badamov: “Karantin cərimələrinin ləğvi həm də sosial dəstək sayıla bilər”
İqtisadçı deputat Azər Badamov da mövzu ilə bağlı fikirlərini bildirib: “Pandemiya ilə bağlı tətbiq olunmuş cərimələr insanların məsuliyyətinin artırılmasına xidmət edirdi. Bu cərimələr insanları Operativ Qərargahın tətbiq etdiyi norma və tələblərinə riayət etməyinə bir növ məcbur edilirdi. Son günlər pandemiya səngiyir, azalır, məhdudiyyətlər aradan qaldırılır. Amma vətəndaşlarımıza tətbiq olunan cərimələr isə müəyyən hissəsi ödənilsə də, müəyyən hissəsi qalmaqdadır. Bu, insanların həm də sosial vəziyyətinə mənfi təsirini göstərir. Çox istərdik ki, cərimələr ləğv olunsun. Cərimələrin ləğvini həm də sosial dəstək kimi də dəyərləndirmək olar. Amma hələ pandemiya davam etdiyindən düşünmürəm ki, belə bir addım atılsın. Çünki əgər cərimələr ləğv olunarsa, qüvvədə qalmış tələblərin icrasında insanlar arasında məsuliyyətsizlik yaradacaq. Gələcəkdə isə bunu ləğv etmək mümkündür. Düşünürəm ki, bunu düzgün addım kimi dəyərləndirmək olar”.
Qeyd edək ki, Azərbaycanda martın 6-dan ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib.
Tətbiq edilən tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər. Koronavirus infeksiyasının yayılmasıının qarşısı almaq məqsədilə sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə metodiki göstərişlərdə qeyd olunmuş tövsiyələrə riayət olunması zəruridir.
Tarix: 12-03-2022, 10:07
Xəbəri paylaş





Xəbər lenti