3-cü mkr-n bazarının qarşısındakı “ölü dayanacaq” aidiyyəti qurumları hərəkətə gətirəcəkmi?- FOTO/FAKT
Son illər Bakı şəhərinin bəzi ərazilərində elə bir problemlər, elə bir hoqqalar yaşanmaqdadır ki, onların varlığını görüb eşidən hər kəs vəlvələyə deyil, sanki “zəlzələyə düşməli” olur. Bu sırada paytaxtın Nəsimi rayonu ərazisində yaşanalar da, başqa bir söhbətin mövzusudur. Çünki, gündəlik bu rayonun ərazisində həddi-hüdudu bilinməyən sayda qanunsuzluqlar baş verir ki, bütün bunlar da ümumi mənzərənin varlığını özündə əks etdirir. Məsələn, uzun müddətdir ki, şəhərin 3-cü mkr-n Dairəsi adlanan ərazisindən 3-cü mkr-n Bazarına gedən yolun sağ hissəsində bir dayanacaq quraşdırılıb. Həmin dayanacağın quraşdırılmasına səbəb nə olub, bu hələ də hər kəs üçün qaranlıq qalmaqdadır. Çünki, tam əksəriyyət təsdiq edə bilər ki, qeyd olunan yolda sərnişindaşınma ilə məşğul olan heç bir nəqliyyat vasitəsi hərəkət etmir. O halda ortaya belə bir sual çıxır ki, görəsən qeyd olunan dayanacağı quraşdıran qurum və ya qurumlar, belə bir addımlarını nəyə əsaslanaraq atıblar? Axı, yuxarıda qeyd etdiyimiz kimi həmin yolda sərnişindaşınma ilə məşğul olan heç bir nəqliyyat vasitəsi hərəkət etmir. Deməli, bu işi görməkdə başlıca məqsəd büdcə vəsaitlərinə “əl qoymaq” və bu ad altında müəyyən məbləğdə mənimsəmələrə yol vermək olur.
Qeyd olunan dayanacaqdan heç bir halda istifadə olunmasa da, bu gün həmin dayanacaq piyada yolu ilə hərəkət edən hər kəsi, sürücüləri və digər şəxsləri ciddi problemlərlə üz-üzə qoymaqdadır. Ona görə də, bir media qurumu olaraq belə bir faktın varlığını ictimailəşdirmək qərarına gəldik ki, həm aidiyyatı qurumlar məlumatlı olsunlar, həm də problemin həlli yöndə lazımi addımlarını atsınlar. Düşünürük ki, belə bir problemin varlığını aidiyyatı qurumlar, ələlxüsus Nəsimi RİH-nin rəhbərliyi diqqətdə saxlayıb, bununla bağlı lazımi tədbirlərini də görəcəklər.