Bayramı daha təntənəli qeyd etmirik: - Pulumuz azalıb, ya həvəsimiz?


Novruz bayramına sayılı günlər qalıb.

Yeni həyatın, torpağın dirçəlişini, təbiətin oyanışı özündə cəmləşdirən Novruzu Azərbaycan xalqı xüsusi təntənə ilə qeyd edir. Novruz bayramına qədər 4 çərşənbə bayram edilir.

Hər çərşənbənin də adına, xarakterinə uyğun süfrəyə nemətlər düzülür, yazın xəbərçiləri xoş ovqatla qarşılanır. Novruz süfrəsi xüsusi şirniyyatlarla, yeməklərlə bol olur. Novruzda bolluq, bərəkət, həm də yeni həyatın başlanğıcı kimi bilinən Səməni ilə yanaşı, bir neçə şirniyyat, yemək hazırlanır. Novruz bayramı təkcə zəngin süfrəsi iə deyil, həm də maraqlı adətləri ilə fərqlənir. Novruzun torba atmaq, küsülülərin barışması, tonqal qalamaq, yumurta döyüşmək, kosa-keçəl oyunları kimi maraqlı əyləncələıri var. İlin xoş, bol-bərəkətli keçməsi mənalarını özündə daşıyan adətlərə illərdir böyüklər də, kiçiklər də riayət edirlər. Lakin hər il bu adətlərə daha az rast gəlirik.

Fevral ayından şəhər və kəndin keçələrində yumurta döyüşdürən uşaqlar gözə dəymir, yurdun istiliyini özündə ehtiva edən məhəllə tonqallarının da sayı azalıb. İnsanlarda bayram əhval-ruhiyyəsi az hiss olunur. Bir sözlə, bayramlar əvvəlki təntənəsində qeyd olunmur.

Maraqlıdır, bunun səbəbi nədir?

İqtisadidir, yoxsa psixoloji? Dia.az-ın məlumatına görə, iqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya deyib ki, insanlar bayram xərclərinə əlavə vəsait ayıra bilmirlər:

“2019-cu ildən bugünədək dünyada baş verən pandemiya Azərbaycanda da vətəndaşların istehlak səbətinə çox ciddi şəkildə təsir göstərib. Son iki ildə xüsusilə də xidmət və özəl sektorda geriləmələr və işsizlik vətəndaşların əlavə bayram xərclərinə vəsait ayırması üçün çətinliklər yaradıb.

Bu baxımdan iqtisadiyyatda vətəndaşın həm də psixoloji basqı altında olması və maliyyə itkiləri də xüsusi önəm daşıyır. Azərbaycan iqtisadiyyatı 2020-2021-ci illərdə təxminən 10 faizə qədər kiçilmə göstəriciləri ilə, eyni zamanda, 2021-ci illə müqayisədə 2022-ci ilin yanvar-fevral aylarına görə, ərzaq məhsullarının 17 faiz bahalaşması qeydə alınıb. Əlbəttə, bu, rəqəmlər rəsmi göstərilənlərdən bir neçə dəfə çoxdur. Həm ərzaq məhsullarının bahalaşması, həm pandemiyanın yaratdığı maliyyə azlığı və vətəndaşların işsiz qalması, gəlirlərinin azalması nəticə etibarı ilə bayram tədbirləri üçün əlavə xərclərə imkanını məıhdudlaşdıırb. Bu baxımdan bayram günlərinin milli ənənələrə uyğun olan keçirilməsi ailə büdcəsinə uyğun deyil. Azərbaycanda vətəndaşların bayram xərclərinə maliyyə ayırmaq imkanları azdır. Maliyyə gəlirlərinin azalması bayram tədbirlərinin keçirilmısini səngidir”.

O bildirib ki, Azərbaycan manatının dəyər itirməsi, vətəndaşların əmək haqları, pensiya və müavinətlərin nəzərə çarpacaq artımın olmaması, manatın alıcılıq dəyərini itirməsi nəticəsində gəlirlərin bir neçə dəfə aşağı düşməsi istehlak səbətinə ciddi təsir edir. Bütün bu göstərilənlər, uzun müddətlik qapanma, işsizlik, özəl sektordakı ciddi böhran və geriləmə öz təsirini göstərib:

“Bu baxımdan da heç kim bayram keçirmək haqqında düşünə bilmir. Yaxud çox az sayda insan düşünür”.

Psixoloq Gülər Məmmədova isə Cebhe.info-ya məsələnin psixoloji məqamlarından danışıb. O hesab edir ki, pandemiya və müharibə insanlar ciddi təsir göstərib:

“Dünyada baş verən hadisələr, pandemiya, müharibə insanlarda qəribə bir atmosfer formalaşdırıb. Əvvəlki illər daha sakit, yəni informasiya bolluğu yox idi. İnsanları düşündürən, qayğılandıran səbəbə və məqsədlər bu qədər deyildi. İndi insan bir məqsədinə çatmaq üçün beynini yükləyir, müəyyən mücadilələrlə beynini, ruhunu yorur. Bundan sonra bayramın ənənəvi xüsusiyyətlərini, atributlarını tam olaraq ödəyə bilmir. İnsanın bayram atributları və rituallarını yerinə yetirmək üçün beynin gücü çatmır. Novruz bayramının insanların ruhunda əhəmiyyətli yer tutmamasını deməyə ixtiyarımız yoxdur. Bu bayramın özəl tərəfləri var ki, genetik yaddaşımıza hopub. Nə yaxşı ki,yazın gəlişi, torpağın oyanışı qeyd edilən bayrama sadiqliyimizi qoruyuruq”.

Psixoloq vurğulayıb ki, insanların bayram adətlərini tam yerinə yetirməyə gücü çatmır:

“Ola bilsin insanlar bayramın rəmzlərini, bayram təmizliyinin öhdəsindən gələ bilməsinlər. Xanımlar bəzən sadiq qaldığımız bayram ənənələrindən irəli gələn məsələləri- evlərin tamamilə təmizliyi, şirniyyatların bişirilməsi və digər işləri çatdıra bilmirlər. Bu gün çox insanlar bunu da ertələyiblər. İnsanlar onsuz da hər gün evinin təmizliyinə riayət edir, bəziləri isə bayramın gəlişi ilə üsusi təmizliyi yaratmağı qarşısına məqsəd qoyur. Bayram adətləri hər kəsin öz qavramına görə tənzimlənir. Bu gün bayramların rituallarında müəyyən çıxdaşlar olub. Çünki tarixən də belə olub, bayramın xüsusiyyətlərini özümüz yaradırıq. Heç yerdə yazılmayıb ki, mütləq şəkildə təmizlik işləri aparmalısan, bütün şirniyyat və yeməkləri bişirməlisən, çeşid-çeşid yeməklərdən dadıb mədəni korlamalısan. İnsanlar da bunları azaldaraq onlara lazım olanları alıb, öz qazancına uyğun süfrə açırlar. Əlində- ovcunda olanları bayrama xərcləmək, borc alıb süfrəsini naz-nemətlə doldurmaqla özünü doğrultmaq istəklərinə gərək yoxdur. Bayramın mənəvi tərəfləri daha gözəldir. Böyükləri ziyarət etmək, küsülülərin barışması, arzu və diləklər söyləmək mənəvi yönlərdir”.

Gülər Məmmədova uşaqlarda adət-ənənələrə maraq aşılamaq üçün böyüklərin diqqətli olmalarını qeyd edib:

“Uşaqların daha maraqlı, daha əyləncəli oyunlara üz tutması bayram adətərinə marağı azaldıb. Uşaqları zorla həyətə göndərmək olmaz. Uşaq bunu məcbur yox, içdən gələrək etməlidir. Bu da ailədən gəlməlidir. Əgər uşaqlar bütün günü telefonda oyunla oynayacaqsa, ona bu oyunlar maraqlı gəlməyəcək. Təəssüf ki, get-gedə bu rituallar sönəcək. Bəzi gözəl xüsusiyyətlər var ki, ocaq qalamaq, ağırlığını tonqala atmaq və digər adətləri böyüklər etməklə uşaqlara örnək olmalıdırlar”.
Tarix: 17-03-2022, 16:36
Xəbəri paylaş





Xəbər lenti