Quru sərhədlər açılsın, ya açılmasın? - Deputatlar arasında fikir ayrılığı
“On minlərlə Azərbaycan vətəndaşı Rusiya-Azərbaycan sərhədində qalıb. Belə bir halda Konstitusiyanın müvafiq maddəsini pozaraq onları ölkəyə buraxmamaq doğru yanaşma deyil. Ona görə də ən qısa müddətdə quru sərhədləri açılmalıdır”. DİA.AZ xəbər verir ki, bu sözləri Bakupost.az -a millət vəkili Razi Nurullayev quru sərhədlərinin açılması ilə bağlı danışarkən deyib. O bildirib ki, quru sərhədlərin açılması vacibdir: “İran, Gürcüstan, Türkiyə quru sərhədlərini bizim ölkəmizlə açsalar da, Azərbaycan qonşu ölkələr ilə hələ quru sərhədlərini açmayıb. Ümumiyyətlə, bizdə epidemioloji vəziyyət nəzarət altındadır. Bütün dünyada bu epidemiya ilə mübarizə qaydaları öyrənilib, yeni dərmanlar kəşf edilib. Lakin Azərbaycanda sosial vəziyyət ürək açan deyil. İnsanlar quru sərhədlərlə keçərək xırda ticarət ilə məşğul olurdular. Ən azı 100 minə yaxın insan məhz xırda ticarət vasitəsilə ailələrini dolandıra bilirdilər. On minlərlə Azərbaycan vətəndaşı Rusiya Azərbaycan sərhədində qalıb. Belə bir halda Konstitusiyanın müvafiq maddəsini pozaraq onları ölkəyə buraxmamaq da doğru yanaşma deyil. Ona görə də mən quru sərhədlərinin açılmasının tərəfdarıyam. Bunu Milli Məclisdə bir neçə dəfə səsləndirmişəm, hətta Baş nazirə də müraciət etmişəm. Hesab edirəm ki, bu məsələ ilə bağlı konkret qərar verilməlidir”. Millət vəkili qeyd edib ki, bu, turizmin inkişafı üçün çox vacibdir: “Bu həm də turizmin inkişafı üçün lazımdır. Azərbaycana gələn və getmək istəyən insanların hamısının təyyarə bileti almaq imkanları yoxdur. Avtobuslarla, sərhəddən öz maşınlarından istifadə edərək başqa ölkələrə getmək istəyənlərin də sayı on minlərlədir. Bu insanlar indiki bahalıq şəraitində təyyarə bileti ala bilmirlər. Kiminsə xəstəsi, problemi var, o baxımdan quru sərhədlərinin mütləq şəkildə, gecikdirilmədən açılmasının tərəfdarıyam və buna çağırış edirəm”.
Millət vəkili Rüfət Quliyev məsələ ilə bağlı fərqli düşünür: “Bu qərar Operativ Qərargahın işidir. Gündəlik yeni yoluxan insanların sayı 100-dən də aşağı olsa da, bu, o demək deyil ki, sabah bütün quru sərhədlər açılmalıdır. Quru sərhədlər açılandan sonra, əgər hər gün ölkəmizə minlərlə insanlar gəlsə, yenidən rəqəmlər 5-7 minə çatsa, səhiyyə ocaqlarına böyük təzyiq düşsə, tibb ocaqları buna cavab verə bilməsə, o zaman kim cavab verəcək? Bu məsələdə Operativ Qərargahın qərarlarını gözləmək lazımdır. Fikirləşirəm ki, bu, mərhələ-mərhələ açılacaq. Birinci mərhələdə açılanda nəzarət, monitorinq olacaq. Ona görə bu asan qərar veriləcək məsələ deyil. Biz istəmirik ki, yenə də problemlər yaşayaq. Həmçinin rəqəmlərin azalması o demək deyil ki, xəstəlik tamamilə bitib. Çin ən güclü vasitələrlə bunun qarşısını alırdı, lakin görünən odur ki, yenə də sıçrayışlı artım gedir. Operativ Qərargah bu məsələ ilə bağlı ciddi işləyir. Gündəlik nazirlər, komitə sədrləri məlumatlar verir. Bu addım çox ciddi məsuliyyəti var və Operativ Qərargah boynuna götürür. Ona görə bu məsuliyyətli addımı atmaq üçün hər şey ölçüb-biçilməlidir. Eyni zamanda biz hər şeyə hazır olmalıyıq”.