"Bu qurumlar ötür-ötür oynayır..." - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Qaradağ rayon sakini, Sanqaçal qəsəbəsi Dəmiryolçular küçəsi ev 2, mənzil 43-də yaşayan Qarabağ qazisi, Vətən müharibəsinin iştirakçısı Mirzə Mikayıl oğlu Poladov vəfat etmiş atasına ölüm haqqında şəhadətnamə ala bilmir.
Qaradağ rayonunda yerləşən səhiyyə qurumları Qarabağ qazisini get-gələ salırlar. Dia.az xəbər verir ki, bu barədə M.Poladov Cebhe.info-ya məlumat verib.
“Atam Poladov Mikayıl Mirzə oğlu 4 aprel 2022-ci ildə ürək çatışmazlığından vəfat edib. Ailə üzvlərimiz bu barədə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə müraciət edib. Oradan tibb işçiləri gəlib, arayış verib, təsdiq ediblər ki, atam xəstəlikdən vəfat edib. Faktla bağlı Qaradağ rayon Polis İdarəsi 11-ci polis bölməsinə məlumat verilib. Ordan deyilib ki, dəfn edə bilərsiniz. Dəfn etdik, ertəsi gün Sahil qəsəbəsində yerləşən 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının polinlinika şöbəsinə müraciət etdik ki, ölüm haqqında şəhadətnamə versinlər. Lakin onlar imtina etdi. Dedilər ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti ölümün səbəbini göstəməli, diaqnoz qoymalı idi. Onlar da bunu etməyiblər. Bu qurumlar ötür-ötür oynayır, mən isə ölüm haqqında arayışı ala bilmirəm. Kimə müraciət edəcəyimi də bilmirəm”.
Mirzə Poladov bildirib ki, atası uzun müddət xəstəlikdən əziyyət çəkib.
“Daxili oqranları sıradan çıxmışdı. Qəsəbədə yaşayanlar onu tanıyırdı, qonşular dediyimi təsdiq edə bilərlər. Ölümü isə ürək çatışmazlığından olub. Bizim günahımız deyil ki, həkimlər sənəddə lazım olmayan yazmayıblar. İndi buna görə bizə ölüm kağızı verilmir, problemi həll etməyin yolunu da göstərmirlər ”,-deyə o bildirib.