Mənzil fırıldağını önləmək üçün:Tikilməmiş binaya da “kupça” almaq olar - AKTUAL




Rahat və öz evinin olması azərbaycanlıların ən böyük arzususdur.

Ömürlərinin ən önəmli hissəsini bu arzunu reallaşdırmağa sərf edənlər müəyyən çətinliklə rastlaşırlar. Belə ki, mənzilləri satışa çıxaran tikinti şirkətlərinin bəzisi bir mənzili bir neçə şəxsə satır. Tikilməkdə olan, bəzən təməlini belə qoymadıqları binanın mənzillərini alıcılara təklif edən şirkətlər daxili müqavilə yolu ilə satışı həyata keçirirlər. Müqaviləni də şirkət birtərəfli qaydada hazırladığı üçün alıcıların hüquqları pozulur. Bu cür müqavilələrdə tərəflərin öhdəlikləri göstərilsə də, icra vaxtı dəqiq göstərilmir. Bu isə qanunvericiliyə ziddir. Məlumat üçün bildirək ki, dünən insanları aldatmaqda ittiham edilən iki tikinti şirkətinin rəhbərləri həbs edilib.

“Sahil-S İnşaat” MTK-nın sədri vəzifəsində işləmiş Alaverdiyev Taley Şamil oğlunun “GG Company” MMC-nin direktoru Kərimov Pənah Sudeib oğlu ilə qabaqcadan əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən inşa olunan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət edən vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda saxta müqavilə və maliyyə arayışları tərtib edib vəzifə saxtakarlığına yol verərək çoxsaylı şəxslərin külli miqdarda pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu cür halların yaranmaması üçün hüquqşünaslar hesab edirlər ki, müqavilə notariat qaydada təsdiq olunmalıdır. Mülki Məcəllənin 394-cü maddəsində göstərilir ki, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydada təsdiq olunmalıdır. Hüquqşünaslar şirkətin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış binanın mənzilləri haqqında sərəncam vermək, mənzilləri satmaq hüququnun olmadığını deyirlər. Çünki Mülki Məcəllənin 178.2-ci maddəsinə görə, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

Bəs ev həsrətində olanlar nə etməlidirlər? Bina tikilmədən satılan mənzillərə çıxarış verilməsinə qanunvericilik icazə verirmi? MMC-lər üçün vahid müqavilə forması varmı? Dia.az-ın məlumatına görə, mövzuyla bağlı Cebhe.info-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tikilməkdə olan binalarda bu cür mənfi hallara rast gəlinir:

“Bu cür şirkətlərin sayı çox deyil, lakin onların yaratdığı problemlər ümumilikdə bütün tikinti sektoruna böyük zərbə vurur. İnsanlarda müqaviləli mənzillərə inamsızlıq yaradır. Zamanla bu cür problemlər qonşu ölkələrdə də baş verib, amma hər ölkə öz qanunvericiliyinə uyğun bir mexanizm qurdu və bununla da bu cür halların baş verməsinin qarşısı alındı. Azərbaycanda 2000-ci illərdən başlayaraq çoxmənzilli yaşayış binaların tikintisinə start verilib və 2 minə qədər bina tikilib, təhvil verilib. Bu, çox böyük rəqəmdir. Sadəcə bunların ilkin sənədləşməsi müqavilə formasında aparılır. Vətəndaş istəsə belə, hər hansısa dövlət orqanından MTK-dakı mənzillərlə bağlı məlumat ala bilməsi mümkün deyil. Çünki bazası yoxdur. Bütün baza həmin şirkətin özündə olduğu üçün vətəndaşın xəbəri olmadan bir mənzili 10 nəfərə sata bilər. Təbii ki, bu hallar bina tikilən zaman baş verir, tikildikdən sonra yox”.

Ekspert hesab edir ki, indiyə kimi yaşanan problemlərin əsas səbəbi vahid informasiya bazasının olmamasıdır: “Ölkə Prezidenti 20 illik fəaliyyət planı ilə bağlı sərəncam imzalayıb. Orada bu məsələyə də toxunulub ki, bu cür halların qarşısının alınması üçün 2022-2024-cü illərdə tikilməkdə olan yenitikili binalardakı, yəni müqavilə yolu ilə satılan binaların vahid informasiya bazası yaradılsın. Bu binaların reyestri aparılmır. Bu gün hər hansı sənədlə bağlı vətəndaş arxiv arayışı ala bilir, çünki onun reyestri aparılır, o bazada mövcuddur. Amma bu sənədlərin heç biri bazada olmadığına görə bina təhvil verilənə, çıxarışa qədər vətəndaş həmin sənədlə bağlı məlumat əldə edə bilmir. Təəssüflər olsun ki, bizdə vətəndaş mənzil alarkən binanın keyfiyyətindən daha çox, binanı tikən şəxsin şəxsi keyfiyyətləri ilə maraqlanır. Bu, yaxşı hal deyil. Tutaq ki, vətəndaş bankdan kreditlə pul götürür, bank ondan verdiyi pulun iki mislinə qədər girov, əlavə zamin və nömrələr istəyir. Yəni bank özünü sığortalayır. Amma vətəndaş 100-200 min manat pul verib müqaviləli binadan mənzil alır, vətəndaşın verdiyi pul sığortalanmır, vətəndaşa zəmanət verilmir. Bu cür hallar səbəbindən illərdir eyni problemləri yaşayırıq. Ümumilikdə bunlar bir neçə faiz təşkil etsə də, insanların etibarı zədələnir, böyük şirkətlərin nüfuzuna da xələl gətirir”.

Elnur Fərzəliyev tikinti şirkətləri üçün vahid müqavilənin olmasının problemi həll etməyəcəyini qeyd edib:

“Hər kəs öz istədiyi formada müqavilə hazırlayıb. Təbii ki, oxşar müqavilələrdir. Müqavilə vahid formada olsa belə, əgər reyestri aparılmayıbsa,əsas deyil”.

Ekspert bəzi şirkətlərin bina komleks şəkildə tikilib bitməmiş çıxarış verilməsi məsələsinə də toxunub:

“Bu təcrübə Türkiyədə var. Bəzi şirkətlər var ki, onlar tikilməkdə olan binalara çıxarış verə bilirlər. Bu çıxarış nədir? Torpağın çıxarışı olur, layihə çəkilir, aidiyyəti dövlət qurumları tərəfindən təsdiq olunur və binaya ümumi ilkin çıxarış verilir. Həmin çıxarışdan vətəndaşın mənzilinə çıxarışdan çıxarış verilir. Yəni ümumi layihənin çıxarışı var və bu mənzil də bu şəxsə aiddir. Bu, təbii ki, çox yaxşıdır. Bunu böyük şirkətlər edə bilirlər. Onların maddi-texniki bazası böyük olur. Şirkət gözləmir ki, hansısa vətəndaş mənzil alacaq, ona satdığım mənzilin pulu ilə tikintini davam etdirəcək. Bunlar hamısı şərtdir. Özəl sektor inkişaf etməli, dövlət tərəfindən onlara güzəştlər olunmalıdır. Çünki Bakıda minlərlə sökülməli, istismar müddətini bitirmiş binalar var. Onu sökən özəl sektordur. Amma satışına nəzarət olunmalı, reyestri aparılmalıdır”.

Ekspert şirkətlərin hamısının müqaviləni notariusda təsdiqlətmə tələbinə riayət etmədiyini deyib: “2017-ci ildə belə bir qanun layihəsi təsdiq olundu ki, müqaviləli mənzillərin alqı-satqısı notarial formada aparılsın. Buna bir neçə şirkət əməl elədi. Lakin müqavilənin təsdiqlənməsi notarial olsa da, orada da vahid baza formalaşmadı. Hətta çox mənzillər, şəxslər var ki, adamın alqı-satqı müqaviləsi notariusda təsdiq olunub, amma MTK həmin mənzili başqa şəxsə satıb. Yənu bu cür hallar çoxdur. Hər kəs bunun qarşısında acizdir”.

Tarix: 13-04-2022, 22:57
Xəbəri paylaş





Xəbər lenti