Aprelin 18-də bir neçə İkinci Qarabağ müharibəsi iştirakçıları onlara birdəfəlik sığorta pullarının verilməməsinə etiraz əlamət olaraq Dövlət Sığorta Şirkətinin (Azərsığorta) qarşısında etiraz aksiyası keçirdi. Bu aksiya müharibə əlillərinin əvvəlki etiraz formalarından fərqlənirdi:
- Uzun illərdən sonra ilk dəfə idi ki, Azərbaycanda müharibə iştirakçıları xaotik və dağıdıcı aqressiya nümayiş etdirərək dövlət qurumunun şüşələrini qırdılar, içəri daxil olaraq əməkdaşlarına hücum çəkib təhqir etdilər, əlbəyaxa oldular. Düşünməliyik, bəs bütün bunlar gələcəkdə analoji situasiyalar üçün nümunə kimi qəbul edilə bilərmi?!
- Aksiya keçirən müharibə iştirakçıları İlham Əliyev haqqında tez-tez “Cənab Prezident” ifadəsini işlədərək ona istinad edirdilər, yəni aksiya ümumilikdə hakimiyyətə qarşı yox, bir cavabdeh quruma qarşı yönəlmişdi. Əvvəlki aksiyalardan fərqli olaraq bu dəfə hədəf daha konkret idi.
- Polis orqanları doğru, məntiqli və praqmatik qərar verərək psixoloji-sağlıq durumu yerində olmayan müharibə iştirakçılarının aksiyasına müdaxilə etmədi. Şübhə etmirəm ki, istənilən küçədə baş verən ən xırda hadisə zamanı orada olan polis orqanları müharibə əlillərinin aksiyasından xəbərsiz olublar. Görünür, humanizm prinsiplərini əsas tutulub. Dövlət Sığorta Şirkətinin müharibə əlili tərəfindən döyülən, söyülən əməkdaşı üçün bu hadisə başadüşülən olsa da, orada hər hansı polis əməkdaşının döyülüb-söyülməsi anlaşılan olmayacaqdı. Bütün bu risklər polis orqanları tərəfindən düzgün qiymətləndirilib.
Məsələyə digər iki istiqamətdən də yanaşmaq vacibdir:
Birincisi, qalib ölkə olan Azərbaycan yeni strateji hədəflər müəyyənləşdirib. Hazırda Ermənistanla sülh müqaviləsinin imzalanması əsas müzakirə predmetidir. Bütün dünyanın nəzərləri məğlub İrəvana yox, qalib Bakıya fokuslanıb. Bu baxımdan, daxildə həlli mümkün olan problemlərin şişirdilməsi qətiyyən yolverilməzdir.
Vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar özləri çıxıb getməlidirlər. Müharibə iştirakçıları ilə Prezident arasında süni çatlar yaratmaq həmin məmurların heç də yaxşı aqibətindən xəbər vermir. Hansı məmur işini bacarmırsa, oturduğu dövlət binasını hücuma məruz qoyursa və dövlətə qarşı inamsızlıq yaradırsa, o zaman könüllü çıxıb getməlidir. Onun vəzifəyə hər hansı qohumluq əsasında təyinatı da dövlət maraqları naminə bloklanmalıdır.
Prezident İ.Əliyevin iradəsi ortadadır, bircə o qalır ki, hökumət üzvləri dövlət başçısının iradəsinə əks olan addımlar atmasın, vətəndaşı, əlilləri, qaziləri incitməsin, onların problemlərini vaxtından əvvəl həll etsin. Ölkədə və regionda yeni münasibətlər sistemi yaranır. Hansı məmur bu tələblərə cavab vermirsə, özündə cəsarət tapıb çıxıb getsin.
İkincisi, Vətən uğrunda apardığın savaş elə bu vətənin qanunlarını tapdalamaq üçün heç kəsə haqq vermir. Təbii, sığorta pullarını tələb etmək müharibə iştirakçılarının haqqıdır. Amma bir dövlət binasına soxulub ətrafı dağıdıb-tökmək ciddi məsuliyyət yaradır.
Qeyd edək ki, Birinci və İkinci Qarabağ müharibəsi əlilləri, şəhid ailələri dövlətin müxtəlif sosial proqramları ilə əhatə olunublar. Müharibə əlilləri və şəhid vərəsələri təkcə təqaüd, pensiya və müavinətlə deyil, həm də mənzillərlə, minik avtomobilləri ilə təmin edilirlər. Onlara dövlətin birdəfəlik sığorta ödənişi də həyata keçirilir. Ümumi sığorta məbləği 11 min manatdır. Bu da şəhid vərəsələri üçün nəzərdə tutulub. I dərəcəli əlilliyə görə həmin ümumi məbləğin 80%-i (8800 manat), II dərəcəli əlilliyə görə 60%-i (6600 manat), III dərəcəli əlilliyə görə isə 40%-i (4400 manat) birdəfəlik sığorta ödənişi kimi təyin olunub.
Müəllif: Samir Feyruzov
Tarix: 19-04-2022, 10:41