“Kimin pulu, arxası varsa ƏƏSMN onun işini düzəldir” - NARAZILIQ!


İmişli şəhəri, Lətif Vəliyev küçəsi, 38 saylı evin sakini, 2-ci qrup əlil, beyin xəstəsi, iki tələbə atası Zülfüqarov Mirzalı Əvəz oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimizin vasitəsilə Prezident İlham Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Öncə onu diqqətinizə çatdırım ki, hazırda 47 yaşım var. Uşaqlıqdan xəstə olmuşam. Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə Biləcəri Səfərbərlik İdarəsindən əlil kimi geri qaytarılmışam. Uzun illərdir ki, tez-tez üstümə təcili yardım maşını gəlir, xəstəxanalarda yatsam da ƏƏSMN pensiyamı da, sosial yardımımı da dayandırdı.

Övladlarımın, yaxınlarımın üzünə baxa bilmirəm. Slavyan Universitetinin tələbəsi olan övladım pullu oxuyur, 800 manat təhsil haqqını ödəyə bilmirəm. İki ilə yaxındır ki, VMTAŞ-a sənədlərimi vursalar da imtina gəlir, həkimlər deyirlər ki, ya gedib Bakıda xəstəxanada yatmalısan, ya da pul verməlisən. Hətta dələduzun biri məndən üç min manat istədi ki, “kartını alandan sonra ödəyərsən”. Çoxlarının pensiyasını həmin dələduz təyin etdirib. Kimin pulu, arxası varsa ƏƏSMN onun işini düzəldir.

İmişlidə yalnız “Avtoyol Regional ASC”-nin rəisi Şükür Aslanovdan əhali razıdır ki, o da artıq pensiyaya çıxıb. İmişli rayonunda milyarder, mal-mülk sahiblərinin bir neçəsindən xahiş etdim, hətta RİH başçısı Elçin Rzayevin qəbulunda olub, pensiya, sosial yardımımın düzəlməsinə, ya da işlə təmin edilməmə yardım istədim. Mənə Novruz Bayramı münasibəti ilə deputat Razi Nurullayev əl tutdu, nazirlərə ağız açdı...

İmişli Mərkəzi Xəstəxanasının 1 ildir təyin edilmiş baş direktoru Azər Kazımovun qəbuluna hər ay getdim. Axırda məni hədələdi ki, bura “komxozdur”, ya nədir? Azər Kazımov hərbi prokurorun müavini, general Rasim Kazımovun dogma qardaşıdır. İdarəetmədən xəbəri olmayan, diş həkimi olan Azər həkimi pensiyada olan 4 keçmiş polis qoruyur.

Mərhum baş həkim qonşum idi. Təyin edilən pensiyaların hər birinin kənarına “E” işarəsi qoyub göndərməsini müfəttişlər araşdıranda, o, bildirmişdi ki, “yuxarılar məndən hər ay 5 min pul istəyir”. O da koronavirusdan dünyasını dəyişdi. Mənə söz vermişdi ki, “ya sənin pensiyanı düzəldəcəm, ya da işə götürəcəyəm”. Mərhum Eynulla həkim həm də yaxşı alim idi. Alimin diş həkimi ilə əvəz edilməsi həkim adına təhqirdir. Dünya tarixində görünməyib ki, baş həkim vəzifəsinə diş həkimi təyin etsinlər. Azər həkim cibinin pulu ilə iyirmi iki min manat xərc çəkib, xəstəxananın bütün otaqlarına video-kamera yerləşdirib. General qardaşı, kommunist psixologiyalı, mərhəmətdən uzaq, həm də şəkər xəstəsidir. Ailəsindən də ayrılıb. Əlbəttə, şəxsi işidir, amma beləsini strateji obyektə nəyin qarşılığında təyin ediblər? Bu sualı TƏBİB-ə və RİH başçısına verirəm.

Azər həkim bahalı kreslosunda fırlananda, təmir etdirdiyi bahalı kabinetində məni təhdid edəndə, ona dedim ki: “Başının üstündən ulu öndər Heydər Əliyevin, Prezidentin şəklini götür, onların şəkli altında sənin kimilərin oturması, hədə-qorxu ilə idarə etməsi yolverilməzdir”.

Cənab Prezident!

Sizdən xahiş edirəm, müraciətimin araşdırılması üçün aidiyyəti orqanlara göstərişı verəsiniz”.
//hurriyyet.az//
Tarix: 19-04-2022, 22:25
Xəbəri paylaş





Xəbər lenti