“Xərçəng xəstəsinə məcburi ərizə yazdırıb işdən çıxardılar”
Hüquqşünas: “Vüqar Abbasov işdən çıxarılmasaydı, ailəsi müavinət alacaqdı” SOCAR “Qaz İxracı” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsində çalışan Vüqar Abbasov ağır xəstə olduğu üçün ölümündən bir müddət əvvəl ona məcburi ərizə yazdırıb işdən çıxarıblar. Bunu Meydan TV-yə qardaşı İlqar Abbasov bildirib. Onun sözlərinə görə, son bir ayda qardaşının vəziyyəti kəskin pisləşib, yatağa düşüb, bir neçə gün əvvəl isə vəfat edib. “Vüqar 6 ay idi ki, bülleten götürmüşdü, müalicə alırdı. Bülletenin vaxtı bitdiyi ərəfədə xəbər göndərdilər ki, işə çıxsın. Halbuki xərçəng xəstəsi olduğunu bilirdilər. Martın 30-da müəssisənin Nuru adlı kadrlar şöbəsinin əməkdaşı Vüqar Abbasovun evinə gələrək, ağır yataq xəstəsi olan işçiyə təzyiq edib , ona məcburi işdənçıxma ərizəsi yazdırıb”,-şikayətçi deyib. Qardaşı deyir ki, uzun illərdir bu sahədə çalışan Vüqar ona göstərilən münasibətdən sarsılıb, ərizə yazarkən ağlayaraq işdən çıxmaq istəmədiyini deyib. Ancaq ona qulaq asmayıblar: “Yataqdan güc ilə qaldırıb ərizə yazdırıblar. Bununla da qardaşımın sağalmaq ümidini əlindən alıblar”. İ.Abbasov hesab edir ki, qardaşına tələm-tələsik ərizə yazdıqmaqda məqsəd ölümündən sonra ailəyə ödəniləcək vəsaitin verilməməsi olub. Ailəsi xəstə Vüqarı işdən çıxaranların cəzalandırılmasını istəyir. V.Abbaovun oğlu İkinci Qarabağ Müharibəsinin iştirakçısıdır. “Qaz İxrac” İdarəsinin İnsan resursları şöbəsinin rəisi Mahir Qarayev isə məsələyə “Facebook” sosial şəbəkəsi üzərində cavab yazıb. Bildirib ki, Abbasov işə çıxa bilməməsi ilə bağlı sənəd təqdim etməyib. “Astara Magistral Qaz Kəmərləri Sahəsində (MQKS) işləmiş mərhum Vüqar Məzahir oğlu Abbasov barədə təqdim edilmiş əmək qabiliyyətinin olmaması vərəqələrində qeyd olunduğu kimi, xəstəlikdən əziyyət çəkmiş Vüqar Abbasov 2021-ci ilin 15 sentyabrından fasiləsiz olaraq işə çıxa bilməyib. Mərhum barədə təqdim edilmiş sonuncu əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, əmək qabiliyyətinin 2022-ci il martın 7-dən 14-nə kimi müddətdə itirildiyi təsdiq olunur. Lakin iş günləri sayılan 15-18 mart tarixinədək olan müddət üçün Vüqar Abbasov əmək qabiliyyətinin olmaması vərəqəsini təqdim etməyib. Eyni zamanda, mərhum Vüqar Abbasov iş günləri olan 28 və 29 mart tarixlərində də işə çıxmamış və bu barədə heç bir sənəd təqdim etməmişdir. Astara MQKS tərəfindən Vüqar Abbasovla bağlanmış əmək müqaviləsinə onun və ailə üzvlərinin xahişini nəzərə alaraq 2022-ci il martında 29-da Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə uyun olaraq işçinin öz təşəbbüsü ilə 30 mart 2022-ci il tarixindən xitam verilib”. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyevi isə Meydan TV-yə bildirib ki, Vüqar Abbasov xəstəliyi ilə əlaqədar 5 gün işə çıxmasa da, Əmək Məcəlləsinin 72-ci maddəsinin bəndinə əsasən o işdən çıxarıla bilməzdi. Çünki Abbasovun bir neçə günlüyə işə çıxmaması xəstəliyi ilə əlaqədar üzrlü səbəbdən olub. Qurumun əməkdaşı da onun evinə gələndə yataq rejimində olduğunu görüb və qısa müddət sonra vəfat etməsi də bunu təsdiq edir. Hüquqşünas bildirib ki, ərizə yazmaqla işdən azad olmaq hüququ işçiyə məxsusdur, işəgötürənə deyil. Əmək Məcəlləsinə görə zor və təzyiqlə işçiyə ərizə yazdırmaq qadağandır, bu təzyiq də evində işçi Nuru tərəfindən edilib. Əmək Məcəlləsinin 69.7-ci maddəsi ilə qadağadır. Əmək Məcəlləsinin 69.1-ci maddəsinə uyğun olaraq, işçi ərizə verdikdən 1 ay sonra işdən azad oluna bilər. İşdən azad olması barədə , yəni ərizə yazdığı gün, heç bir əsas olmayıb. Nazirlər Kabinetinin 189 saylı qərarını və işçinin ağır yataq xəstəsi olması nəzərə alınmaqla bir neçə gün gözləmək də olardı. Hüquqşünas bildirir ki, Vüqar Abbasov işdən çıxarılmasaydı, vurulan mənəvi zərərdən savayı işçinin ailəsi ən azından 3 aylıq əmək haqqı məbləğində müavinət alacaqdı. Təşkilatın rəhbəri Mirvari Qəhrəmanlı isə deyib ki, Vüqar Abbasov iki il altı ay onkokoji xəstəlikdən əziyyət çəkib, əvvəlcə ambulator, son 6 ayda isə evdə yataq rejimində müalicə alıb və xəstəlik vərəqələrini müəssisəyə təqdim edib. Bu müddətdə çox ağır və bahalı müayinə, müalicə və kimya terapiyası qəbul edib. Lakin qohumlarının verdiyi məlumata görə, müəssisə və həmkarlar təşkilatı tərəfindən heç bir maddi, mənəvi kömək göstərilməyib. Nazirlər Kabinetinin 189 saylı qərarına əsasən, eyni xəstəlik üzrə 6 ay xəstəlik vərəqi verilir və ödənilir. Vüqar Abbasova da bu qərarda göstərilən qaydada bülleten verilib və mart ayının ortalarında bu müddət qurtarıb. Bu səbəbdən də ona bülleten verilməyib. Belə halda müalicə edən xəstəxana şəxsin sənədlərini Tibbi Sosial Ekspert Komissiyasına göndərir, TSEK də 2 qərardan birini qəbul edir- bir halda şəxsə əlillik təyin edilir, digər halda isə TSEK rəy verir ki, müalicə davam etməlidir və bundan sonra işçiyə bülleten verilməsi davam etdirilir. V. Abbasov da bu barədə müəssisəyə müraciət edib, bu müddətdə ona kömək göstərilməsini, əsas ödənişli və ya ödənişsiz məzuniyyət verilməsini xahiş edib. Lakin idarə işçinin bu qanuni tələbinə əməl etməyib və Nuru adlı kadr işçisini onun evinə göndərib. Nuru isə ağır vəziyyətdə və ağrılar içində olan Vüqara 2 təklif edib, ya Proqula ( icazəsiz iş buraxma) (Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə ) görə işdən qovuruq və ya öz xahişinlə ərizə yazıb işdən azad olunursan. Məcburiyyət qarşısında qalan və ağır vəziyyətdə olan Vüqar da məcburi olaraq ərizə yazıb. Mirvari Qəhrəmanlı qeyd edib ki, mərhum Vüqar Abbasovun ailəsinin təşkilata etdiyi müraciət əsasında, mərhumun pozulmuş hüquqlarının bərpası, Əmək Məcəlləsinin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurorluq orqanlarna göndərilməsi ilə əlaqadar Mediasiyaya və Məhkəməyə İddia ərizəsi hazırlanır. Nuru adlı əməkdaşa məxsus olduğu deyilən telefona isə cavab verilməyib.