Deputatla nazirliyin qalmaqalı böyüyür - qarşılıqlı sərt ittihamlar...


Fəzail Ağamalının ƏƏSMN haqda dediklərinə qarşı tərəfin sərt cavabı ortamı daha da gərginləşdirdi; “Bu gün nazirlik mərhəmət ünvanına deyil, nifrət ünvanına çevrilib”; Fazil Talıbov: “Sadəcə, əvvəlki illərdə müxtəlif yollarla əlillik almış insanların əlillikləri ləğv edilib”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının Milli Məclisin bir gün öncə keçirilən iclasında çıxışı qalmaqala səbəb olub. Belə ki, deputat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) çağırış edib, nazirlikdən izahat tələb edib: “Çıxın televiziyaya, xalqa deyin ki, pensiyanızı biz kəsmişik. Biz nə günahın sahibiyik ki, hamı deputatın üstünə düşür? Bizi hər yerdə buna görə təhqir edirlər”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin deputat Fəzail Ağamalıya cavabı isə gecikməyib. Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov açıqlamasında bir sıra arqumentlər gətirib və deyib ki, deputat populist çıxışlar edir: “Millət vəkili Fəzail Ağamalının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən guya pensiyaların kəsilməsi barədə parlamentdə səsləndirdiyi iddia məsuliyyətsiz yanaşmadır. Əlilliyə görə pensiya və ya müavinət əlillik müddəti ərzində verilir. Həmin müddət bitmədiyi halda sosial ödənişin dayanması halı baş vermir”.
Tərəfin bir-birini günahlandırdığı bu məsələ iki gündür ki, sosial şəbəkələrdə müzakirə edilir, tənqidlər səsləndirilir. Bəziləri deputatın haqlı olduğunu bildirib, pensiyaların kəsilməsindən narazılığını ifadə edib. Bəziləri isə Fəzail Ağamalını qərəzli münasibətdə günahlandırıb.
Bəs görəsən, bu narazılıqların, şikayətlərin əsl səbəbi nədir? Bütün bu deyilənlərin əsası varmı?
Fəzail Ağamalı: "Biz bütün cəbhələrdə qalib gələcəyik"
Fəzail Ağamalı 
“Yeni Müsavat”ın müxbirinə danışan Fəzail Ağamalı deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə kölgə salmaq niyyətində deyil: “Bu mənim düşüncələrimə, fəaliyyətimə yaddır. Çalışmışam ki, məsələlərə obyektiv yanaşım. Əslində bu gün problem əhali ilə ƏƏSMN arasında yaşanır. Kiçik araşdırma aparsanız görərsiniz ki, vətəndaşların müxtəlif platformalarda narazılığı ən çox ƏƏSMN ilə bağlıdır. Millət vəkili kimi bizə digər strukturlardan çox nadir hallarda şikayətlər gəlir. Bu gün vergi, özəlləşmə, sahibkarlıqla bağlı millət vəkillərinə demək olar ki, şikayətlər daxil olmur. Olsa da, çox az olur. 4-5 il bundan qabaq belə deyildi. İndi isə ən çox şikayət ƏƏSMN ilə bağlı daxil olur. Nazirlik görülən işlərlə bağlı kifayət qədər izahat vermədiyinə, ayrı-ayrı strukturlarında iş peşəkar səviyyədə qurulmadığına görə insanlar, hətta onlara qarşı ədalətli münasibət bəsləyəndə belə, bunu ədalətsiz qərar kimi qəbul edirlər. Ona görə də uşaq pulunu qaldıran, pensiyalardan məhrum edilənlər nazirlikdən onları inandıra biləcək cavabı ala bilməyəndə Milli Məclisə, deputatlara üz tuturlar. Bir də dövlətin, millət vəkillərinin ünvanına xoşagəlməz sözlər deyirlər. Bu baxımdan çıxış edərək dedim ki, pensiyalar kəsilirsə, bunun izahatı verilsin, səbəbləri göstərilsin. Nəyə görə biz bu tənqidləri, təhqirləri götürməliyik?! Axı hər hansı vətəndaşın müavinətinin təyin olunması, pensiyanın təyin və ya ləğv edilməsi Milli Məclis üzvlərinin səlahiyyətinə daxil deyil. Nazirliyin səlahiyyətində olan məsələlərdir və onlar buna peşəkar formada cavab verməlidirlər. Niyə nazirliyin əməkdaşları yerlərdə, rayonlarda insanlarla canlı görüşlər keçirmirlər, məsələləri elektron şəkildə həll edirlər?! Rayonlarda, kəndlərdə pensiyaçıların internetdə izahat yazmaq imkanı varmı? Yoxdur! Ona görə rayonlarda canlı görüşlər keçirməlidirlər, insanlar arasında izahat işləri aparmalıdırlar. Görsünlər ki, insanlar onları necə qarşılayacaqlar. Bu gün nazirlik mərhəmət ünvanına deyil, nifrət ünvanına çevrilib. Bu, bizi narahat edir. Bunlara cavab vermək əvəzinə nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov yaşından fərqli açıqlama verir, məni məsuliyyətsizlikdə və populizmdə ittiham edir. Məncə, bu, təkcə onun sözü deyil, həm də nazirin sözüdür. Əgər nazirin sözü deyilsə, onda çağırıb tənbeh etməlidir. Millət vəkili peşəkar sual verib, peşəkar cavab verin. Emosional cavaba nə ehtiyac var?! İşimizi-gücümüzü atıb, qalmaqalla məşğul olmalı deyilik ki. Mən bunun tərəfdarı deyiləm. Fikrimcə, hansısa səbəbdən pensiyalar dayandırılırsa, buna ədalətli yanaşma olmalıdır, obyektiv yanaşılmalıdır. Neqativ hallara yol verilməsin. Cəmiyyətdən bizə çatdırılır ki, orada neqativ hallar var”.
Deputat qeyd edib ki, pensiya təyin olunanların əksəriyyəti 60 yaşdan yuxarıdır və onların iş qabiliyyəti kifayət qədər məhduddur: “Ola bilsin ki, indiki meyarlara görə onlar pensiya ala bilməzlər. Amma onlar başqa planetdən gəlməyiblər ki, onlara da müavinət verilməlidir, hansısa bir yolla dəstək olmalıdır. Bu adamın iş qabiliyyəti yox, pensiya da almır. Xəstə adamdır, dərmanını, evinə çörəyini alsın. Bu da yoxdur. Nəyə görə bunlar Allahın ümidinə qalmalıdır. Minlərlə belə insan var. Mən bu məsələni qaldırmışam, kifayət qədər ədalətli bir mövqedəyəm. Bu vətəndaşlara araşdırılıb, müavinət verilməlidir”. 
Fazil Talıbov Prezident tərəfindən təltif edilib » BAKU.NEWS
Fazil Talıbov
ƏƏSMN-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Bəzi vətəndaşlarda yaranan narazılığın əsas səbəbi məlumatsızlıqdır. Həmçinin qanunvericiliyin tələblərini bilməyən vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini günahkar kimi görürlər. Bu gün ölkəmizdə əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən tam şəffaf şəkildə, vətəndaş və həkim ekspertlərin təması olmadan həyata keçirilir. Vətəndaşın əlilliyi geridönməz hallarla müşahidə olunursa, fiziki vəziyyət sayılır. Geridönməz hal burada sağalmaz xəstəliklər nəzərdə tutulur. Bu şəxslər üçün nazirliyin müvafiq qurumu tərəfindən əlillik təyinatı ömürlük təyin edilir. O vətəndaş bir daha komissiyaya cəlb edilmir, ömrünün sonunadək dövlətin sosial ödənişləri ilə əhatə olunur. Digər qisim əlilliklər isə müddətli əlliliklər sayılır. Bunlar nədir? Əlilliyi olan şəxslərin cəmiyyətə çatdırılması, onların sağlamlığının bərpası, reabilitasiyası istiqamətində dövlət vəsaiti hesabına reabilitasiya müəssisələri tikilərək istifadəyə verilib. Elə xəstəliklər var ki, onlar sağalan xəstəliklərdir. Məsələn, vətəndaşa 5 il bundan öncə 3-cü qrup əlillik təyin edilmişdirsə, sosial dəstək tədbirləri reabilitasiya xidmətləri nəticəsində onun sağlamlığı  əmək fəaliyyətini bərpa etməsi üçün tam imkan verir. Qeyd edim ki, bu əlilliyin müddəti 5 illikdir. 5 ilin tamamında qanunvericilik imkan verir ki, həmin vətəndaş yenidən qeydiyyatda olduğu xəstəxanaya müraciət etsin”.
F.Talıbov əlavə edib ki, vətəndaş müraciət etdikdən sonra İcbari Tibbi Sığorta üzrə Agentliyin nəzdində olan xəstəxanaların həkimləri müvafiq rəy yazmalı, müayinə-müalicə sənədlərini tərtib etməlidirlər: “Və elektron şəkildə ”Forma 88" adlanan sənədi nazirliyin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sisteminə yenidən qiymətləndirmə üçün göndərməlidirlər. Artıq bundan sonra agentliyin həkimləri səhiyyə müəssisəsinin göndərdiyi bildirişlərdə qeyd etdiyi diaqnozu, vətəndaşın müayinə-müalicə sənədlərini, real vəziyyətini sənədlər əsasında, həkim rəyləri əsasında analiz edirlər və qiymətləndirirlər. Qiymətləndirmənin nəticəsində ya əlillik davam edir, yəni təkrar əlillik təyin edilir, ya da imtina qərarı verilir. Əlilliyin müddətinin bitməsi əlilliyin ləğv edilməsi anlamına gəlməməlidir. Təkcə bu ilin 3 ayında 7 mindən çox vətəndaşa əlillik təyin edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Son 3 ildə isə 150 mindən çox vətəndaşa əlillik təyin edilib. Dövlətin sosial ödənişləri təkcə son 3 ildə 3.5 dəfə artıb. Əsas dəyişiklik ondan ibarətdir ki, hazırda əlillik sahəsində qiymətləndirmədə şəffaflıq, ünvanlılıq əsas götürülür. Haqqı çatana əlillik təyin edilir, haqqı çatmayan, əvvəlki illərdə müxtəlif yollarla əlilliyi almış, buna görə dövlətdən qeyri-qanuni sosial ödənişlər alan insanların əlillikləri dayandırılıb. Heç kimin əlilliyi vaxtı keçmədən ləğv edilmir. Bu fikri biz təkzib etmişik, edəcəyik də. Heç bir sağalmaz xəstəliyi olan insanların əlillik pensiyası ləğv edilmir.
Biz əlilliyi olan şəxslərə bildiririk ki, onlar öz hüquqlarını, qanunvericiliyi öyrənsinlər, müddətli əllilliyi olan şəxslər əlilliyin müddətinin bitmə tarixini bilsinlər. Tanınmış şəxslərin də bu sahədə daha çox məlumatlı olmasını tövsiyə edirik".

“Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri, BDU-nun professoru Mayis Əliyevin  mövzu ilə bağlı fikirləri diqqət çəkir: “Əvvəl-axır kimsə bu sistemdə şəffaflıq yaratmalıdır. Sahil Babayev işi üzərinə götürüb. Demirəm, əlilliyin müəyyən edilməsində yüz faiz problem yoxdur. Bunu demək istəmirəm. Ola bilsin ki, səhiyyə sistemində problem var. Bəzən həkimlər sistemə informasiyanı düzgün daxil etmirlər. Çünki əlilliyin qiymətləndirilməsi heç bir əyani müayinə edilmədən həyata keçirilir. Yalnız Tibbi Sosial Ekspert Komissiyası tibb müəssisələrindən, həkim məsləhət komissiyasından daxil olan sənədlərin qiymətləndirilməsini aparır. Onlar heç kimi üzdən görmürlər. Əgər həkimlər onu düzgün doldurmurlarsa da, laborator ekspertizaların nəticələrini, mütəxəssis rəylərini, ixtisaslaşmış tibb müəssisələrinin rəylərini sistemə daxil etmirlərsə, əlbəttə, oradan imtina cavabı gələcək. Problemli məsələlərdən biri budur. Bunun hamısını Tibbi Sığorta Eksperti Komissiyasının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə yıxmaq olmaz. Ən çox narazılıq edənlər də ən çox haqqı olmayan insanlardır. Bəzi insanlar ola bilsin ki, həkimlərin səhvi ucbatından əlilliyi ola-ola əlillik ala bilmir. Burada problemlər var, mən bunu inkar etmirəm. Ancaq bu çox az saydadır. Çünki mən özüm də bir neçə insana kömək etmişəm, həkimlərlə üzləşmişəm. Əyani ərizə yazmışam, əyani yoxlayıb təsdiqləyib, qanunvericiliklə əsaslandırıb, göndərdim, qəbul etdilər. Əvvəl-axır bu sistemdə şəffaflıq olmalıdır da. Hamı dövlətdən pensiya ala bilməz ki. Qanunvericilikdə belə bir şey yoxdur ki, insanın əmək qabiliyyəti var, hər şeyi var, amma pensiya alsın?!”
Qeyd edək ki, iki gün öncə Milli Məclisdə “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul olunub. Bu dəyişikliklərdən bəziləri redaktə xarakterli, bəziləri yeni anlayışların tətbiqi ilə əlaqədar dəyişikliklərdir. Belə ki, qanun layihəsində təklif olunan dəyişikliklərə kişilərin və qadınların pensiyaya çıxma yaşının unifikasiyası, çoxuşaqlı ailələrə güzəştlərin artırılması, eyni zamanda pensiyaya çıxma şərtlərinin sadələşdirilməsi, pensiyanın bir növündən digərinə keçidin, daha tez pensiyaya çıxma hallarının genişləndirilməsi kimi müddəalar daxildir. Bundan əlavə, qanuna dəyişikliklərdə sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçı hərbi rütbəli şəxslərin pensiyasının son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılması, ailə başçısını itirmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, ailə başçısına şəhid statusu verildiyi tarixlə müraciət olunan tarix arasındakı müddət üzrə də pensiya məbləğinin ödənilməsi kimi müddəalar da daxil edilib.
Tarix: 28-04-2022, 10:04
Xəbəri paylaş





Xəbər lenti