“Araz Supermarket”dən 2.5 milyonluq cərimə ilə bağlı açıqlama



“Araz Supermarket” MMC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərara dair açıqlama verib.
 
MMC-dən daxil olan açıqlamada deyilir:
 
““Araz Supermarket” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qaldırılmış işə dair qəbul edilən qərarla tanış olduq. “Araz Supermarket” MMC olaraq, Dövlət Xidməti tərəfindən araşdırma aparılan yazı barəsində vurğulamaq istəyirik ki, adıçəkilən yayılmış xəbərdə təsvir olunan qiymət araşdırması müstəqil marketinq tədqiqatı şirkəti tərəfindən həyata keçirilmişdir. Biz yalnız bu barədə media üçün bildiriş məqsədli məlumat paylaşmışdıq. Həmin yazıda qeyd edilənlər “Araz Supermarket” MMC-nin subyektiv fikirlərinə əsaslanmamışdır.
 
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilən qərara hörmətlə yanaşırıq. Haqqında danışılan xəbəri yayımlayarkən onun 3-cü tərəfə istinad olunduğunu nəzərə alaraq, reklam haqqında qanuna ziddiyyət təşkil etmədiyini düşünürdük.
 
Bununla yanaşı, qərarda bəyan edilmiş cərimənin sərt olduğu qənaətindəyik. Odur ki, cərimə məbləğinə yenidən baxılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarımızdan istifadə edəcəyik.
 
“Araz Supermarket” MMC-nin əsas dəyərlərindən biri də ədalətlilikdir. Biz yalnız öz müştərilərimiz, əməkdaşlarımız və tərəfdaş təşkilatlarla deyil, həm də rəqiblərimizlə münasibətdə ədalətli olmağa çalışırıq.
 
“Araz” supermarketlər şəbəkəsi dövlət orqanları, qeyri-hökumət təşkilatları və media ilə şəffaf, səriştəli ünsiyyətdədir və əməkdaşlıq çərçivəsində daxil olan bütün sorğuları mümkün qədər operativ və dolğun şəkildə cavablandırmağa çalışır.
 
“Araz” supermarketlər şəbəkəsi cəmiyyəti sağlam və keyfiyyətli gündəlik istehlak malları ilə təmin etmək missiyasına sadiqdir. Logistika, distribusiya və meyvə-tərəvəz sahəsində fəaliyyətimizi nəzərə alaraq, alıcılarımıza məhsulları mümkün uyğun qiymətə təklif edə bilirik.
 
11 ildir ki, pərakəndə sahəsində fəaliyyət göstərərək Azərbaycan iqtisadiyyatına dəyər qatır və 7000-dən çox əməkdaş ilə hər gün 350 mindən artıq müştəriyə xidmət edirik.
 
“Araz” supermarketlər şəbəkəsi olaraq, əhalinin ərzaq təminatı ilə bağlı səylərimiz, sosial sahədə gördüyümüz işlər və məşğulluğun artmasına verdiyimiz töhfələr səmərəli və cəmiyyət üçün dəyər yaradan fəaliyyətimizin bariz nümunəsidir”.
Tarix: 7-05-2022, 21:18
Xəbəri paylaş





Xəbər lenti