Deputat: “Məşğulluq Agentliyinin “1000 nəfər işə düzəlib” statistikasının 900 nəfəri yalandır”


“Dövlət Məşğulluq Agentliyinin xidmətindən mən də narazıyam. Mənə ünvanlanan məktubların xeyli hissəsi məşğulluqla bağlı olub. Bu günə qədər Məşğulluq Agentliyindən razı qalan vətəndaşa hələ rast gəlməmişəm. Çətin ki, gələk. Məşğulluq Agentliyinin fəaliyyətində ciddi dönüşə nail olmaq lazımdır. Yanaşmalar doğru deyil, Qanunvericilik səviyyəsində də müəyyən boşluqlar var. Bu boşluqların doldurulması üçün bir neçə dəfə təkliflə çıxış etmişəm. Bu yaxınlarda təkliflərimi yenə səsləndirəcəyəm. Məşğulluq Agentliyi, ümumiyyətlə, qarşısına qoyulan vəzifəni həyata keçirə bilmədi. Bu Agentliyin yaradılmasında məqsəd vətəndaşların işlə təmin olunması, ehtiyaclarının ödənilməsi, məşğulluqlarını yaratmaları idi. Həqiqətən bunun çərçivəsində xeyli addımlar atıldı. İnsanlara mal-heyvan paylanıldı, müəyyən avadanlıqlar verildi, məşğulluq üçün şərait yaradıldı. Amma bütün bunların 100-dən 90-ı özünü doğrultmur”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
 
“Heyvanı alan aparıb satır, sonra adını qoyur ki, mənə xəstə heyvan verilmişdi. Məsələ xəstə heyvanda deyil. Müəyyən yerlərdə vətəndaşa xəstə heyvan verilə bilər. Bunları istisna etmirəm. Amma bəziləri mal-heyvanı alır, səhəri günü bazara çıxarırlar. Bəzən elə olur ki, vətəndaş Agentlikdən mal, qoyun tələb edir. Axı bu, Agentliyin günahı deyil. Vətəndaş heyvanı alıb, satmaq istəyir, heç onun mal, qoyun saxlamaq fikri də yoxdur. Lakin elə insanlar var ki, onlar doğrudan da heyvan saxlamaq istəyirlər, amma Agentlikdən bunu ala bilmirlər. Təzadlı məqamlar çoxdur. Bunun hansısa yolunu tapıb, vətəndaşlara xidmət göstərmək lazımdır”, - deputat bildirib.
 
R.Nurullayev vurğulayıb ki, hazırda Məşğulluq Agentliyində göstərilən xidmətlərin səmərəliliyi yoxdur: “İnsanlar buna dövlətin yardımı kimi baxır, üç-dörd ay sonra özünüməşğulluq yoxa çıxır. Kifaytə qədər insan tanıyıram ki, özünüməşğulluqla məşğul olmaq istəyir. Lakin bunun üçün lazım olan avadanlıqları ala bilmirlər. Kim səs-küy salır, onlara verilir. Məsələn, hansısa şəhid ailəsinə, qazilərə verilir. Mən onları qınamıram. Amma eləsi var, on qoyunu aparıb otarmaq da istəmir axı. Bir aydan sonra deyir “aparıb satım, pula çevirim”. Yəni ona görə də xidmətin səmərəliliyi yoxdur. Xeyli addım atılmalı, müzakirə olunmalıdır ki, xidmətin səmərəliliyi artırılsın”.
 
Deputat deyib ki, vətəndaşların işlə təmin olunmasında da problem var: “Məşğulluq Agentliyi insanları iş yerlərinə göndərir, vətəndaş gedib görür ki, iki aydır, artıq həmin iş yeri tutulub. Agentlik isə qeydə alır ki, guya filankəs işlə təmin olundu. Agentliyin verdiyi “1000 nəfər işə düzəlib” statistikasının 900 nəfəri yalandır. Onlar işlə təmin olunmayıblar, sadəcə, adlarının qarşısına işarə qoyublar ki, guya “təmin olundu””.
Tarix: 4-11-2022, 08:22
Xəbəri paylaş





Xəbər lenti