Məmur yeyintilərinin dağıtdığı AİLƏLƏR - ARAŞDIRMA

Məmur yeyintilərinin dağıtdığı AİLƏLƏR
Ailə kiçik dövlətdir və onun möhkəmliyi sakini olduqları dövlətdəki vəziyyətdən asılıdır. Yəni sağlam ailənin olması üçün sağlam idarəetmə, şəffaf iqtisadiyyat, yüksək gəlirlilik səviyyəsi, sosial rifah əsas şərtlərdəndir.

Azərbaycanın bu istiqamətdə gördüyü işləri sadalamaqla bitməz. Ona görə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə baxmaq kifayətdir.

Çünki növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:

1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Son 2 punktla bağlı işlər davam etdirilir. Lakin ilk 3 bəndin məmurlar tərəfindən icrası müəyyən şübhələr doğurur.

– Rəqabətli iqtisadiyyatın təminatı üçün ölkədə monopoliya olmalı deyil. Əfsus ki, Azərbaycanın əsas monopolistləri elə məmurlardır. Buna görə də onların Prezidentə təqdim etdiyi hesabatlar bəzən həqiqəti əks etdirmir. Ölkə başçısı da əbəs yerə özbaşına məmurlara xəbərdarlıq ünvanlamır ki. Elə struktur və kadr islahatlarının qayəsi korrupsiya ilə mübarizədir.

– Məmur özbaşınalığı və yeyinti olan yerdə cəmiyyətdə sosial ədalətin əldə olunması qəliz məsələdir. Lakin cəmiyyət ümidini hələ tam itirməyib.

Müasir innovasiyalar məkanından yox, müasir eybəcərliklərdən bəhs etmək istəyirik. İcrası axsadılan sosial paketlər Azərbaycan cəmiyyətində qorxunc mənzərə yaradıb.

Sosial fəlakət

Sosial fəlakət Afrikada, Hindistanda bəzi tayfaların acından ölməsi ilə çərçivələnmir. Bu bəlanın səbəbləri də müxtəlifdir:

– Bir ölkənin müharibə və terrorlar yuvası olması;

– Hansısa güclü dövlətin koloniyası kimi laboratoriya funksiyası daşıması;

– Narkomaniyanın artımı;

– Kriminal durumun pisləşməsi;

– Alkoqolizmin çoxalması;

– Doğuşların azalması, qocalma səviyyəsinin artan tempi;

– Boşanmaların günaşırı xarakter alması;

– Minimum əmək haqqının aylıq xərclərə nisbətdə azlığı;

– İşsizlik səviyyəsi və s.

• Yaxşı ki, Azərbaycan terror yuvası deyil və işğalçı qonşusu ilə savaşda qələbə qazanıb.

• Ölkəmiz hansısa hegemonun laboratoriyası da deyil.

• Azərbaycanda narkomaniya artıb. Hətta bəzi şayiələrə görə “patı epidemiyası” bəzi ölkələrin buradakı 5-ci kolonu olan məmurların nəzarətindədir. Mən hələ Azərbaycanda patı hazırlanan zavodun olması barədə dedi-qodudan danışmıram. Məqsədlər arasında yetişən gəncliyin zombiləşməsi, onların cəmiyyətə yararsız fərd olması, kimlərinsə aludəçiliyi hesabına varlanmaq və başqa məqamlar var. Hər halda mövcud reallıq hansısa ailələrin dağılmasına gətirir.

• Kriminal durum, qarət və qətllərin artması sosial çətinlik, sərfəli iş yerinin olmaması və müəyyən aludəçiliklərlə bağlıdır. Yoxsa kimsə kiminsə evini niyə soysun ki? Cinayətin bütün rəngləri qorxunc və qəbuledilməzdir. Lakin narkomanların soyğunu daha təhlükəlidir. Çünki onlar 10 manata görə də kimisə bıçaqlaya, ülgüclə xəsarət yetirə bilərlər. Gecə saatlarında küçəyə çıxmaq təhlükəli xarakter alıb. Sanki Azərbaycan 90-nın əvvəllərini təkrar yaşayır. Bakıpətrafı qəsəbələrdə gecə gəzintiləri isə lap qorxuludur. Hansısa dalandan patı zombisinin çıxıb-çıxmayacağından heç kim sığortalanmayıb. Bəli, camaat küçə itlərindən çox onlardan ehtiyatlanır. Hər halda mövcud reallıq hansısa ailələrin dağılmasına gətirir.

• Alkoqolizm pulun çoxluğundan deyil. Filmlərdən birində sevimli aktyorumuzp Yaşar Nuri demişkən, “biz guya kefimizdən içirik?”.
İnsanlar bu yolla pulsuzluq, işsizlik, ailə münaqişəsi və s. problemləri unutmağa, ovunmağa çalışırlar. Alkoqolizmin özü də həyat yoldaşları arasında soyuqluq və nifaq zəminidir.

• Azərbaycanda doğuş sayını COVID-19 pandemiyası da çox azalda bilmədi. Bəzi deputatların təbirincə desək, “uşaq pulu verilsə, doğuşlar artacaq ki, əhalinin kəskin artımından qorunmaq lazımdır”. Bəli, bəzi “azərbaycanlı”lar azərbaycanlıların çoxalmasını istəmir. Uşaq pulunun olmaması da hansısa ailələrdə sosial çətinliklərdir ki, bu da müəyyən çatlar yaradır.

• Bütün bunlardan dolayı, Azərbaycandakı boşanmaları qohum evliliyi, filana bağlamaq psixoloq acizliyidir. Çünki səbəb çoxdur. Ən başlıcası sosial təminatdır.

• Daha əvvəl də dediyimiz kimi minimum əmək haqqı 300 manat olduğu halda aylıq xərclərin 392 AZN olması sosial problemdir.

• Məşğulluq, işlə təminat da elan olunan statistikalardan fərqlidir. Sürücülük vəsiqəsi olan az qala hamı taksi xidməti göstərir.

Sosial fəlakət ailələri dağıdır və iyrənc addımların əsasını qoyur. Psixoloji gərgin insanlar hər gün eyni problemlərdən bezir, təskinlik tapmaq istəyir. Ən ideal halda, həyat yoldaşları stresdən çıxmaq üçün birgə həftəsonu istirahətinə, pul çatmasa, kinoya, gəzintiyə çıxırlar. Ən pis halda kişilər təsəlli üçün patı, araq, başqası ilə intimə yollanırlar. Qadınlar da rəfiqələrilə dərdləşməyə gedirlər. Bu qeybətləşmələrin əksəriyyətinin sonu isə qadınların da ərindən başqa biri ilə görüşməsinə gətirir.

Bunun hamısı sosial fəlakətə aiddir. Sosial fəlakətin əsas səbəbkarları isə rüşvətxor məmurlardır. Onlar Azərbaycanda əsrlər boyu formalaşan ailə mədəniyyətini yıxırlar. Onlar elə dövlətin də əsas sütünlarındakı çatları yaradanlardır.

KONKRET.az-ın Araşdırma Qrupu
Tarix: 11-11-2022, 17:56
Xəbəri paylaş





Xəbər lenti