Bakıda döyüş meydanını xatırladan yollar – Fotolar


Milli Ordumuz ermənilərin 30 illik “əsəri” olan “Ohanyan” xəttini bir neçə günün içində yarıb, keçə bilsə də, milli mətbuatımız aylardır ki, “Binəqədi İH – Bələdiyyə - AAYDA xətti”ni yarıb keçə bilmir. Həmin o “keçilməz xətt” Binəqədi rayonunun Biləcəri qəsəbəsində - qəsəbədaxili yollarda yerləşir.
Bu “xətt”in yarıla bilməməsi isə media resurslarımızın zəifliyindən yox, sapı özümüzdən olan baltaların həmin qurumlarda post tutaraq, özlərini eşitməzliyə, görməzliyə vurmasından, özlərini qəsəbə sakinləri kimi azərbaycanlı hesab etməməklərindən qaynaqlanır.
Biləcəri qəsəbəsinin sakinləri hər payız, qış fəsli gələndə, yollarda yaranan su girdablarından, gölməçələrdən, kələ-kötür, keyfiyyətsiz yollardan ciddi əziyyət çəkirlər - əgər o yerlərə yol demək olarsa.
Elə bu problem ucbatından sakinlər dəfələrlə ölkənin məşhur telekanallarına müraciətlər edib, onlar da gəlib çəkiliş aparıblar, aidiyyəti qurumlara sorğu veriblər, amma necə deyərlər, yatan divi oyada bilməyiblər. Çünki “div” yatmayıb, sadəcə özünü yuxuluğa vurub.
Qəsəbə sakinlərinin sözlərini keçirə bilmədiyi, məqami-şəriflərinə uzana bilmədiyi, mətbuatın yetərsiz qaldığı Binəqədi İcra Hakimiyyəti, qəsəbə bələdiyyəsi və AAYDA (Avtomobil Yolları Dövlət Agentliyi) görünür, ölkə rəhbərliyinin bir neçə həftə öncə adıçəkilən qəsəbə yollarının yenidən təmiri üçün ayırdığı 5.3 milyon manatı öz aralarında tort kimi bölüb, üstündən də su içiblər.
Ölkə rəhbərliyinin Biləcəri, Xocasən və 28 May qəsəbələrində yolların yenidən əsaslı təmiri üçün ayırdığı 5.3 milyon manat vəsait AAYDA-ya verilib. Bu qurum Biləcəri qəsəbəsinin əsas magistral yollarını asfalt örtüyü ilə təmin etsə də, daxili məhəllə yolları üçün heç bir tədbir görməyib. Soruşanda da bildirirlər ki, onlara bələdiyyədən belə bir tapşırıq gəlməyib. Bu söhbətdən belə çıxır ki, sadəcə “gözəbatan” yollar asfaltlanmalıdır, məhəllə yolları su altında qalsa da olar.
Özünə qondarma “Binəqədi respublikası” quran İcra Hakimiyyəti isə ümumiyyətlə telefonlara çıxmır, buna tənəzzül belə etmir. Bu qurumun rəhbərliyi hələ bir dəfə də olsun, gəlib məhəllə sakinlərinin dərdi ilə maraqlanmayıb, problemlərini soruşmayıb. AAYDA məhəllədaxili yollar barəsində bələdiyyədən hər hansısa tapşırıq verilməməsini səbəb gətirir. Yaxşı, bəs bələdiyyə nəyin arxasına sığınır? Görünən odur ki, burada “yetim quzu”ya dönən elə bələdiyyənin özüdür.
Biləcəri qəsəbəsinin bələdiyyə sədri Etibar Cabbarov iki həftə öncə bölgəyə gələn çəkiliş qrupuna müsahibə verərək bildirmişdi ki, məhəllədaxili yollara asfalt örtüyü çəkiləcək, zibil qutuları yerləşdiriləcək.
Ancaq gəl gör ki, belə qətiyyətlə danışan bu şəxs hələ bir dəfə də olsun həmin yola baxış keçirmək, insanları dinləmək üçün əraziyə gəlməyib, elə o da icra başçısı kimi öz xidməti avtomobilini məhəllənin palçıqlı yollarına sürmək, təmiz ayaqqabısını və səliqəli geyimini belə yerlərdə çirkaba batırmaq istəmir.
İki həftə öncə mətbuatı bəzəkli cümlələrlə yola verən bələdiyyə sədri çox güman ki, indi başının dinc olduğu qənaətindədir. Ancaq onun başının dinc olması, qəsəbə sakinlərinin problemini həll etmir. Biləcəri qəsəbəsinin yolları isə indi ikinci "ohanyan xətti”ni xatırladır.
Bizimyol.info
Tarix: 12-11-2022, 09:19
Xəbəri paylaş





Xəbər lenti