Ağdamda ekoloji təmiz məhsul istehsalının təşviqinə həsr olunmuş seminar keçirilib- FOTOLAR


2022-ci ilin noyabrın 11-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “ Qarabağ İqtisadi Rayonunun fermerləri arasında “ekoloji təmiz məhsul “ istehsalının təşviqi”layihəsinin icra planına uyğun olaraq Ağdam rayonunda 25 nəfər fermer üçün seminar təşkil edilib.
Seminar Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində baş tutub.
Əvvəlcə, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Nəzərov seminarı giriş nitqi ilə açaraq qonaqları salamlayıb və sözü Ekoloji İnformasiya İctimai Birliyinin sədri, layihə rəhbəri Musa Muradlıya verib.
Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlının təklifi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Layihə rəhbəri Musa Muradlı bildirib ki, Ekoloji İnformasiya İctimai Birliyinin həyata keçirdiyi “ Qarabağ İqtisadi Rayonunun fermerləri arasında “ ekoloji təmiz məhsul “ istehsalının təşviqi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ağgentliyinin maliyyə yardımı ilə icra olunur. Layihə çərçivəsində Qarabağ İqtisadi Rayonunun 4 rayonunda- Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarının hər birində 25 fermerə seminarların təşkili, fermerlər üçün ekoloji cəhətdən daha faydalı məhsulların təşviqi nəzərdə tutulub. Musa Muradlı qeyd edib ki, indi ekoloji məhsul istehsalının təşviqinə ehtiyyac böyükdür. Buna görə də həyata keçirilən layihənin ideyasına önəm verilib
Layihənin eksperti ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev ekoloji təmiz məhsul anlayışına aydınlıq gətirib. Dünyada ekoloji təmiz məhsul istehsalına bir çox ölkələrin üstünlük verdiyini deyib.Ekoloji təmiz məhsul yetişdirilməsinin aktuallığından danışan ekoloq Xosrov Musayev bildirib ki, kimyəvi tərkibli üzvi maddələrdən istifadə insan sağlamlığına zərər vurmaqla yanaşı torpağın da mikroorqanizmilərini məhv edir. Torpağın məhsuldarlığı tədricən azalır. Ekoloji təmiz kənd təsərrüfatı isə ətraf mühitin təbii ehtiyyatlarından istifadə etməklə həm torpağın mineral ehtiyyatlarını artırmaq olar, həm də sağlamlığı möhkəmləndirən məhsulların yetişdirilməsinə nail olmaq mümkündür.
Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Nəzərov çıxışında ekoloji təmiz məhsul istehsalının aktuallığından danışıb, layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Bölgə fermerlərini ekoloji təmiz məhsul istehsalı istiqamətində daha böyük aktivlik göstərməyə səsləyib, seminar iştirakçılarına mövzü ilə bağlı lazımi tövsiyyələr verib.

Ağdamlı fermerlər də ekoloji təmiz kənd təsərrüfatı məhsulların istehasalı barədə müzakirələrdə fəallıq nümayiş etdiriblər. Onlar da həyata keçirilən layihədə qarşıya qoyulan vəzifəni yüksək qiymətləndiriblər. Layihənin komanda heyətinə uğurlar arzulayıblar.
Çıxışlardan sonra seminarın gündəliyinə uyğun olaraq çay süfrəsi arxasında müzakirələr aparılıb. İştirakçılara dəftərxana ləvazimatları, bloknot, qələm, qovluqlar, habelə təşviqat materialları, bukletlər paylanılıb.
Seminar xoş əhvali-ruhiyyə ilə başa çatıb.





Tarix: 13-11-2022, 16:20
Xəbəri paylaş





Xəbər lenti