“7 milyon yola pul ayrılıb, haram xoşunuz olsun”


Yağış yağdısa Ramana qəsəbəsinin sakinləri təmiz ayaqqabıya həsrətdir. Bu palçıqlı yollar qaloşsuz keçilməz olur. Yağış və qrunt suları çökəkliyə dolaraq gölməçə yaradır. Ramana qəsəbəsi, Rəsul Rza küçəsinin sakinləri deyir ki, sonuncu dəfə yollara asfaltı 2011-ci ildə öz hesablarına çəkiblər. 
“5 ildir çalışırıq ki, bu yola bir tədbir görülsün. Çünki körpələr, uşaqlar var. Bağçaya, məktəbə gedirlər, əziyyət çəkirlər. Mən 68 yaşında insan hər səhər tezdən dururam, övladlarımı maşına mindirib, 1 kilometr aparıb avtobusa mindirirəm. Axşam da gedib qarşılayıram. Mənə bu lazımdır? Mən bunun üçün döyüşmüşəm? Bunun üçün can qoymuşam?”, – Arif Nəbiyev sual edir.
“Uşağımızı məktəbə göndəririk. Palçıqlı gedir sinifə girir, palçıqlı gəlir. Hər gün yuyulmaq üçün nə qədər paltar yığılır. Fəhlə sinfi indiki dövrdə, indiki zəmanədə nə etməlidir ki? Yuxarıda oturan məmurlarımız istifadə edir, prezidentin əmrinə tabe olmurlar”, – Şamama Məmmədova deyir.
“Biri var ayaqqabını bir il geyinəsən, biri də var bir ay geyinəsən. Heç bir ay da getmir. Vallah, bu yaşda mən ayaqqabı yumaqdan ölmüşəm”, – qəsəbə sakini Novruz Əsədov deyir.
2019-2023-cü illəri əhatə edən regionların sosial iqtisadi inkişafı dövlət proqramında qəsəbələrararası,
qəsəbədaxili avtomobil yollarının tikintisinin və yenidən
qurulmasının davam etdirilməsi üçün büdcə ayrıldığı göstərilir. Ölkə başçısı İlham Əliyevin 2022-ci ildə imzaladığı sərəncama görə, Sabunçu rayonu üzrə avtomobil yollarının yenidən qurulması məqsədilə 7,5 milyon (yeddi milyon beş yüz min) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Qəsəbə sakinləri deyir ki, yolları təmir etmək bir yana qalsın, “Azərsu” ASC burada su xətti çəkdiyindən olan-qalan asfalt örtüyünü də dağıdıb. 
“Hamısı bunların işidir. Amma boynundan atır, deyir, biz eləməyəcəyik. Yalandan gətirib yarım maşın qum tökürlər. Qumla iş getmir. Biz istəyirik, yolumuzu təmir edib versinlər”, – Şamama Məmmədova deyir.
“Yığırsan o pulu, heç olmasa mənim yolumu düzəlt. Haram xoşun olsun. 7 milyon pul ayrılıb,  hanı bu pul? Kim yeyib bu pulu? Mən pensioner, müharibə veteranı cəmisi aldığım 268 manatdır. Bununla mən necə dolanım? Nətər əyin-başımı alım, uşağımı dolandırım?”, – Arif Nəbiyev soruşur. 
“Çölə çıxa bilmirik. Xəstəmiz olur, təcili yardım gəlib tapa bilmir. Uşaqlar məktəbə gedə bilmir. Taksi tuturlar, yola salırlar, ancaq taksi də gəlib çıxmır. Deyir, mən bu suyun içindən necə çıxım?”, – Təzəgül Əliyevanın sözləridir.
Sabunçu Rayon İcra Hakimiyyətinin Ramana inzibati ərazi dairəsi üzrə nümayəndəliyi bildirir ki, Avtomobil Yolları Dövlət Agentliyi yolların tikintisi ilə məşğuldur.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti Anar Nəcəfli isə deyir ki, Bakı şəhərinin qəsəbədaxili yolları qurumun balansında deyil. Həmin yolların tikintisi yerli icra hakimiyyəti və bələdiyyələrin təqdimatı əsasında baş tutur. 
Hər gün bu yoldan istifadə etməli olan Ramana sakinləri problemləri üçün indi başqa yollar axtarır. Qəsəbə camaatı daha yüksək qurumlara – Prezident Administrasiyasına şikayət edəcəklər.

Tarix: 20-11-2022, 13:30
Xəbəri paylaş





Xəbər lenti