İcra Hakimiyyətləri vətəndaşların yox, tikinti şirkətlərinin maraqlarına xidmət edir - FAKT BUDUR!

İcra Hakimiyyətləri vətəndaşların yox, tikinti şirkətlərinin maraqlarına xidmət edir
Paytaxtın Sabunçu rayonu, Xəstəxanayanı küçəsinin sakinləri narazıdırlar. Səbəb sözügedən ərazidə ev 39, 41 və 43 ünvanlarında aparılan söküntü işlərinə görə sakinlərə ödənilən kompensasiyanın azlığıdır. Bu barədə KİV-də məlumat yayılıb. Bildirilir ki, sökülməsi planlaşdırılan evlərin yerində yeni çoxmərtəbəli yaşayış binaları tikiləcək. Bu kimi hallarda olduğu kimi sakinlərə müvəqqəti yaşayış üçün kirayə mənzillərdə qalmaq, tikinti başa çatdıqdan sonra isə yeni binada mənzillə təmin edilmək vəd edilir. Deyilənə görə, vətəndaşlara aylıq 300 manat kirayə haqqı təklif edilir.

Bu məbləğlə razılaşıb mənzillərini tərk edənlər də var, razılaşmayanlar da. Köçmək istəməyən vətəndaşlarla danışıqlar aparılır. Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, paytaxtın digər ərazilərində olduğu kimi Sabunçu rayonunda da istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsi və binaların sökülərək yerində yeni çoxmənzilli binaların inşa edilməsi istiqamətində işlər aparılır:

“Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanlarında yerləşən yaşayış binalarından sakinlərin köçürülməsi və sökülməsi işlərinə başlanılıb. Bina sakinlərinin qarşılıqlı razılıq əsasında həmin binaların yerində müasir standartlara uyğun olaraq yeni inşa ediləcək çoxmənzilli yaşayış binalarından tam təmirli mənzillərlə təmin edilməsi, mənzildən imtina edən sakinlərə isə müvafiq kompensasiyaların verilməsi nəzərdə tutulub. Hər kvadrat metrə görə sakinlərə min manat ödənilməsi nəzərdə tutulub”. Bəzi sakinləri narazı salan da elə budur – hər kvadrat metrə görə 1000 manat ödənməsi. Oxu.az saytına şikayət edən sakinlərdən biri Telman Tağıyev bu barədə danışaraq deyib ki, verilən kompensasiya onları qane etmir: “Heç bir sənəd təqdim etmədən söküntüyə başlayıblar. Bəzi vətəndaşlar ərazidə yeni bina inşa ediləcəyini zənn edərək, aylıq 250 manat kirayə haqqı alıb, evlərdən çıxırlar. Amma indi onlara deyilir ki, sökülən binanın yerində yaşayış binası tikilməyəcək”. Sakin mənzillərin heç bir xəbərdarlıq edilmədən uçurulduğunu deyib: “Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən heç bir məlumat verilmir. Evlərin kvadratına görə tam hesablanma aparılmır”. Sabunçu Rayon İcra Hakimiyyəti isə deyilənləri təkzib edib. “İlk olaraq Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yaşayış üçün təhlükəli olduğu müəyyən edilərək, binalarda gücləndirmə və əsaslı təmir işlərinin aparılmasının məqsədəmüvafiq olmaması barədə aktlar tərtib edilmiş Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanlarında yerləşən yaşayış binalarından sakinlərin köçürülməsi və sökülməsi işlərinə başlanılıb.

Bina sakinlərinin qarşılıqlı razılıq əsasında həmin binaların yerində müasir standartlara uyğun olaraq yeni inşa ediləcək çoxmənzilli yaşayış binalarından tam təmirli mənzillərlə təmin edilməsi, mənzildən imtina edən sakinlərə isə müvafiq kompensasiyaların verilməsi nəzərdə tutulub. Xəstəxanayanı küçəsi, ev 41, mənzil 13 a ünvanında yaşayan vətəndaş Telman Tağıyevin şikayətinə əsasən, nəzərinizə çatdırırıq ki, müraciət müəllifinin yaşadığı mənzilin sahəsi həm Bakı Şəhər İcra Hakimiyyətindən təqdim olunmuş sənədlərdə, eləcə də yerində aparılan ölçü işləri zamanı 33,10 kv.m qeyd olunub.

Sahəsinə uyğun olaraq ona müvafiq kompensasiya ödənilməsi təklif olunub. Bundan başqa, sökülməsi nəzərdə tutulan binaların yerində yeni inşa ediləcək binadan yaşadığı mənzilin mövcud sahəsindən 20 faizədək artıq sahəsi olan tam təmirli mənzil də ona təklif olunub. Lakin vətəndaş T.Tağıyev mənzilin faktiki sahəsindən başqa, heç bir mülkiyyət hüququnu təsdiq edən sənədi olmayan, əlavə tikililərin də (54,60 kv.m) hesablanmasını tələb edir. Ona dəfələrlə lazımi izahatlar verilib ki, qeyd olunan işlərin başa çatdırılması üçün dövlət tərəfindən ayrılan maliyyə vəsaitində sənədsiz əlavə tikililər üçün vəsaitin ödənilməsi nəzərdə tutulmayıb”, - qurumdan qeyd edilib.
“Əmlak Ekspert Mərkəzi”nin rəhbəri Ramil Osmanlı “Şərq”ə açıqlamasında bildirib ki, cənab Prezidentin fərmanına uyğun olaraq evləri sökülən, mənzillərindən köçürülən vətəndaşlara 20 faiz əlavə kompensasiya ödənməlidir:
- Təəssüf ki, vətəndaşların çoxu bu fərmandan, orada vətəndaşların hüquqlarının təminatından, Fərmanın məhz vətəndaşların mövqeyini müdafiə etdiyindən xəbərsizdir. Hər kvadrat metrə görə 1000 manat ödənməsi, əmlakın alqı-satqı dəyəridir.

Amma harada, hansı ünvanda, neçə kvadrat metrlik yaşayış sahəsində yaşamalarından asılı olmayaraq vətəndaşlara bu tip söküntülər zamanı əlavə olaraq 20 faiz dəyərində kompensasiya ödənişi edilir. Yəni edilməlidir. Vətəndaş tutalım bunu bilmir, Fərmandan xəbərsizdir. İcra Hakimiyyəti ki bilir. İH vətəndaşların mövqeyindən çıxış etməli, vətəndaşın hüquqlarını qorumalıdır, Prezidentin fərmanına əməl edərək. Lakin təəssüf ki, bəzən biz İH-lərinin tikinti şirkətlərinin maraqlarına xidmət etdiyini görürük. Vətəndaşlar yaxşı olar ki, imzalanan fərmanlardan, sərəncamlardan xəbərdar olsunlar. Hüquqlarını tələb etsinlər.

R.Osmanlı qeyd etdi ki, mənzil sahəsi 33.10 kv.m. olan sakinin mənzilinin ölçüsü fərmana uyğun olaraq 20 faiz artıq – təxminən 42 kv.m. hesablanmalıdır:

- Hesab edirəm ki, kirayə haqqı da ədalətli, optimal rəqəm deyil. Aylıq kirayə pulu hazırkı şərtlər nəzərə alınmaqla minimum 400 manat olmalıdır. Bəzən mənzillərin uçuq-sökük, istismar müddətini başa vurmuş olması, paytaxtın mərkəzi hissələrindən kənarda yerləşməsi bəhanə gətirilərək kirayə haqqı və mənzillərin alqı-satqısı aşağı qiymətlərlə aparılır. Bu, düzgün deyil və qanuna ziddir. Vətəndaşın harada, necə yaşaması onun öz hüququdur. Lakin hansısa tikinti şirkəti ərazidə söküntü aparıb orada müasir yaşayış binası, yaşayış kompleksi tikir və bundan mənfəət əldə edirsə, vətəndaşın mənfəətini də nəzərə almalı və sakinləri razı salmalıdır. Ümumiyyətlə, hökumətin strategiyası belədir ki, söküntü işləri zamanı nağd ödəməyə deyil, əvəzlənməyə - mənzil əvəzinə mənzil variantına üstünlük verilsin.

Çünki nağd ödənişlər zamanı sonradan bir sıra problemlər üzə çıxırdı.

Vətəndaş nağd pulu başqa məqsədlər üçün istifadə edir, sonra isə məhkəməyə müraciət edib ödənilən məbləğin azlığından şikayətlənir, kompensasiya tələb edirdi. Bu isə həm məhkəmələrin yükünü artırır, həm də dövlət büdcəsinə zərər verirdi. Lakin əvəzlənmə variantı da bəzən uyğunsuz olur. Sakinə 3 otaqlı mənzil əvəzinə, yeni binada bir qədər geniş ölçüdə 2 otaqlı mənzil təklif edilir. Yaxud da tikinti şirkətləri hiyləgərlik edərək satış üçün nəzərdə tutulan mənzillərin ölçüsünü böyük, əvəzlənmə edəcəkləri mənzilləri isə kiçik ölçülü inşa edirlər.

Tikinti şirkətlərinin mənfəət əldə etməsi nə qədər başa düşülən və qəbul olunandırsa, sakinlərin hüquqları istənilən halda üstündür. Sakinlər tamamilə haqlı olaraq köhnə mənzilini tərk etməyə bilər, nə qədər ki, istədiyi formada ona kompensasiya ödənməyib. Vətəndaşın harada, hansı şəraitdə yaşaması onun müstəsna hüququdur. Əgər kimsə köhnə binanın yerində yeni bina tikmək istəyirsə, öncə vətəndaşı razı salmalıdır.
Tarix: 25-11-2022, 09:44
Xəbəri paylaş





Xəbər lenti