Tədbirlər yanacağın istehsalı və ya idxalından istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələləri əhatə edəcək “SOCAR Petroleum” QSC-nin müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının müdafiəsinin təmin olunması, məhsul və xidmətlərin təqdim edilməsi zamanı keyfiyyət tələblərinə riayət olunması məqsədilə ölkə ərazisində satılan yanacağın keyfiyyət və həcm normativlərinə əməl edilməsi üzrə nəzarət tədbirlərinə başlayıb. Xidmətdən AYNA-ya verilən məlumata görə, Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və Azərbaycan Standartlaşdırma İnstitutu (AzStand) tərəfindən “SOCAR Petroleum” QSC-yə məxsus neft terminalları və yanacaqdoldurma məntəqələrində (YDM) yanacağın keyfiyyəti və buraxılış həcmləri üzrə yoxlama tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu çərçivədə saxlanma və daşınma da daxil olmaqla, satış zəncirində yanacağın keyfiyyətinin müəyyən edilmiş normativlərə uyğunluğunun müəyyənləşdirilməsi, həmçinin YDM-lərdə satış zamanı istismar olunan ölçmə vasitələrinin metroloji yoxlanılması və digər müvafiq fəaliyyətlərin icra olunması planlaşdırılır. İstehlakçı hüquqlarının qorunmasına xidmət edən bu tədbirlər yanacağın istehsalı və ya idxalı prosesindən başlayaraq istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələləri əhatə edəcək.